Brayzanın səfir olacağı sual altında?
 |
Senatorlar onun hətta "toy xərcləri"nə də diqqət yetiriblər
Şənbə, 24.07.2010
|
|
Vaşinqtonda Senatın Xarici Əlaqələr Komitəsində prezident Barak Obamanın Azərbaycana səfir vəzifəsinə namizədliyini irəli sürdüyü Metyu Brayzanın namizədliyi üzrə dinləmələr nikbin atmosferdə başlayıb. Dinləmələr Bakı vaxtilə gecədən keçmiş başa çatıb. Metyu Brayza mürəkkəb və dolaşıq suallara cavab verərək senatorlarla dueli uğurla başa çatdırıb. Əsas məsələyə cavab - onun səfir postuna təsdiq olunub-olunmayacağı bir-iki həftədən sonra məlum olacaq.
Onunla yanaşı, ABŞ-ın Bosniya və Herseqovina, İslandiya və Yunanıstana səfirliyə namizədləri dindirilib. "Turan"ın məlumatına görə zalda əsas diqqət Azərbaycana yönəlib. Elə çıxış üçün ilk söz də Brayzaya verilib. O, dinləməyə həyat yoldaşı Zeyno Baranla birlikdə gəlib.
Bundan əvvəl isə dinləmələrə rəhbərlik edən senator Ceanne Shaheen namizədlərin diqqətinə çatdırıb ki, onların səfir göndəriləcəyi Avroatlantik regionu ABŞ üçün çox vacibdir. Belə ki, uzun illər bu bölgə Vaşinqtonun xarici siyasətində mühüm xətt təşkil edir. Regional problemlər sırasında xanım Shaheen Türkiyə-Kipr mübahisəsi və Qarabağ münaqişəsinin adını çəkib. NATO müttəfiqi olan Türkiyənin Avropanın enerji təhlükəsizliyinə töfhəsi də ABŞ üçün mühüm əhəmiyyət daşıyır.
Brayzanın namizədiyinə güclü dəstək komitənin həmsədri, senator Riçard Luqardan gəlib. O, dinləmənin əvvəlində Azərbaycana təyinat üzrə xüsusi bəyanatla çıxış edib və qeyd edib ki, ölkə Xəzər regionunda Birləşmiş Ştatlar üçün vacib rol oynayır. Həm də Mərkəzi Asiya enerji bazarına açılan qapıdır. Luqara görə, bu təyinat ABŞ-ın milli təhlükəsizlik maraqlarına cavab verir.
Brayza da çıxışında Azərbaycanın əhəmiyyətindən danışaraq, ABŞ-ın ənənəvi prioritetlərini sadalayıb: təhlikəsizlik, enerji və demokratik islahatlar. Azərbaycanın İranla həmsərhəd olması, müsəlman ölkə kimi, Avropa ilə Asiyanın arasında yerləşməsi ilə regionda mühüm ölkədir. Bu gün Əfqanıstana dəstəyi və İraqda mövcudluğu ilə Azərbaycanın ABŞ-a təhlükəsizlik sahəsində sadiq müttəfiq olduğunu göstərir.
Brayza Azərbaycanın İsraillə münasibətlərini xüsusi qeyd edib, səfir kimi təsdiqlənəcəyi halda Qarabağ münaqişəsinin nizamlanması, "Nabucco" layihəsinin reallaşması, korrupsiya ilə mübarizə, media azadlığı da daxil olmaqla insan haqları istiqamətində çalışacağını vəd edib.
Bu çıxışdan sonra sədr Ceanne Shaheen diqqəti ona yönəldib ki, son günlər Senata Brayzanın keçmiş fəaliyyəti ilə bağlı narahatlıq mesajları daxil olub. Bunların arasında onun şəxsi həyatı və Azərbaycan rəhbərliyinə çox yaxın olması barədə narahatlıqlar yer alır.
Brayzanın bu mesajlara cavabı belə olub ki, son 22 ildə ABŞ diplomatı olaraq, fəaliyyətində obyektiv və ədalətliliyi üstün tutub:
"Mən sülh nizamlanması üzrə gərgin çalışmışam. Sözsüz ki, münaqişə tərəfləri ilə sıx təmaslar saxlayırdım ki, onları sülhə cəlb edim. Bu mənim diplomatik fəaliyyətimlə əlaqədardır. Həm Azərbaycan, həm də Ermənistan liderləri ilə münasibətlərim yalnız professional qaydada olub - biz birlikdə çalışmışıq. Mediada mənim şəxsi həyatımla bağlı yazılalardan narahatlıq əsassızdır. Həyat yoldaşım Zeyno "Hudson" İnstitutunun əməkdaşı olaraq, bu region üzrə və beynəlxalq münasibətlər, sülh, demokratiya üzrə çalışıb. Bizim çox gözəl toyumuz olub. Ora gələn qonaqlar arasında hökumət rəsmiləri, diplomatlar, hətta din liderləri və əlbəttə, Azərbaycan, Kipr, Yunanıstan, Ermənistandan olan çoxsaylı nümayəndələr olub. Yalnız onların arasında bir keçmiş nazirin adı mediada xüsusilə hallanır. Heydər Babayevin mənim toyumu maliyyələşdirməsi tamamilə yalandır".
"Nə üçün məhz sizin namizədliyiniz ətrafında bu qədər narahatlıq var?" - bu sualı ermənipərəst senator Robert Menendez Metyu Brayzaya ünvanlayıb. Brayzanın suala cavabı belə olub ki, "yəqin regionda aktiv çalışdığıma görə".
Ümumilikdə, iclasın ilk hissəsində Brayzaya ünvanlanan tənqidi sualların əksəriyyəti Qarabağ nizamlanması barədə olub. Xüsusilə də bir ay əvvəl sərhəddə baş verən atışmalar vəziyyəti çətinləşdirib. Senator Menendez deyib: o və çoxları inanırlar ki, baş verənlərdə Azərbaycan günahkardır və ABŞ Bakıya təzyiq etməlidir.
Digər suallar isə nizamlanmanın detalları və Brayzanın həmsədr qismində bu yöndə müsahibələrinin çaşqınlıq doğurması, Culfa qəbiristanlığı ətrafında baş verənlər və ABŞ-ın məsələyə gec reaksiyası, eləcə də Azərbaycan rəhbərlərinin müharibə ritorikasına lazımi cavab verməməsi olub.
Brayza tənqidlərlə razılaşmayıb. O deyib ki, bütün fəaliyyəti dövründə - Qarabağa gedəndə də, tərəflərlə görüşəndə də hamını siyasi riskə cəsarətləndirməyə çalışıb və tərəf saxlamayıb. Culfa qəbiristanlığına gəldikdə, Brayza deyib ki, vaxtilə bu məsələ qalxanda Yerevanda səslənən narahatlıqlara dərhal cavab verib. Belə ki, Azərbaycan rəsmiləri ilə əlaqə saxlayıb, problemi yoluna qoymağa çalışıb.
O söz verib ki, səfir kimi təsdiqlənsə, bu mövzu ilə bağlı səylərini davam etdirmək üçün Naxçıvana gedəcək. Həmçinin Bakıda səfir kimi çalışarsa, münaqişənin nizamlama ilə bağlı prinsiplərinin heç birini xüsusi qabartmayacaq.
Dinləmə zamanı sədr Shaheen Brayzaya həbsdəki bloggerlər barədə sual verib və vəziyyətin nə yerdə olduğunu soruşub. Brayza isə vəd edib ki, səfir olsa, bu məsələni və ümumiyyətlə, mediaya təzyiqləri və media azadlığını diqqətdə saxlayacaq. Həbsdəki bütün jurnalistlər azad olunana qədər bu məsələni gündəmdə tutacaq.
Senatda müzakirələrin ikinci turu zamanı Brayza öz şəxsi həyatı və peşə fəaliyyəti barədə suallara cavab verib.
Senatorlar Brayzaya inandımı?
Bu sualın cavabı isə yaxın günlərdə keçirilən səsvermə nəticəsində bilinəcək. Amma belə görünür, Brayza hələ bir müddət də Vaşinqtondakı erməni lobbisi ilə "vuruşmalı" olacaq.
Belə ki, Senatdakı dinləmədən dərhal sonra Amerika Erməni Milli Assambleyası açıqlama yayaraq, onun arqumentlərinin "inandırıcı olmadığını" və "bu təyinatın mümkünsüzlüyünü" bəyan edib.
Nəticədən asılı olmayaraq, Senat Komitəsindəki dinləmələr Brayzanın diplomatik karyerası fonunda həm də ABŞ-ın Qarabağ sülh prosesində, eləcə də Azərbaycanda son illər həyata keçirdiyi siyasətə yenidən işıq salıb - ermənipərəst senatorların bu qəbildən olan təkidli suallarına cavabda Brayza qanunvericiləri inandırmağa çalışıb ki, Vaşinqtonun rəsmi diplomatiyası Azərbaycanla Ermənistan siyasətçilərinin "söz güləşlərində" tərəf saxlamamaqdır. Reallıqda "ərazi bütövlüyü" prinsipi ilə "öz müqəddəratının təyini və güc tətbiq etməmək" prinsipləri danışıqlarda eyni dərəcədə əsas götürülür və bu belə də qalacaq.
İstər Cülfada erməni qəbiristanlığının sökülməsinə dair iddialar, cəbhə xəttində atışmalar, istərsə də münaqişə tərəflərinə illik maliyyə ayırmaları və 907-ci düzəlişin aradan qaldırılması məsələlərində ABŞ nə Azərbaycan, nə də Ermənistanın tərəfini saxlayır. Brayza vaxtaşırı olaraq bəzi mediada onun bəyanatlarının texniki səhvlərdə dərcinə də diqqəti çəkib.
Region liderləri ilə şəxsi münasibərlərə gəldikdə, Brayza dönə-dönə vurğulayıb ki, "Azərbaycan və Ermənistan rəhbərləri mənim tərəfsizliyimi fəaliyyətim boyunca görüblər".
Digər siyasətçilərlə əlaqələri və gəlirləri barədə ittihamlara gəldikdə, Brayza diqqəti ona yönəldib ki, Obama administrasiyası onu nominasiya etməzdən əvvəl haqqında geniş və detallı araşdırma aparıb və hər hansı qaranlıq fakt aşkarlanmayıb.
Brayza region üzrə nüfuzlu analitik kimi tanınan həyat yoldaşı Zeyno Baranın fəaliyyətinə hörmət etdiyini, amma şəxsi münasibətlərində iş həyatını ayrı tutduqlarını vurğulayıb. Çütlük bu yaxınlarda ilk övlad sahibi olublar - qızları Mayanın dünyaya gəlməsindən vur-tut 16 gün keçir.
Dinləmənin yekununda Brayza senatorlara Azərbaycanda söz azadlığından tutmuş, Qarabağ nizamlamasına qədər bir çox məsələlərdə nəticə əldə etmək üçün ciddi çalışacağını vəd edib. Lakin təsdiqlənmədən öncə diplomat əvvəlki fəaliyyəti barədə bəzi sənədləri Senata təqdim etməlidir.
Əgər namizədliyi təsdiq olunarsa, Brayzalar ailəsi tezliklə Bakıya köçəcək və burada səfiri ABŞ qanunvericiləri qarşısında götürdüyü ilk öhdəlik - bir ildir ki, tədricən soyuqlaşan, lakin təzəlikcə isinməyə başlayan ABŞ-Azərbaycan münasibətlərini dinamikləşdirmək vəzifəsi gözləyir. Brayza həm də söz verib ki, sonuncu jurnalisti həbsdən çıxana qədər söz azadlığı məsələsini Bakıda prioritet olaraq saxlayacaq.
|
|
|
Oxşar xəbərlər:
Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi
İsrail Azərbaycana yeni səfir təyin edib
"Qarabağ danışıqlardan Ermənistana görə kənarda qalıb"
Karolin Braun: "Britaniya zənginləşməkdə olan Azərbaycanı Avroatlantik məkanda görmək istəyir"
"Qarabağ danışıqları yerli siyasi ab-havaya uyğun aparılmayıb"
|
|
|