Düşmən Ağdamın təbii sərvətlərini talan edir
 |
ETSN operativ mərkəzinin aşkarladığı yeni faktlar
Şənbə, 24.07.2010
|
|
Düşmən Ağdam rayonunun təbii sərvətlərini intensiv bir şəkildə talan etməkdədir. İşğal altında qalmış Ağdam rayonunun təbii sərvətləri artıq 17 ildir talan edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dağıdıcı təsiri müəyyənləşdirən operativ mərkəzi rayon ərazisində təbii sərvətlərin dağıdılmasına dair yeni faktlar aşkar etdiyi bildirilmişdir.
ETSN mətbuat xidmətindən verilən məlumata görə, Ağdam rayonunun işğaldan əvvəl 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahəsi mövcud olub. Rayonun ümumi ehtiyatları 64863 min m3 olan mişar daşı, 140464 min ton Çobandağ əhəngdaşı, 44708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə qalıb. Rayon ərazisindən keçən ən iri çay olan Xaçınçayın uzunluğu 104 km, su toplayıcı sahəsi isə 657 kvadrat kilometrdir. Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd şərq çinarı təbiət abidəsi kimi qorunurdu.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşkar edilmiş yeni faktlara görə, işğal olunmuş ərazilərdən yaşı 400-ə çatan şərq çinarı növündən olan ağacların doğranaraq Ermənistan istiqamətində aparılması və iri gövdəli ağacların qırılaraq yığıldığı müşahidə edilib.
Bundan başqa, rayonun işğal altında olan Novruzlu, Yusifcanlı, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində 6330 hektar otlaq sahəsi erməni hərbçilər tərəfindən yandırılıb. Yanğın zamanı "Qırmızı kitab"a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahı"sına düşmüş quşlar və heyvanlar məhv olmuşdur.
Ağdamsız 17 il!..
Qarabağın azadlıq qalxanı olmuş bu şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 17 ili tamam oldu. Şəhər təxminən bir ay davam edən kütləvi hücumlardan sonra işğal olunub.
Ağdam keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədinə yaxın yerləşən aşağı Qarabağda mühüm strateji məntəqə sayılır.
Ermənistan Gəncədə polkovnik Surət Hüseynovun törətdiyi hərbi qiyam nəticəsində Azərbaycanda yaranmış qarışıq daxili siyasi vəziyyətdən istifadə edib, Ağdamı işğal etdi. Bu işdə Ermənistandan gətirilmiş hərbi hissələrə bölgədəki rus hərbi birləşmələri yaxından kömək etmişdilər.
Qəsbkarlar bu çiçəklənən şəhəri vəhşicəsinə dağıdıblar. Hazırda Ağdam xarabalıqlar içindədir. 25 minə yaxın ev, 30-a yaxın sənaye və tikinti müəssisəsi, 160 məktəb, 274 mədəniyyət müəssisəsi, 2 muzey, tarix və mədəniyyət abidələri dağıdılıb və dağıdılmaqdadır.
Hazırda rayonun 70 faiz ərazisi işğal altındadır. Ağdam rayonunun 122 yaşayış məntəqəsindən yalnız 10-u Azərbaycanın nəzarətindədir.я
Qarabağın qalxanı olan və ermənilərin də həmişə qorxduğu Ağdam artıq yoxdur. Amma ağdamlılar hələ də var və onların varlıqları bu torpaqların gec-tez azad olunacağına şans yaradır. Təsadüfi deyil ki, birləşmiş düşmən qüvvələr ən irimiqyaslı döyüşləri Ağdam ətrafında apardılar və bütün qüvvələrini bu şəhər üzərinə yeritdilər. Belə ki, yalnız Ağdam bütün Qarabağ müharibəsi zamanı Azərbaycanın verdiyi şəhidlərin az qala yarısı qədər şəhid verdi.
Fred Asifi və digər qəhrəmanları olan Ağdamın tənəzzülünü Bakıdakı hakimiyyət bölgüsü üzərində gedən savaş daha da sürətləndirdi və son nəticədə şəhər və ətraf kəndlər düşmən əlinə keçdi.
Amma biz o torpaqlara qayıdacağıq. Bizim səbrimizin bir hüdudu var. Bax, qiyamət onda qopacaq. Düşmənin bunu bilməsi gərəkir.
|
|
|
Oxşar xəbərlər:
Separatçılar da təlim keçir
Təzədən doğulur şair ölən gün
"Azərbaycan və Ermənistan arasında savaş hər an mümkündür"
|
|
|