Sənətə qayıdışını elan edəndən bəri sürətlə yaradıcılıq planları açıqlayan Hüseyn Dərya bunlardan bir neçəsi barədə "Ayna" qəzetinə danışıb. Onun məlumatına görə, tezliklə Rusiyanın məşhur reperi Basta ilə duet oxuyacaq. Bunun rep dünyasında partlayış yaradacağını deyən H.Dərya bildirdi ki, duet onun geridə qoyduğu yaradıcılıq fasiləsinin üzərindən xətt çəkəcək. Bundan başqa onun yeni replərdən ibarət "Sus" adlı albomu bu günlərdə işıq üzü görəcək. Sonuncu konsertinin məmnunluğunu yaşayan reper daha bir çıxışı barədə düşünür.
"Konsertin uğuru məni daha bir çıxışa həvəsləndirib. Əgər insanlarda Hüseyn Dərya yaradıcılığına, repə bu qədər həvəs varsa, niyə növbəti konsert proqramımı təqdim etməyim?", - deyə reper bildirdi.
Xatırladaq ki, onun sonuncu konserti mayın 29-da Yaşıl Teatrda keçirilib.
|