Bir müddət əvvəl Türkiyədə olan və bir sıra televiziya verilişlərinin təkliflərini dəyərləndirən Səfurə Əlizadə yenidən İsveçə qayıdıb. Ötən aydan başlayaraq orada sənətçinin promo-turlarının məşqləri davam edir. Budəfəki gedişində isə məşqlərlə yanaşı, klipinin çəkilişlərində də iştirak edəcək.
"Eurovision" təmsilçisinin ailəsindən "Ayna"ya verilən xəbərə görə, çəkilişlər Səfurənin albomunda yer alan "Marçon" mahnısı üçün nəzərdə tutulub. Ekran işinə rejissorluğu isveçli klipmeykerlərdən biri edir. Sadə və maraqlı süjet xətti nəzərdə tutulur. Klipdə Səfurənin imicində bir qədər dəyişiklik ediləcək. Hazırda onun geyimləri üzərində iki dizaynerin çalışdığını öyrəndik. Sənətçinin saç düzümündə də dəyişiklik gözlənir. Bu klipin yayımı sentyabrın ilk günlərinə nəzərdə tutulur.
Qeyd edək ki, tezliklə S.Əlizadənin Azərbaycanda 6 mahnıdan ibarət sinqlinin hazırlıqları başlayır. Safurə Bakıya məhz bu məqsədlə gələcək. Öyrəndik ki, kiçik topluya onun ifasında Emin Sabitoğlunun bəstəsi və Flora Kərimovanın ifasında "Gün keçdi" filmindən dinlədiyimiz "Bir axşam" mahnısı daxil ediləcək. Daha bir mahnı isə yerli müəlliflərin yeni bəstəsi olacaq ki, bunun adı hələ dəqiq deyil.
Digər mahnılar Səfurənin artıq satışa çıxarılan "It is my war" albomuna daxil edilə bilməyən bir neçə əcnəbi mahnılardır. Ailəsinin bildirdiyinə görə, Səfurənin Bakı səfərində onun sözügedən birinci albomunun təqdimatı da var. Onun paytaxt üçün nəzərdə tutulan konsert proqramı sentyabrın 18-də - Musiqi Günündə təqdim ediləcək.
Xatırladaq ki, həmin tarixdən iki gün sonra Səfurənin doğum günüdür. Konsertin vaxtı məhz onun istəyi ilə həmin tarixə müəyyən edilib. Sənətçi konsert repertuarına həm əcnəbi, həm də Azərbaycan musiqiləri daxil edəcəyini bildirdi.