çap et  
Sevda Ələkbərzadə estrada-pop ifaçıları yetişdirəcək
Sevda Ələkbərzadə estrada-pop ifaçıları yetişdirəcək
Əməkdar artist pedaqoqluq arzusundadır
Şənbə, 24.07.2010

Z.Rüstəm

Əməkdar artist Sevda Ələkbərzadə bu il Azərbaycan Milli Konservatoriyasının "solo oxuma - xanəndə" fakültəsinin məzunu olub. Bu barədə "Ayna" qəzetinə danışan sənətçi bildirir ki, 4 il müddətində xalq artisti Ağaxan Abdullayevdən muğam dərsi alıb. Musiqi savadını daha da mükəmməlləşdirən sənətçi pedaqoji fəaliyyətlə məşğul olmaq niyyətindədir. Amma müəllimliyi muğam sahəsində deyil, ifa tərzinə daha yaxın olan estrada-pop janrında edəcək:

"Əvvəlcə fikirləşirdim ki, bu işlə fərdi qaydada məşğul olum. Daha sonra musiqi sahəsində üç diplomumun olduğunu nəzərə alıb, özümə sual etdim ki, niyə ali məktəbdə dərs deməyim? Amma muğamı tədris etmək mənim üçün çox çətindir. Bunun üçün illər lazımdır. Estrada sahəsində isə mənim 18 illik təcrübəm var. Yəqin ki, ali musiqi məktəblərindən birində çalışmağa qərar verərəm".

Xatırladaq ki, Sevda Ələkbərzadə ilk ali təhsilini Mədəniyyət və İncəsənət Universitetində, daha sonra "Instito Italiano"da alıb.

Sonda payız ayları üçün misli görünməyən yaradıcılıq layihəsi hazırladığını və bunu o ərəfələrdə açıqlayacağını söylədi.