çap et  
Namiq Qaraçuxurlu: "Onunla xoşbəxt ola biləcəyəmmi?"
Namiq Qaraçuxurlu: "Onunla xoşbəxt ola biləcəyəmmi?"
Meyxanaçı evlilik planından danışdı
Şənbə, 24.07.2010

Z.Rüstəm

Subaylıq - sultanlıqdır prinsipi deyəsən, meyxanaçı Namiq Qaraçuxurlu üçün çox önəm daşıyır. Mətbuat və televiziyaya evlilik mövzusunda nələrsə söyləməsinə baxmayaraq, meyxanaçı ilə son söhbətimizdə hələ də evlənmək fikrinin olmadığını anladıq:

- Açığını deyim, bu barədə hələ düşünmürəm. 31 yaşım var, amma subaylığın daşını əlimdə bərk-bərk tutmuşam (gülür). Bu o demək deyil ki, heç vaxt evlənməyəcəm. Belə deyim: yaxın bir ildə belə bir planım yoxdur.

- Niyə sənətçilər evlilik sözünün qarşısında "plan" ifadəsini işlədirlər ki?

- Bu, bizim bütün işlərimizi planlaşdırdığımız üçün deyilən bir ifadədir. Əslində insan kortəbii "evlənirəm" deyə bilməz. Hər şey düşünülmüş - planlaşdırılmış şəkildə olmalıdır. Özümə gəlincə, bu işə çox cəsarətli addım kimi baxıram. Mən evlilik üçün elə bir adam seçməliyəm ki, onunla ömür boyu bir dam altında yaşaya bilim. Özüm-özümə sual edirəm ki, onunla xoşbəxt ola biləcəyəmmi? Suallara cavab axtardıqca, evlilik havası məni bir az qorxudur. Bunları daha dərindən götür-qoy etmək üçün sənət mühitindən bir müddət aralanmalı və yalnız bu barədə düşünməliyəm. Ondan sonra qəti qərar vermək olar.

- Aygün Kazımova ilə münasibətiniz evliliyə gətirib çıxara bilərmi? Yuxarıda evlilik seçimindən danışdınız.

- Mən şəxsi həyatımı çılpaqlığı ilə açıb tökmək istəmirəm. Bu gün Aygün xanımla münasibətlərimiz çox yaxşıdır. Bir-birimizi başa düşürük.

- Amma əvvəlki istiliyi görə bilmirik?

- Bu, növbəti uydurmalardan biridir. İnsanlar başa düşməlidirlər ki, biz yaradıcı şəxslərik. Yəni bütün günü bir yerdə, bir səhnədə görünə bilmərik. Aygün xanım hazırda şəxsi səfərdədir. Mənim o səfərdə iştirakım nəzərdə tutulmayıb. İş dalınca gedib. Mənim isə burada öz işlərim var. Səhnə tələb edən anlarda biz birlikdə oluruq.

- Deyirlər, bir çox meyxanaçılarla münasibətiniz məhz Aygün xanımla birləşəndən sonra pozulub.

- Əslində, burada Aygün xanımın heç bir təsiri yoxdur. Mənim meyxanaçılarla problemim ola bilər, amma bunu tərəf-müqabilimin adına bağlamaq olmaz. Onların bəziləri ilə "Rəvayət" klipim meydana çıxandan sonra münasibətim soyudu. Bu vəziyyəti özləri yaratdı. Uğurlarım artıqca, problemlər də çoxaldı.

- Səhnədə, həyatda qapalı insan obrazındasınız. Bu sizin əsil simanızdır, yoxsa bu cür olmağa vadar edən səbəblər var?

- Bu, xarakterimin göstəricisidir. Bütün günü obrazda gəzə bilmərəm. Amma qapalılığı artıran səbəblər də var. Bəzən o qədər sual verirlər ki, onlardan yayınmaq üçün bir qədər dəyişməliyəm.

- Nə soruşurlar ki?

- Məsələn, yaxın günlərdə özümə yeni mənzil aldım. Görən soruşur ki, "bu, evlilik hazırlığıdır, orada kiminlə yaşayacaqsan?" və s. Axı mənzil sadəcə ev ehtiyacı üzündən də alınır. Hərdən kütlə arasından çəkilib, tək qalmaq istəyirəm. Gedirəm bağa və günlərlə orada tək qalıram.

- Təklikdə nə düşünürsən?

- Gördüyüm işlər, etdiyim səhvlər barəsində düşünürəm. Yəni hər bir insanın edəcəyi xırda səhvlər. Hərdən dostlarım deyirlər ki, "əşi, 31 yaşın var. Bu nə bədbinlikdir? Özünə qapanırsan". Mən buna bədbinlik deməzdim. Heç kim bilmir ki, nə qədər ömür yaşaya biləcək. Biz bu dünyada qonaq kimiyik. Ölmək fikrim yoxdur. Qarşıda görüləsi çox işlərim var. Amma istəyirəm ki, hər günümü alnıaçıq yaşayım. Keçmişimdə məni narahat edən səbəblər olmasın. Hərdən heyfsilənirəm ki, filan vaxt filan işi görə bilərdim. Yaxud elə bir insana yaxşılıq etdim ki, o bunun dəyərini bilmədi.

- Pul sənin həyatında nəyi dəyişdi? Bildiyimiz qədəri keçmiş həyatında imkanların bugünkü qədər parlaq olmayıb...

- Düzdür, sənətə gələndən sonra çoxlu pul qazanmağa başladım. Bu, kasıb bir oğlan üçün gözlənilməz idi. Bir də ayıldım ki, sənətim ikinci plana keçir. Pul yaxşı şeydir, amma qədərində. Hər gün məclislərə dəvətlər alırdım. Fikirləşirdim, gedim pulumu qazanım. Bir də baxdım ki, sənətlə məşğul olmağa zamanım qalmır. Götür-qoy etdim. Qərara gəldim ki, dəvətlərin sayını azaldım. Onsuz da qonararım mənə yetirdi.

- Deməli, özün öz sənətinə hörmətsizlik edirdin?

- Əslində çoxlu işləyib, yaxşı yaradıcılıq planları qurmaq istəyirdim. Amma bu planları həyata keçirməyə nə vaxtım, nə də ki, fiziki gücüm qalırdı. Özümə sərhəd qoymağa başladım. Pul əslində həyatımda heç nəyi dəyişmədi. Xaraktercə əvvəlki kimiyəm. İnsanlara yuxarıdan aşağı baxmıram.

- Sənətçilər arasında pulun dəyişdirdiyi insanlar tanıyırsanmı?

- Elə insanlar tanıyıram ki, pulun xətrinə mənəviyyatsız insanları ideallaşdırır. Məəttəl qalıram. Həyatda əqidəsiz, məqsədsiz yaşamaq insanı uçuruma aparır.

- Lap şou-biznesin ağsaqqalı kimi danışırsan?

- Hə. Bax, 10 ildən sonra mən sanballı ağsaqqallardan olacam. Sizə bu gün açıb danışa bilmədiyim məqamları söyləyəcəm.

- İndi niyə danışmırsan?

- Axı, hələ ağsaqqal deyiləm (gülür). Mənim sözümdən örnək götürənlər olacaq. Çox istəyirəm ki, qocalım. Bir də bu gün çox mətləbdən danışsam, insanların çoxu məni başa düşməz. Fikirlərimin hərəsi bir cür yozulacaq.

- Etiraflar arasında öz həyat tarixçən də ola bilərmi?

- Əlbəttə. Onsuz da bu gün şayiələr çox dolaşır. Bir söz danışsam, səmimiyyətimi bir kənara qoyub, başlayacaqlar öz uydurmalarını təsdiqləməyə.

- Deməli, bir az əvvəl danışdığımız obrazlı həyat fikrinə yenə qayıdacağıq. Əgər bu gün nəyisə gizlədirsənsə, onda sən də hansısa məqamlarda oynayırsan?

- Bu, hər bir insana xasdır. Kimisi daha çox oynayır, kimisi isə daha az. Hərdən mənə elə gəlir ki, bu həyatda rolumu bir o qədər yaxşı oynamamışam. Siz deyən kimi, əgər bu gün etiraf etmirəmsə, deməli, haradasa oynayıram.

- Sizi oynamağa vadar edən sənət mühitidir?

- Bunun adına şou-biznes deyərdim. Bura mənim yerim deyil. Amma işimin xatirinə mühitdən kənarda ola bilmirəm. Təsəvvür edin, gün ərzində arzulamadığım nə qədər insanlarla qarşılaşmaq məcburiyyətindəyəm. Onlara "sənin xasiyyətindən xoşum gəlmir" deyə bilmərəm. Lazımdır ki, bir qədər obrazda olasan. Amma bu, böyük obraz sayıla bilməz. "Salam, sağ ol", vəssalam.

- Deyəsən, yay fəslində ancaq bağ evində dincəlirsən?

- Ölkədən kənarda az-az istirahət edirəm. Əsasən yaradıcılıq səfərləri zamanı özümə 1-2 gün vaxt ayıra bilirəm. Buna marağım da çox deyil. Əyalətlərimizdəki istirahəti heç bir ölkənin komfortuna dəyişmərəm. Vaxt tapanda uşaqlarla birlikdə bölgələrə gedirik. Yəqin bu yay da belə olar.

- Bəs, konsert düşünmürsən?

- Öz təşəbbüsümlə konsert layihəm nəzərdə tutulmayıb. Bakının kənar istirahət mərkəzlərindən bir neçə təkliflər almışam. Hazırda onları gözdən keçiririk. Ola bilsin, ilk yay konsertim həmişəki kimi, Nabrandan başlayar. Böyük işləri payız aylarında həyata keçirməyi düşünürəm...