Subaylıq - sultanlıqdır prinsipi deyəsən, meyxanaçı Namiq Qaraçuxurlu üçün çox önəm daşıyır. Mətbuat və televiziyaya evlilik mövzusunda nələrsə söyləməsinə baxmayaraq, meyxanaçı ilə son söhbətimizdə hələ də evlənmək fikrinin olmadığını anladıq:
- Açığını deyim, bu barədə hələ düşünmürəm. 31 yaşım var, amma subaylığın daşını əlimdə bərk-bərk tutmuşam (gülür). Bu o demək deyil ki, heç vaxt evlənməyəcəm. Belə deyim: yaxın bir ildə belə bir planım yoxdur.
- Niyə sənətçilər evlilik sözünün qarşısında "plan" ifadəsini işlədirlər ki?
- Bu, bizim bütün işlərimizi planlaşdırdığımız üçün deyilən bir ifadədir. Əslində insan kortəbii "evlənirəm" deyə bilməz. Hər şey düşünülmüş - planlaşdırılmış şəkildə olmalıdır. Özümə gəlincə, bu işə çox cəsarətli addım kimi baxıram. Mən evlilik üçün elə bir adam seçməliyəm ki, onunla ömür boyu bir dam altında yaşaya bilim. Özüm-özümə sual edirəm ki, onunla xoşbəxt ola biləcəyəmmi? Suallara cavab axtardıqca, evlilik havası məni bir az qorxudur. Bunları daha dərindən götür-qoy etmək üçün sənət mühitindən bir müddət aralanmalı və yalnız bu barədə düşünməliyəm. Ondan sonra qəti qərar vermək olar.
- Aygün Kazımova ilə münasibətiniz evliliyə gətirib çıxara bilərmi? Yuxarıda evlilik seçimindən danışdınız.
- Mən şəxsi həyatımı çılpaqlığı ilə açıb tökmək istəmirəm. Bu gün Aygün xanımla münasibətlərimiz çox yaxşıdır. Bir-birimizi başa düşürük.
- Amma əvvəlki istiliyi görə bilmirik?
- Bu, növbəti uydurmalardan biridir. İnsanlar başa düşməlidirlər ki, biz yaradıcı şəxslərik.
Yəni bütün günü bir yerdə, bir səhnədə görünə bilmərik. Aygün xanım hazırda şəxsi səfərdədir. Mənim o səfərdə iştirakım nəzərdə tutulmayıb. İş dalınca gedib. Mənim isə burada öz işlərim var. Səhnə tələb edən anlarda biz birlikdə oluruq.
- Deyirlər, bir çox meyxanaçılarla münasibətiniz məhz Aygün xanımla birləşəndən sonra pozulub.
- Əslində, burada Aygün xanımın heç bir təsiri yoxdur. Mənim meyxanaçılarla problemim ola bilər, amma bunu tərəf-müqabilimin adına bağlamaq olmaz. Onların bəziləri ilə "Rəvayət" klipim meydana çıxandan sonra münasibətim soyudu. Bu vəziyyəti özləri yaratdı. Uğurlarım artıqca, problemlər də çoxaldı.
- Səhnədə, həyatda qapalı insan obrazındasınız. Bu sizin əsil simanızdır, yoxsa bu cür olmağa vadar edən səbəblər var?
- Bu, xarakterimin göstəricisidir. Bütün günü obrazda gəzə bilmərəm. Amma qapalılığı artıran səbəblər də var. Bəzən o qədər sual verirlər ki, onlardan yayınmaq üçün bir qədər dəyişməliyəm.
- Nə soruşurlar ki?
- Məsələn, yaxın günlərdə özümə yeni mənzil aldım. Görən soruşur ki, "bu, evlilik hazırlığıdır, orada kiminlə yaşayacaqsan?" və s. Axı mənzil sadəcə ev ehtiyacı üzündən də alınır. Hərdən kütlə arasından çəkilib, tək qalmaq istəyirəm. Gedirəm bağa və günlərlə orada tək qalıram.
- Təklikdə nə düşünürsən?
- Gördüyüm işlər, etdiyim səhvlər barəsində düşünürəm. Yəni hər bir insanın edəcəyi xırda səhvlər. Hərdən dostlarım deyirlər ki, "əşi, 31 yaşın var. Bu nə bədbinlikdir? Özünə qapanırsan". Mən buna bədbinlik deməzdim. Heç kim bilmir ki, nə qədər ömür yaşaya biləcək. Biz bu dünyada qonaq kimiyik. Ölmək fikrim yoxdur.