çap et  
Azərbaycanlı rejissor Ozcan Dəniz, Mətin Şəntürk və Fateh Yürəklə görüşəcək
Azərbaycanlı rejissor Ozcan Dəniz, Mətin Şəntürk və Fateh Yürəklə görüşəcək
Nail Naiboğlu onlarla əməkdaşlıq edəcək
Şənbə, 24.07.2010

Z.Rüstəm

Rejissor Nail Naiboğlu avqustun ilk günlərində İstanbula səfər edəcək. Onun məqsədi növbəti dəfə türk sənətçilər ilə işbirliyi qurmaqdır. Rejissorun "Ayna" qəzetinə bildirdiyinə görə, sırada Mətin Şəntürk, Fateh Yürək, Ozcan Dəniz və bir neçə türk sənətçi ilə əməkdaşlıq planı nəzərdə tutulub:

"İstanbul səfərinə qədər mənim prodüser Pərviz Oqtayoğlu ilə daha bir layihəmin həlli gözlənir. Belə ki, yaxın günlərdə şəhərin əyləncə məkanlarının birində "Cazibədar və yaraşıqlı ulduzlar" adlı şou təşkil edəcəyik. Şouda Azərbaycanın 10 ən cazibədar qadın və 10 ən cazibədar kişi müğənnisi iştirak edəcəklər. Bu tədbiri orijinallığı ilə fərqləndirməyi düşünürük".

Sözünün davamında N.Naiboğlu bu günlərdə şəhərimizin qonağı olan Kiçik İbo ilə əməkdaşlığının nəticəsindən söz açdı. Bildirdi ki, əvvəlcə müğənni ilə sözləri Baba Vəziroğlunun, musiqisi Kamal müəllimin olan "Dəniz" mahnısının yazılması və onun ekran həlli nəzərdə tutulmuşdu. Lakin sonradan bu sıraya sözləri Güllər Qəmliyə, musiqisi Aybəniz Güllərə məxsus olan "Qayıtmadın" mahnısı ilə klipi də daxil edilib.

Rejissorla alınan bu ilk işbirliyi müğənnini ikinci əməkdaşlığa həvəsləndirib. Xatırladaq ki, birinci klipdə Kiçik İbonun tərəf-müqabili rəqqasə Oksana, ikincidə isə Günel adlı gənc aktrisa olub. Montaj işləri bu ayın sonuna yekunlaşacaq. Kliplər həm Azərbaycanda, həm də Türkiyədə yayıma çıxarılacaq.