Azərbaycan ordusunun hərbi qulluqçusu, dövlətə xəyanətdə və bir sıra ağır cinayətlərdə təqsirləndirilən Murad Yusif oğlu Rəşidova hökm oxunub.
İttihama görə, 1990-cı il təvəllüdlü Zaqatala rayonu Car kənd sakini Murad Yusif oğlu Rəşidov MN-in Ağcabədi ərazisində yerləşən hərbi hissəsində xidmət etdiyi zaman düşmənlə təmasa girərək, Azərbaycanın dövlət təhlükəsizliyinə xələl gətirən hərəkətlər edib, o cümlədən hərbçi yoldaşına xəsarət yetirib. 2009-cu il fevralın 7-də M. Rəşidov barəsində həbs-qətimkan tədbiri seçilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Murad Rəşidov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsində Rusiya kəşfiyyat orqanlarına casusluq etməkdə təqsirli bilinən Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) keçmiş zabiti Əlixanov Ruslan Adil oğlunun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə qərar elan edildi.
İttiham aktında qeyd olunub ki, Ruslan Əlixanov 1967-ci ildə Krasnovodskda doğulub, həbs edilən zaman Gəncə şəhər sakini olub. 1992-ci ildən 2005-ci ilədək Azərbaycan ordusunda hərbi xidmət keçib. 1990-cı ildə SSRİ ordusunda xidmət etdiyi zaman SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin məxfi agenti kimi əməkdaşlığa cəlb olunub və ləqəbi "Kupets" olub. 1992-ci ildə isə Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib, məxfi agent kimi çalışıb. 1994-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlığa cəlb olunub və "Kupin" ləqəbi daşıyıb. O, 1994-cü ildən başlayaraq Azərbaycanda dövlət əhəmiyyətli sirləri Rusiya kəşfiyyatına ötürüb. Həmin sirlər Azərbaycan hərbi hissələrinin dislokasiya yeri, radiolokasiya sisteminin vəziyyəti ilə bağlı olub.
2005-ci ildə yol verdiyi nöqsanlara görə Ruslan Əlixanovun rütbəsi aşağı salınıb və hərbi xidmətdən xaric olunub. O, 2005-ci ildə Gəncə aeroportunda çalışıb və bu zaman yenə də Rusiya kəşfiyyatına Azərbaycanla bağlı dövlət sirləri ötürüb. Bu hərbi sirlər Azərbaycanın müxtəlif bölgələrində olan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının bazaları, oradakı təyyarələr, vertolyotlar, silah və sursat, mövcud radiolokasiya stansiyaları barədə olub. Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardığı araşdırmalardan sonra Ruslan Əlixanov həbs edilib.
Hərbi Məhkəmənin 26 fevral 2010-cu il tarixli hökmü ilə Ruslan Əlixanov 12 il müddətinə azadlıqdan mərhum edilib. Hökmlə razı olmayan Ruslan Əlixanov apellyasiya şikayəti verib. Məhkəmə Ruslan Əlixanovun apellyasiya şikayətini rədd edib.
Xatırladaq ki, Ruslan Əlixanov Rail Rzayev qətlə yetiriləndən bir neçə gün sonra həbs edilib...
|