Qaradağ rayonunda 294 saylı orta məktəbin müəllimi, 50 yaşlı Şahin Yusifovun Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Şahin Yusifov müəllim işlədiyi məktəbin şagirdi və eyni zamanda qonşuluğunda yaşayan 14 yaşlı T.-nı zorlamaqda təqsirli bilinir.
Təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsinə görə, 9 ildir 294 saylı orta məktəbdə müəllim işləyirmiş. 14 yaşlı şagirdlə isə 3 il əvvəl "münasibət qurub".
İttiham aktında daha sonra qeyd edilir ki, müəllim qonşuluğunda yaşayan şagirdinin evdə tək olmasından istifadə edərək onlara qonaq gedib və qıza qarşı seksual hərəkətlər edib. İstintaq müəyyən edib ki, müəllim şagirdinin anası və azyaşlı qardaşı ilə də cinsi əlaqədə olub. Ötən il isə Şahin Yusifov şagirdinə qarşı seksual hərəkətlər edərkən bu səhnəni öz mobil telefonunun videoyaddaşına yazıb. Bu vəziyyət 3 il davam edib. Ötən il avqustun 24-də növbəti dəfə sərxoş vəziyyətdə şagirdinin yaşadığı evə gələn müəllim qızın xalasının qəzəbinə tuş gəlib. Xala müəllimin hərəkətlərindən Qaradağ rayon Polis İdarəsinə şikayət edib. Şahin Yusifov şikayət ərizəsi əsasında saxlanılıb.
İbtidai istintaqda şahid qismində dindirilən T.-nın ailə üzvlərinin və qonşularının ifadələrindən məlum olur ki, müəllimin hərəkətlərindən əslində hamı xəbərdar imiş. Sadəcə, adamlar müəllimin hərəkətlərindən polisə yox, nədənsə onun müəllim işlədiyi məktəbin direktoruna şikayət ediblərmiş. Məktəb direktoru isə şikayətçilərdən sübut tələb edirmiş.
Qonşuları istintaqa bildiriblər ki, 3 il davamlı şəkildə şagirdinin evinə gəlib-gedən Şahin Yusifov bu imkansız ailəni öz əsarəti altında saxlayıb. İçki aludəçisi olan müəllim vaxtaşırı bu evdə dava salır, qızı və anasını amansızcasına döyürmüş.
Müəllim Cinayət Məcəlləsinin zorlama maddəsi ilə ittiham olunub və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmlə razı olmayan Şahin Yusifov apellyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində elan olunan ittihamın qondarma olduğunu deyib. Müəllim şikayətində azyaşlı qızla cinsi əlaqədə olmasını danmayıb, qeyd edib ki, qız könüllü şəkildə onunla cinsi əlaqədə olub. Eyni zamanda azyaşlı qızı da ittiham edib və qeyd edib ki, qız ona lüt şəkillərini göndərib və onu ehtirasa gətirib.
14 il cəza alan "ehtiraslı" müllimin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə Şahin Yusifovun iddiaları və şikayəti əsassız hesab edilib. Ciddi rejimli cəza alan Şahin Yusifov aldığı 14 il cəza ilə cəzaçəkmə müəssisəsinə göndərilib. Deyilənə görə, bu ittihamla həbsxanaya göndərilən məhkumların aqibəti heç də yaxşı olmur.
|