![]() |
çap et |
|
|||
Ötən ilin aprelində Dövlət Neft Akademiyasında baş vermiş qanlı olayla bağlı təqsirləndirilən Cavidan Amirov, Ariz Qabulov, Nəcəf Süleymanov və Nadir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə əlavə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi açıqlandı. Ekspertiza rəyində 1 iyul 2010-cu il tarixdə təqsirləndirilən şəxslər üzərində keçirilmiş komisyon ekspertiza zamanı heç bir işgəncə faktı, xəsarət və zorlama kimi işgəncə halları müəyyən edilməyib. Hakim daha sonra qeyd etdi ki, Fərda Qədirovun atasının məhkəməyə şahid qismində gətirilməsi istiqamətində görülən tədbirlər heç bir nəticə verməyib: "Biz Rusiya hüquq-mühafizə orqanlarına bununla bağlı müraciət etdik. Lakin heç bir cavab gəlmədi. Fərda Qədirovun atası məhkəməyə gəlməkdən imtina edib". Mardun Qumaşyanın barəsində cinayət işi Rəy açıqlanandan sonra təqsirləndirilən şəxs Cavidan Amirovun vəkili Hüseynxan Mustafayev vəsatətlə çıxış edərək bildirdi ki, cinayət işi materiallarında adı qətlin sifarişçisi kimi hallanan Gürcüstan vətəndaşı Mardun Qumaşyan və adları istintaqa bəlli olmayan bir neçə nəfər barəsində cinayət işinin ayrılması vacibdir. Vəkil daha sonra qeyd etdi ki, Fərda Qədirov silahı Gürcüstandan Azərbaycana keçirdiyi gün gömrük və sərhəd xidmətinin həmin gün növbədə olan əməkdaşlarının da məhkəmədə dindirilməsi vacibdir: "Həmin gün növbədə olan şəxslər var. Lakin istintaq orqanı həmin şəxslər barəsində tədbir görməyib. Buna görə də həmin gün növbədə olan şəxslər məhkəməyə əlavə şahid qismində dəvət edilsinlər və dindirilsinlər". Üzləşdirilmə zamanı "ovçarka" itləri... Vəkil daha sonra bildirdi ki, təqsirləndirilən şəxslərdən yolverilməz istintaq yolu ilə ifadələr alıblar. Onun sözlərinə görə, müdafiə etdikləri şəxslərə qarşı istintaq orqanı tərəfindən psixoloji təzyiqlər göstərilib və zorlama cinayəti törədilib: "Bu faktı məhkəmədə təqsirləndirilən şəxs Nadir Əliyev də etiraf etdi. Bildirdi ki, ondan zorlama yolu ilə ifadə alıblar. Buna görə də psixoloji təsir altında toplanan sübutlar məhkəmə tərəfindən qəbul edilməməli və sübutlar siyahısından çıxarılmalıdır". Hüseynxan Mustafayev bildirdi ki, təqsirləndirilən şəxslərin üzləşdirilməsi zamanı "ovçarka" itlərindən istifadə edilib: "Məhkəmədə həmin üzləşdirilmə video çəkilişləri nümayiş etdirilən zaman da "ovçarka" itlərindən istifadə açıq-aydın görünürdü. İstintaq orqanına lazım olan ifadə alınmayan zaman həmin it təqsirləndirilən şəxslərin üstünə qısqırdılıb. Bu üzləşdirilmə təzyiq altında keçirilib. Buna görə də həmin üzləşdirilmə sənədlərinin də sübutlar siyahısından çıxarılmasını xahiş edirik". "İnterpoldan arayış almışam, Mardun Qumaşyan heç yerdə axtarılmır" Vəkil çıxışında daha sonra söylədi ki, Baş Prokurorluq Gürcüstan vətəndaşı olan milliyyətcə erməni Mardun Qumaşyanın axtarışa verilməsi barədə qərar qəbul edib: "Mən İnterpoldan arayış almışam. Mardun Qumaşyan heç yerdə axtarılmır. Xahiş edirəm ki, onun barəsində cinayət işinin ayrılıb-ayrılmamasını araşdırasız. Bundan başqa, Baş Prokurorluq Mardun Qumaşyanın barəsində toplanmış cinayət işinin materillarını Gürcüstan məhkəməsinə göndərməlidir. Çünki həmin şəxs Gürcüstan vətəndaşıdır, başqa ölkədə cinayət törətsə də, vətəndaşı olduğu ölkədə mühakimə edilməlidir. Buna görə də Gürcüstan tərəfi Mardun Qumaşyanı Azərbaycana təhvil verməyəcək". Təqsirləndirilən Nadir Əliyevin vəkili Elman Ağayev də əlavə şahidlərin məhkəməyə çağırılmasını istədi. Nadir Əliyev isə bildirdi ki, cinayət hadisəsi baş verən zaman işdə olub: "Həmin vaxt işdə olmağımı iş yoldaşlarım sübut edə bilər. Buna görə də iş yoldaşlarımın məhkəmədə dindirilməsini istəyirəm". Elman Ağayev bildirdi ki, müdafiə etdiyi Nadir Əliyev bir həftədir ayaqyoluna gedə bilmir. Hakim isə Nadir Əliyevin həkim müayinəsindən keçməsi üçün müvafiq tapşırıqlar verəcəyini qeyd etdi. Cavidan Amirovun da vəkili saxlanma təcridxanasının rəhbər şəxslərindən narazılıq etdi: "Müdafiə etdiyim Cavidan Amirov xəstədir. Təcridxananın rəhbərliyindən onun müayinə edilərək, müalicə edilməsini istədim. Dedilər ki, məhkəməyə müraciət et. Mən isə onlara bildirdim: məhkəmə xəstəxana deyil ki, onlara müraciət edim? İndi məhkəmədən Cavidan Amirovun müayinəsi üçün tədbirlər görülməsini istəyirəm". Vəkilin vəsatəti təmin edilməsin Vəkilin vəsatətinə münasibət bildirən dövlət ittihamçısı Abdulla Yusifov qeyd etdi ki, müdafiə tərəfi bir neçə bənddən ibarət vəsatətlə çıxış etdi. Onun sözlərinə görə, müdafiə tərəfinin qaldırdığı məsələlərdən biri də Mardun Qumaşyan və adı istintaqa məlum olmayan bir neçə nəfərin barəsində cinayət işinin ayrı icraata götürülməsi ilə bağlı Baş Prokurorluğa sorğu göndərilməsidir. Prokuror qeyd etdi ki, ayrılmış cinayət işi ilə hazırda məhkəmədə araşdırılan cinayət işi arasında heç bir əlaqə yoxdur. Prokuror digər məsələlərə də münasibətini açıqlayaraq bildirdi ki, məhkəmə prosesində Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin ekspertləri ifadə verdi və bundan sonra təkrar ekspertiza təyin edildi. Onun sözlərinə görə, iki dəfə təyin edilmiş ekspertizada eyni rəy verilib və təqsirləndirilən şəxslərə işgəncə verilməsi halları aşkar edilməyib. Abdulla Yusifov toplanmış bəzi sənədlərin sübutlar siyahısından çıxarılmasını da əsassız hesab etdi: "Uzun müddətdir ki, məhkəmə prosesi davam edir. Sübutların tədqiqi məhkəmə istintaqı zamanı yüksək səviyyədə həyata keçirilib, qanunvericiliyin tələblərinə əməl edilib. Müdafiə tərəfinin qeyd etdiyi məsələlərin heç bir əsası yoxdur. Buna görə də müdafiə tərəfinin vəsatətinin təmin olunmadan rədd edilməsini istəyirik". Prokuror çıxışının sonunda məhkəmə istintaqının yekunlaşdırılmasını və ittiham nitqi ilə çıxış etməsi üçün 10 gün vaxt istəmələrini də hakimlərin diqqətinə çatdırdı. Qısa müşavirə keçirən hakimlər qərar elan etdilər. Qərara görə, müdafiə tərəfinin vəsatətdə irəli sürülən məsələlərə hakimlər müşavirə otağında qiymət verəcəklər. Buna görə də vəsatət təmin edilmədi. Hakim prokurorun sözünü dedi Məhkəmə istintaqının yekunlaşması məsələsinə gəlincə, müdafiə tərəfi etiraz etmədi. Prokurorlar məhkəmə istintaqının yekunlaşdırılmasına tərəfdar olduqlarını bildirdilər. Hakim məhkəmə istintaqının yekunlaşdırılması barədə qərar qəbul etdiklərini açıqladı. Prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilən Nadir Əliyevin, Nəcəf Süleymanovun, Cavidan Amirovun ömürlük, Ariz Qəbulovun 11 il azadlıqdan məhrum edilməsini istədi. |