May ayında manatın ABŞ dollarına nisbətən məzənnəsinin sabit saxlanılması üçün daxili bazarda aparılmış valyuta əməliyyatlarının həcmi 1 milyard 22 milyon dollar təşkil edib. Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. 2009-cu ilin may ayında valyuta mövqeyinin möhkəmlənməsi üçün daxili bazarda aparılmış valyuta əməliyyatlarının həcmi 0,4 milyard dollar olub. Valyuta satışında artım digər valyutalar üzrə də baş verib. Belə ki, may ayında avronun məzənnəsinin tənzimlənməsi üçün aparılmış əməliyyatların həcmi 226,8 min avro təşkil edib. Halbuki ötən ilin müvafiq dövründə bu göstərici 3 dəfə az - 88,8 min avro olub.
İngilis funt sterlinqi üzrə əməliyyatlar 15,5 min funt, rus rublu üzrə 323,8 min rubl həcmində əməliyyat aparılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Həmin dövrdə Mərkəzi Bank manatın kursunun sabitliyi üçün 0,6 min funt və 171 min rubl həcmində alğı-satqı əməliyyatı aparıb.
"İqtisadi Forum" jurnalının yazdığına görə, bu artım manatın məzənnəsinin qorunması ilə bağlıdır. Dünya bazarında dollar möhkəmlənən kimi ABŞ valyutasından asılı olan manata təyziq güclənir və Mərkəzi Bank bu təyziqi minimuma endirmək üçün daxili bazara dollar satışını artırır. İqtisadçı Samir Əliyev deyir ki, 2009-cu ilin əvvəlində də manat belə təzyiqlə üzləşmişdi və hətta onun ucuzlaşması məsələsi gündəmə gəlmişdi. Həmin dövrdə manatın sabitliyi üçün Mərkəzi Bank dollar satışını kəskin artırdı:
"Ötən ilin fevral və mart aylarında bazarın həcmi 1,3 milyard dollara çatmışdı. Sonrakı dövrlərdə azalma müşahidə edilsə də, 2010-cu il başlayandan avronun ucuzlaşması yenidən dolları gücləndirdi və uyğun olaraq dollara tələbat artdı".
İqtisadçının fikrincə, Mərkəzi Bankın apardığı valyuta əməliyyatlarının təxminən yarısı valyuta mövqeyinin möhkəmlənməsinə yönəldilir. Ümumilikdə bazarın 30%-ni manatın dollara nisbətən məzənnəsinin saxlanması ilə bağlı aparılan əməliyyatlar təşkil edir.
Ekspert hesab edir ki, Mərkəzi Bank açıqlamalarında ölkədə dollara tələbatın az olduğunu bildirsə də, reallıq onun əksini deyir.
"Hazırda Azərbaycanda donor funksiyasını yerinə yetirən Neft Fondundan aldığı vəsaitləri nəzərə almasaq, bankın ehtiyatları son aylar azala-azala gedir. Təkcə may ayında Mərkəzi Bankın valyuta ehtiyatı 140,7 milyon dollar azalıb. Mərkəzi Bank manatın kursunun sabit saxlanması üçün bazarda dollar satışını artırır. Bu isə valyuta ehtiyatının azalmasını şərtləndirir".
|