çap et  
İlin ikinci yarısında bahalaşma gözlənir
İlin ikinci yarısında bahalaşma gözlənir
Çörəyin qiyməti arta, yaxud həmişəki kimi - çəkisi azala bilər
Şənbə, 24.07.2010

A.Əhmədova

Kənd təsərrüfatı məhsullarının qiymətlərində artımlar davam etməkdədir. Bu, meyvə-tərəvəz mövsümünün bitməsi, bir neçə regionda baş vermiş təbii fəlakətlər üzündən qıtlıq yaranması ilə əlaqədardır. İqtisadçılar hesab edirlər ki, ilin II yarısında da qiymət artımı gözlənilən və qaçılmaz prosesdir. Sözügedən artımlar istehsala bir o qədər də təsir göstərmir. Yəni bahalaşma olarsa, istehsalçılar öz məhsullarının qiymətlərini artıracaqlar. Amma bu artımlar ümumi dövriyyəyə, alıcılıq qabiliyyətinə və əhalinin sosial-iqtisadi durumuna təsir edəcək.

Taxılçılıq bölgələrindəki taxıl sahələrində və zəmilərdə "pas" xəstəliyinin kütləviləşməsi, eləcə də cari ildə baş verən təbii fəlakətlər üzündən öncədən verilmiş proqnozdan az məhsulun yığılacağı məlumdur. Digər tərəfdən, son zamanlar biçilməmiş taxıl sahələrində və zəmilərdə baş verən yanğınlar da məhsuldarlığı kifayət qədər azaltmaqdadır. Bunu rəsmilər də təsdiqləyir.

KTN bitkiçilik məhsullarının istehsalı, emalı və torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Sabir Vəliyevin sözlərinə görə, son günlər bəzi rayonlarda güclü küləklə müşayiət olunan yağışlar həmin yaşayış yerlərindəki sosial obyektlərə, infrastruktura və fərdi yaşayış evlərinə ciddi ziyan vurub. Eyni zamanda kənd təsərrüfatı sahəsi də xeyli zərər çəkib. Şəki, Şamaxı, Ağstafa, Göyçay, Gədəbəy, Tovuz və digər rayonlarda baş verən təbii fəlakət nəticəsində kənd təsərrüfatının bir çox sahəsində əkin-biçin ciddi problemlərlə üz-üzə qalıb. Taxıl zəmilərinin biçilməmiş hissələrində biçin prosesi təxirə düşüb. Öyrəndik ki, əsasən də dağətəyi və dağlıq ərazilərdə biçilməsinə başlanmış zəmilər yağışdan tamam yararsız hala düşüb. Ona görə də biçin yağmurlu hava şəraitinin mənfi fəsadları aradan tam qaldırıldıqdan sonra həyata keçiriləcək. Əksər yerdə əkin sahələri də acınacaqlı duruma düşüb.

Qeyd edək ki, hadisə yenicə baş verdiyindən digər sahələr kimi, kənd təsərrüfatı sahələrinə, xüsusən də meyvəçiliyə və tərəvəzçiliyə nə qədər ziyan dəydiyi dəqiqləşdirilir.

Taxıl yığımı kampaniyasının mütəşəkkil keçirilməsi üçün nazirlik tərəfindən "Aqrolizinq" mütəxəssislərindən ibarət qərargah və "qaynar telefon xətti" yaradılıb. Taxıl biçini mövsümündə "Aqrolizinq" tərəfindən gətirilən 990 və digər mənbələrdən daxil olan 240 müasir tipli kombayn olmaqla, ümumilikdə 3 min 110 taxılyığandan istifadə edilir. Bu isə keçən ilin taxıl biçinində istifadə edilən yeni kombaynların sayından 236 ədəd çoxdur. Amma nəticə etibarı ilə ötənilkindən az məhsul istehsal ediləcək.

Bu il Azərbaycanda taxıl istehsalı 15 faiz azalacaq. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat verir. Nazirlik rəsmilərinin dediklərinə görə, bu, ötən il taxıl sahələrinin azalması və havaların qeyri-sabit keçməsi ilə əlaqədardır. Azalma daha çox buğda sahələrində müşahidə olunub. Bundan başqa, Azərbaycanın Kür və Araz çaylarında baş vermiş daşqınlar nəticəsində təxminən 60 min hektar əkin və örüş sahəsinə ziyan dəyib. Bunun 26 min hektardan çox hissəsini taxıl, 22,8 min hektarını yonca, qalan hissəsini kartof, bostan, şəkər çuğunduru və digər məhsul sahələri təşkil edir. Hazırda dəyən ziyanın məbləği araşdırılır.

Amma nazirlik rəsmiləri daşqınlardan istifadə edərək bazarlarda bəzi bostan və tərəvəz məhsullarının qiymət artımının yaradılması barədə deyilənlərlə razılaşmırlar. Qiymətlərin müəyyən qədər düşdüyünü iddia edənlər də var. Sözügedən nazirliyin apardığı araşdırmaların nəticəsinə inansaq, bu gün bostan və tərəvəz məhsullarının satış qiyməti 2009-cu ildə mövcud olan qiymətlərdən yuxarı deyil. Hərçənd ki, müstəqil araşdırmalar bunun əksini göstərir. Belə ki, ötən illə müqayisədə meyvə, tərəvəz baha, o cümlədən qıtdır.

İqtisadçılar isə israrla deyirlər ki, azalma yalnız taxıl istehsalında deyil, əksər kənd təsərrüfatı məhsullarında da olacaq. Bu həm subsidiyaların yubanması, strateji məhsulların alışı ilə bağlı ötən il buraxılan səhvlər və eləcə də sel və daşqınlarla bağlıdır. Ötən il taxıl alışında müşahidə edilən problemlər fermerlərdə strateji məhsulların istehsalına marağı azaltdı. Aqrar məhsul istehsalındakı azalmalar əslində kənd təsərrüfatı sektoruna kompleks yanaşmanı tələb edir. Əks halda, ölkənin kənd təsərrüfatı məhsullarının istehlakında idxaldan asılılığın güclənməsi qaçılmaz olacaq. Aqrar sektorla bağlı siyasətin yenidən işlənməsinə ehtiyac var. İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri də bu qənaətdədirlər ki, məhsul istehsalının azalması bazarlara təsirsiz ötüşməyib. 2010-ci ilin yayında kənd təsərrüfatı məhsulları son 10 ildə ən yüksək qiymətə satılacaq. Çünki məhsul qıtlığı artıq bazara təsir göstərməkdədir. Neftin dünya bazar qiymətindəki artımlar idxal olunan kənd təsərrüfatı məhsullarının da qiymətini artırır. Onların söylədiklərinə inansaq, qiymət artımları ilin sonunadək davam edəcək:

"Taxıl istehsalının azalması payızda çörəyin qiymətinin qalxmasına gətirib çıxara bilər. Çünki payızadək ehtiyat taxılın qurtarması gözlənir və bu il taxıl istehsalının azalması bu məhsulların idxalını artıracaq ki, bu da ölkə daxilində buğdanın qiymətinin yüksəlməsinə səbəb olacaq. O zaman ya çörəyin qiymətində artım müşahidə ediləcək, ya da "ənənəvi metod"dan istifadə ediləcək - çörəyin çəkisi azaldılacaq". Mütəxəssislər bir sıra məhsulların, eləcə də ərzağın qiymətində artımların iyul ayından başlayaraq müşahidə ediləcəyini deyir. Bu həm də büdcəyə yenidən baxılması, əlavələr və dəyişikliklər edilməsi nəticəsində bir sıra xərc maddələrinin artırılması ilə bağlıdır. Cari ildə fermerlərə çatacaq subsidiyaların onlar tərəfindən vaxtında alınmadığını da xatırlasaq, yaranmış vəziyyətin əkinlə bağlı müəyyən problemlər yaratdığı açıq-aydın məlum olar. Belə ki, əkin sahələri və məhsul istehsalı azaldı. Bu sektorda paytaxt bazarlarına çıxışla bağlı maneələr qalmaqdadır. Güman edilir ki, həmin kənd təsərrüfatı sektorunda inhisarın qalması, bir sıra məhsullar üzrə əkin sahələrinin azalması, iqlim faktoru kənd təsərrüfatı məhsullarının bahalaşması ilə nəticələnəcək.