İyulun 15-də Almaniyanın Dortmund şəhərində şahmat üzrə beynəlxalq "Sparkassen" turniri start götürüb. Bu mötəbər turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov (2761) təmsil edir. Yarışda həmyerlimizlə yanaşı, Vladimir Kramnik (Rusiya, 2790), Ruslan Ponomaryov (Ukrayna, 2734), Peter Leko (Macarıstan, 2734), Arkadi Naydiç (Almaniya, 2684) və Le Kuanq Lyem (Vyetnam, 2681) də qüvvəsini sınayır. Qrossmeysterimiz ilk turda ev sahiblərinin şahmatçısı Naydiçlə üz-üzə gəlib.
İlk tur rəqibinə qarşı qara fiqurlarla oynayan həmyerlimiz üçün uğurlu olub. Azərbaycan şahmatçısı Almaniya zəka sahibi üzərində inamlı qələbə qazanıb. O, rəqibini 47-ci gedişdə mat edib. II turda Məmmədyarov yenə qara fiqurlarla oynayıb. Lakin Macarıstan şahmatçısı Peter Lekoya qarşı oyunda Şəhriyar ilk turdakı uğurunu təkrarlaya bilməyib. Şahmatçılar 50-ci gedişdə heç-heçəyə razılaşıblar.
Şəhriyar Məmmədyarov üçüncü turda ağ fiqurlarla çıxış edib. Bu dəfə Vyetnam şahmatçısı Le Kuanq Lyemlə qarşılaşan həmyerlimiz rəqibinə şans verməyib və onu 53-cü gedişdə mat edib.
Beləliklə, ilk üç turda məğlubiyyətsiz irəliləyən Şəhriyar Məmmədyarov dördüncü turda da şahının toxunulmazlığını qoruya bilib. Ağ fiqurlarla dünya çempionu Vladimir Kramnikə qarşı mübarizə aparan qrossmeysterimiz heç-heçə ilə kifayətlənib. IV turdan sonra 3 xalla turnir cədvəlində birinci yerə yüksələn həmyerlimizin liderliyi cəmi bir tur çəkib. Belə ki, növbəti turda şahmatçımız ikinci pillədə qərarlaşan Ruslan Ponomaryova 51-ci gedişdə təslim olub. Bu məğlubiyyətdən sonra Şəhriyar liderliyi əldən verib, əksinə, onun rəqibi isə birinci pilləyə yüksəlib. Dörd turdan sonra şahmaçılara birgünlük istirahət verilib.
Şəhriyar növbəti turda ağ fiqurlarla Peter Lekoya qarşı oynayıb. İlk dövrədə Macarıstan şahmatçısı ilə heç-heçə oynayan Şəhriyar bu dəfə rəqibinə qalib gəlib. Şahmatçımız növbəti turda qara fiqurlarla Lyemə qarşı oynayacaq.
Qeyd edək ki, Şəhriyar reytinqinə görə "Sparkassen"də ikinci zəka sahibidir. VII turdan sonra turnir cədvəlinə 4,5 xalla Ruslan Ponomaryov başçılıq edir. Şəhriyarın hesabında 4 xal var. Turnirə iyulun 25-də yekun vurulacaq.
|