Bu həftə UEFA Çempionlar Liqası və Avropa Liqasının II təsnifat mərhələsinə yekun vurulub. Çempionlar Liqasında ölkəmizi təmsil edən Bakının "İnter" klubu mübarizəni dayandırıb. Son Azərbaycan çempionu Polşada "Lex"lə cavab qarşılaşmasında 1:0 hesabı ilə qələbə qazansa da, turnirdən kənarda qalıb. Komandamızın heyətində qolu matçın sonlarında Girts Karlsons vurub. Bu, Azərbaycan klublarının Polşada qazandığı ilk qələbə olub. Amma Bakıdakı ilk matçda polşalılar eyni hesabla qalib gəldiklərindən (0:1), güclünü müəyyən etmək üçün əlavə iki hissə oynanılıb. Lakin hesab dəyişmədiyinə görə, qalib penaltilərlə müəyyən olunub. Təəssüf ki, Azərbaycan çempionunun "lotereya"da bəxti gətirməyib. Meydan sahibləri daha dəqiq olmaqla, 9:8 hesablı qələbə qazanıblar.
Qitənin ikinci dərəcəli klub turnirində çıxışını davam etdirən iki klubumuz - "Bakı" və "Qarabağ" da cavab oyunlarını keçiriblər. Matçlardan bir neçə saat əvvəl "Bakı"nın "evdə" "Qarabağ"ın isə səfərdə qazandığı 2:1 hesablı qələbəni əldən verməmək üçün uduzmamalı olduğunu düşünmək olardı. Lakin "Bakı"nın Çernoqoriya təmsilçisi "Buduçnost"la ilk oyunda yol verdiyi qeyri-peşəkarlıq Azərbaycan kubokunun qalibinə baha başa gəlib. Cəzalı futbolçunun xidmətindən faydalanan "Bakı"nın ilk oyunda qazandığı qələbə UEFA-nın qərarı ilə ləğv edilib və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Odur ki, "Bakı" növbəti mərhələyə adlamaq üçün rəqibə 4 top fərqi ilə qalib gəlməli idi. Fəqət alman məşqçi Vinfrid Şafer və komandasının gücü "Buduçnost"u 2:1 hesabı ilə üstələməyə yetib. Bununla da paytaxt təmsilçisi Avropa Liqasındakı çıxışını dayandırıb.
Növbəti mərhələ şansı möcüzədən asılı olan "Bakı"dan fərqli olaraq, "Qarabağ" III təsnifat mərhələsinə çıxmağı bacarıb. Şimali İrlandiyanın "Portadaun" klubunu Böyük Britaniyada məğlub edən "Qarabağ" futbolçuları Bakıda keçirilən matçda heç-heçə ilə kifayətləniblər - 1:1. Avropa Liqasında "Qarabağ"ın növbəti rəqibi Polşanın "Visla" (Krakov) komandası olacaq. Qurban Qurbanovun komandası ilk matçını gələn həftə, iyulun 29-da səfərdə keçirəcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda olacaq. Qeyd edək ki, "Visla" yarışın II təsnifat mərhələsində Litvanın "Şyaulyay" komandasını mübarizəni dayandırmağa məcbur edib.
|