çap et  
Növbəti mövsümün püşkü atıldı
Növbəti mövsümün püşkü atıldı
Unibank Premyer Liqasının yeni mövsümü yeniliklərlə zəngin olacaq
Şənbə, 24.07.2010

İlham Rəfiyev

Bu həftə AFFA-nın inzibati binasında futbol üzrə növbəti Azərbaycan çempionatının birinci turunun püşkatması keçirilib. Mərasimdə eyni zamanda Peşəkar Futbol Liqasının rəhbərliyi yarışın keçirilmə qaydaları və bu mövsüm tətbiq olunacaq yeniliklər barəsində ətraflı məlumat verib. Artıq ilk turda qarşılaşacaq cütlər də müəyyənləşib. Bu oyunlar avqustun 7-8-də keçiriləcək.

"Turan" (Tovuz) - "İnter" (Bakı)

"Bakı" (Bakı) - AZAL (Bakı)

"Gəncə" (Gəncə) - "Simurq" (Zaqatala)

MOİK (Bakı) - "Muğan" (Salyan)

"Xəzər-Lənkəran" (Lənkəran) - "Qəbələ" (Qəbələ)

"Neftçi" (Bakı) - "Qarabağ" (Ağdam)

Maraqlıdır, ötən mövsüm ilk altılıqda qərarlaşan komandalardan dördü artıq ilk turda üz-üzə gələcəklər. Bütün çempionatların iştirakçısı olan "Neftçi" və "Qarabağ" öz aralarında növbəti qarşılaşmaya çıxacaqlar. Lənkəranda isə iki əcnəbi mütəxəssis rəsmən Azərbaycanda debüt edəcəklər. Rumıniyalı Mirça Rednik və ingiltərəli Toni Adamsın müvafiq olaraq rəhbərlik etdiyi "Xəzər-Lənkəran"la "Qəbələ" münasibətlərini ayırd edəcəklər.

Unibank Premyer Liqasının 2010-2011-ci il mövsümünün püşkatma mərasimindən sonra bildirildi ki, yeni mövsümdə ötən mövsüm kimi matçlar eyni toplarla oynanılacaq. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev ötən il tətbiq olunan "altılıq" sisteminin özünü doğrultduğunu bildirib:

"Çempionun son saniyələrdə bilinməsi, həmçinin son mövsüm avrokuboklarda komandalarımızın göstərdikləri oyun buna sübutdur. Bu il də eyni sistem tətbiq olunacaq, lakin final mərhələsindəki "qızıl xallar" prinsipi ləğv olunur və komandalar təsnifat mərhələsində topladığı xallarla çempionatı davam etdirəcək".

Daha bir yenilik təqvimin sxemi ilə bağlıdır. Yeni sistemə görə, komandaların oyun ardıcıllığı dəyişdirilir. Mövsümün daha bir yeniliyi mükafatlandırma ilə bağlıdır. Belə ki, Unibank Premyer Liqasının qalibinə 150 000, II yeri tutan komandaya 100 000, III yeri tutan komandaya isə 70 000 manat mükafat veriləcək. Azərbaycan kubokunu qazanmış komanda 100 000, finalçı isə 50 000 manata sahib çıxacaq.

Yeni mövsümdən etibarən Unibank Premyer Liqasının və Azərbaycan kubokunun yayım hüququ klublara verilib. Bu il təqvimdə təxirəsalmalar olmayacaq. Yeni mövsümün təqvimi milli komandanın baş məşqçisi ilə birlikdə tətbiq olunub. Yeni mövsümdən legioner limitində 8+3 qaydası tətbiq ediləcək. Odur ki, bu il çempionat oyunlarında yerli oyunçuları daha çox görmək mümkün olacaq.