çap et  
Tehranda "soyqırım kitabı" qadağan edilib
Fars şovinistləri ermənilərin yanında yer alır
Şənbə, 24.07.2010

S.Soltan

Son günlər İran və Ermənistan rəsmilərinin çıxış və davranışı Tehranın İrəvana, İrəvanın Tehrana ciddi ehtiyacının yarandığını söyləməyə əsas verir. Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Tehran səfəri və İran rəsmiləri ilə görüşləri də hiss etdirdi.

İranın xarici işlər naziri Mənuçehr Müttəki ilə görüşü zamanı iranlı diplomat bölgədəki münaqişələrin dinc yolla həllinə tərəfdar olduqlarını söyləyib. İranın müdafiə naziri Əhməd Vahidi erməni həmkarı ilə görüşündə bölgədəki münaqişələrin həllində Ermənistanı fəal əməkdaşlığa çağırıb.

Seyran Ohanyanı İran prezidenti Mahmud Əhmədinejad da qəbul edib. Görüş zamanı tərəflər iki ölkə arasında əlaqələrin yüksək səviyyədə qurulmasının vacibliyini vurğuladılar. Danışıqlar zamanı İrandakı erməni icmasının iki ölkə arasında dostluğun möhkəmlənməsindəki rolu da qeyd edilmişdir.

Səfər çərçivəsində erməni nazir İslam Respublikasındakı erməni icmasının təmsilçiləri, erməni kilsəsinin keşişi ilə görüşüb.

Xatırladaq ki, Seyran Ohanyanın İrana səfərindən bir gün öncə Tehran hakimiyyətinin "erməni soyqırımı"na dair kitabın fars dilinə tərcümə edilərək yayılmasını yasaqlaması barədə xəbərlər yayılıb.

"İSNA"ya istinadən məlumatda bildirilib ki, bu haqda alman dilindən həmin "kitab"ı tərcümə edən Səid Firuzabadi danışıb: "Mən Jakoba Kunzlerin "Göz yaşı və qanla isinən torpaq" kitabını tərcümə etdikdən sonra "Nairi" nəşriyyatına müraciət etmişəm. Müraciətdən bir il ötsə də, indiyə kimi icazə ala bilməmişəm. Nəşriyyat bu kitabın çapını yasaqlayıb".

Səid Firuzabadi İran Azad Universitetinin professorudur. Agentliyin məsələ ilə bağlı yaydığı məlumata əsasən, İranda "erməni soyqırımı" və yəhudilərin faşistlər tərəfindən qətlanına - holokosta dair istənilən məlumatın yayılması qadağandır.

Erməni nazirin İrana səfəri zamanı belə bir xəbərin yayılması əslində tərcüməçinin Yerevandan dəstək umması kimi də başa düşülə bilər. Ancaq indiyə qədər İranın uyğun qurumları belə bir "kitab"ın çapının qadağan edilməsi ilə bağlı heç bir rəsmi məlumat açıqlamayıb. "Erməni soyqırım"ı ilə bağlı informasiyanın "yasaq"lanmasına gəldikdə isə, demək olar ki, hər il ermənilərin uydurduğu həmin tarixdə Tehran, İsfahan və İranın başqa şəhərlərində ermənilər həmin günü "anır"lar. Bundan başqa, bir neçə ilə öncə İran parlamentində bu "tarix"lə bağlı erməni deputatlar məsələ qaldırmışdılar. Odur ki, bu sayaq xəbərlərlə Tehran rəsmi Ankaraya onu erməni "soyqırımı" məsələsində dəstəklədiyini çatdırmaq istəyir. Erməni naziri qəbul etməklə ABŞ-ın müdafiə nazirinin ölkəmizə səfəri qarşısında bir jest edir.