Azərbaycanın ilk qadın kinomexaniki Nailə Bədəlovanın sənədləri, orden-medalları və başqa arxiv materialları Dövlət Film Fonduna təqdim edilib. Dövlət Film Fondundan verilən məlumata görə, bu materialları fonda onun qızı Sevinc Bədəlova təqdim edib.
Qeyd edək ki, Nailə Bədəlova 30-cu illərdən Bakı kinoteatrlarında kinomexanik işləməyə başlayıb. O, Bakının o zaman məşhur kinoteatrlarından "Təyyarə", "Forum" və "Nizami"də 50-ci illərin sonlarına qədər kinomexanik kimi fəaliyyət göstərib. Böyük Vətən Müharibəsinin iştirakçısı olub və bir çox orden, medallarla təltif olunub. Bununla yanaşı, Dövlət Film Fonduna tanınmış kinoşünas, sənətşünaslıq namizədi Arzu Bağırovun şəxsi kitabxanası və arxivi verilib. Arzu Bağırov Memarlıq və İncəsənət İnstitutunda çalışıb. Sənədlər və kitabxana onun qohumu, tanınmış bəstəkar Eldar Mansurov tərəfindən fonda təqdim olunub.
|