Hal-hazırda Ayna qəzetinin 24.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Jurnalist mükafatı hansı mənbədən qəbul edə bilər?
Jurnalist mükafatı hansı mənbədən qəbul edə bilər?
Öz peşə təşkilatından, çalışdığı redaksiyadan və siyasətlə məşğul olmayan ictimai təşkilatdan...
Şənbə, 24.07.2010

İsmayıl Umudlu mətn ölçüsü  

Milli mətbuatımızın 135 illiyi ilə bağlı törənlərdən biri də Azərbaycan Jurnalistlər Birliyinin ənənəvi Həsən bəy Zərdabi mükafatını təqdimetmə mərasimi idi. AJB-nin builki nominantları yeddi həmkarımız oldu. Bəturə Nəbiyeva (AzTV) uşaqların problemlərini əks etdirən "Mən də uşaq olmuşam" verilişinə görə; Akif Aşırlı ("Şərq" qəzetinin redaktoru) "Azərbaycan mətbuat tarixi" (2 cilddə) kitabına görə; Rafiq Oday (AJB Sumqayıt şəhər təşkilatının sədri) Sumqayıtın sosial-iqtisadi həyatını işıqlandıran silsilə məqalələrinə görə; Mirələkbər Ağasıyev (AJB üzvü) bədii foto sənətinin inkişafındakı xidmətlərinə görə; Pünhan Əfəndiyev ("Üç nöqtə" qəzeti) iqtisadiyyat sahəsində jurnalist araşdırmalarına görə; Hikmət Nuriyev (Azərbaycan radiosu) müəllif proqramlarına görə; Arif Əliyev ("Yeni nəsil" Jurnalist Birliyi) Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə ölkənin bu prestijli jurnalist mükafatına layiq görülmüşlər.

AJB sədri Elçin Şıxlı xatırlatdı ki, bu mükafatın əsas ünsürü ondakı Həsən bəy Zərdabi adıdır. Nominatlar hər il dəyişsə də, mükafatın məzmunu dəyişmir. AJB sədri qeyd etdi ki, 135 illik yubileyə müəyyən nailiyyətlərlə gəlsək də, cəmiyyətdə jurnalist sözünə ehtiram azalıb, söz azadlığı, jurnalist peşəkarlığı ilə bağlı problemlər var, ali məktəblərin jurnalistika fakültələrində təhsil alan gənclər jurnalistikanı şərəfli peşə kimi qavramırlar, lakin bununla belə jurnalistikaya gələnlərin sayı ildən-ilə artır. AJB sədri ümid edir ki, jurnalistikaya gələn gənc qüvvələr bu problemləri aradan qaldıra biləcəklər.

Nominantlardan bəzisini ilk dəfə görsəm də, fotoqraf Mirələkbər Ağasıyevi mən 70-ci illərin sonlarından tanıyıram. O zaman "İşıq" nəşriyyatında fotoqraf işləyirdi. Mirələkbərin bu vaxta qədər çoxlu sayda bədii foto topluları nəşr edilmiş, çoxlu sayda fotomüsabiqələrin qalibi olmuşdur. Öz işinin peşəkarı kimi tanınır. Elçin Şıxlı xatırladı ki, 1985-ci ildə Mirələkbər Ağasıyevin İspaniya barədə fotosərgisinə baxdıqdan sonra İspaniyanı sevmişdir.

AJB sədri növbəti nominanta - Pünhan Əfəndiyevə mükafatı təqdim edərkən qeyd etdi ki, ölkə jurnalistikasında ixtisaslaşma zəif gedir. Jurnalistin bir sahədə - bu halda iqtisadiyyat üzrə müvəffəqiyyətlə ixtisaslaşmasına Pünhan Əfəndiyevi misal göstərdi.

Nominant Arif Əliyev belə bir obrazlı ifadə işlətdi ki, Həsən bəy Zərdabi jurnalistikanın necə məşəqqətli bir yol olduğunu bildiyindən "Əkinçi" qəzetinin ilk sayını 1875-ci il iyulun 22-də - belə bir isti gündə işıq üzünə çıxarmış, yolun başlanğıcı üçün belə bir isti günü seçmişdi.

Yeri gəlmişkən, jurnalist peşəsinin böyük problemlər, çətinliklər yaşadığı bir ölkədə son həftələr bu peşə sahiblərinin mükafatlandırılmasında, media orqanlarına hörmət-izzət göstərilməsində sanki bir yarışma gedirdi. Məsələn, ayrı-ayrı nazirliklər, rayon icra hakimiyyətləri lazım bildikləri jurnalistlərin iştirakı ilə 135 illik toplantıları keçirir, kimlərisə mükafatlandırırdılar. Hər halda, Arif Əliyevdən bu "fenomeni" şərh etməsini xahiş etdik. Arif Əliyev:

- Sivil dünya praktikasına görə, jurnalist özünün peşə təşkilatından, siyasi fəaliyyətlə məşğul olmayan ictimai təşkilatdan və özünün çalışdığı media orqanından mükafat qəbul etmək hüququna malikdir. Bütün qalan mükafatlar - rüşvətdir! Bu üç qurumdan başqa qalan hər hansı təşkilatdan mükafat qəbul etmək - rüşvət sayılır, yaxud verilən mükafat jurnalistin meylini satın almaq cəhdi sayılır. Tutaq ki, hökumətindən mənzil almış jurnalist sonra həmin hökumətin nöqsanlı fəaliyyətindən yazar? Mükafatı qəbul edibsə, vicdanının səsinə qulaq asmalı, mənfi heç nə yazmamalıdır. Niyə mənzil başqa bir vətəndaşa, deyək ki, hansısa bir elm adamına deyil, məhz jurnalistə verilsin? Elmdə hansısa bir kəşfə imza atmış elm adamı qələmini satan jurnalistdən əskikdir bəyəm? Mən başa düşürəm, bizim hamımızın mənzil problemimiz var, istəyirik daha yaxşı yaşayaq və əgər görürüksə, jurnalistikada bunu təmin etmək mümkün deyil, satılmaq yox, peşəni dəyişmək lazımdır.

Nazirliklərin, dövlət komitələrinin "fəal", "çalışqan" saydığı jurnalistlərə mükafat təqdim etməsinə gəldikdə, Arif Əliyev dedi:

- Bizim təcrübəmizdə belə bir şey olub: "Gün səhər" qəzetinin əməkdaşı Elxan Salahova Təhsil Nazirliyi digər jurnalistlərlə bir yerdə pul mükafatı təqdim edir. Səhv etmirəmsə, məbləğ 400 manat imiş. Baxmayaraq Təhsil Nazirliyinə və təhsil nazirinə böyük hörmətimiz var, biz bunu redaksiyada müzakirə etdik. Mərasimdə Elxan Salahov həmin pulu götürüb dedi ki, peşə qaydalarımıza görə, biz yalnız jurnalist təşkilatlarından, öz redaksiyamızdan pul ala bilərik. Bu pula görə təşəkkür edirik və nazirdən xahiş edirəm mənə verdiyi bu pula Kəlbəcər qaçqınlarının məktəbinə parta alınıb göndərilsin. Belə olduqda, nazir çıxıb dedi ki, mən həmin məbləğin üstünə də özümdən bir o qədər qoyuram və sizə söz verirəm ki, bu pula həmin məktəbə partalar alınıb göndəriləcəkdir.

"Nazirlikləri biz özümüz pis öyrətmişik. Əgər nazirlikdə oturan əməkdaş bilirsə ki, jurnalist onun əlindən pul götürməyə hazırdır, yüz faiz bu işi edəcək ki, jurnalist həmin nazirliklə yaxın olsun, bu nazirliyin fəaliyyətinin nöqsanlı cəhətlərinə toxunmasın. Ona görə də mən bu cür hallarda nazirliklərdən çox jurnalistləri təqsirləndirirəm", - deyə Arif Əliyev bildirdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Adlar seçimin obyektivliyini dəqiq əks etdirdi

Əsrdən uzun "Əkinçi" yolu Məmləkətin ilk qəzetinin nəşrini düşünərkən

Akif Aşırlıdan mətbuat tarixi

Bölmənin digər xəbərləri
 
Akif Aşırlıdan mətbuat tarixi
Redaktor araşdırmasının 2-ci cildini işıq üzünə çıxardı

Gələn ay pensiya və müavinətlər artır
Gələn aydan respublikada pensiya və müavinətlərin həcminin artacağı gözlənir.

Səhiyyə Məcəlləsi hazırlanır
Yaxın vaxtlarda Səhiyyə Məcəlləsi hazırlanacaq.

Ailə Məcəlləsinə yeni təkliflər gəlir
Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər sırasında ailə quran cütlüklər arasında nikaha daxil olmazdan öncə nikah müqaviləsinin imzalanması, onlardan sağlamlıqla bağlı arayış tələb edilməsi məsələləri var.

Hərbi sahədə informasiya əldə etmək...
Bu da mədəniyyət tələb edir

Hərbi mətbuat tariximiz də var
Hərbi mövzuda yazılar "Əkinçi" ilə yaşıddır

Dünən II ixtisas qrupunda qəbul imtahanları idi
Məleykə Abbaszadə: "Bu il 600-dən çox bal toplayanlar daha çox olacaq"

Cəsarətli jurnalistikaya ehtiyac
Media Mərkəzində 22 iyul Mətbuat günü, Azərbaycan mətbuatının 135 illiyilə bağlı toplantıda ölkədə jurnalistikanın problemləri olduğu, ifadə azadlığı sahəsində problemlər yaşandığı barədə söz getmiş, həm də bu problemlərin aradan qaldırılmasının gəncləşməsi vacib olan "cəsarətli jurnalistika"dan keçdiyi vurğulanmışdır.

Azərbaycanlıların adqoyma fantaziyası zəifdir
Körpələrə niyə çayların, göllərin, dağların, yazılı ədəbiyyat qəhrəmanlarının adları verilməsin?

Ali təhsil ocaqlarında adambaşına maliyyələşdirmə tətbiq ediləcək
Lakin tələbəyə azad seçim imkanı tanınır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər