Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə keçid gözlənilir. Təhsil müəssisələrinin maliyyələşdirilmə mexanizminin təkmilləşdirilməsi və əslində tamamilə yenidən qurulması "Təhsil haqqında" qanunda nəzərdə tutulur. Yeni maliyyələşdirmə mexanizminin ən sadə anlamda məzmunu təhsil müəssisələrinin hər bir təhsil alana düşən xərc norması üzrə maliyyələşdirilməsindən ibarətdir.
Başqa sözlə, maliyyələşdirmə əvvəlcədən aparılmır və təhsil alanın arxasınca onun seçdiyi təhsil müəssisəsinə gedir. Bu ildən başlayaraq sözügedən mexanizmin hələlik ali təhsil müəssisələrində tətbiqinə başlanacaqdır. Artıq bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı var və Maliyyə Nazirliyi, eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir.
Milli Məclisin elm və təhsil komitəsinin sədri, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin sözlərinə görə, yeni maliyyələşdirmə mexanizmi ali təhsil sistemində sağlam rəqabətin bərqərar olmasına, dövlət və özəl ali məktəblər arasında ayrı-seçkiliyin aradan qalxmasına və son nəticədə bütövlükdə ali təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaqdır. Onun fikrincə, yeni maliyyələşdirmə mexanizmi "Təhsil haqqında" qanunun tələblərinə tam uyğun olmalıdır. Yəni universitetlər ixtisaslar üzrə qəbul planlarını müəyyən edərkən dövlət sifarişi və ödənişli təhsil üzrə yerləri ayırmamalıdırlar:
"Universitetlər, ümumiyyətlə, hər bir ixtisas üzrə nə qədər mütəxəssis hazırlanmasının mümklünlüyünə dair potensial imkanlarını bildirməlidirlər. Eyni zamanda, ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsil alana düşən xərc normalarının düzgün hesablanması yeni sistemin özünü doğrultmasında mühüm rol oynayacaqdır. Belə olan şəraitdə tələbənin azad seçim etməsi mümkün olacaqdır. Ən əsası, yuxarıda qeyd etdiyim kimi, dövlət və özəl ali məktəblər arasında sağlam rəqabət mühiti yaradılacaqdır".
Xatırladaq ki, dövlət başçısının müvafiq sərəncamına əsasən, bir qrup vətəndaş ali təhsil müəssisələrində təhsil haqlarından azad olunublar. Ş.Hacıyev hesab edir ki, yeni maliyyələşdirmə mexanizminin tətbiqi zamanı qeyd olunan vətəndaşların təhsil haqlarının dövlət tərəfindən ödənilməsi məqsədəuyğun olardı. Onun dediklərindən məlum oldu ki, İqtisad Universitetində bu kateqoriyadan olan 1300-dən çox tələbə vardır. Bu tələbələrin ödəməli olduğu təhsil haqqının kifayət qədər yüksək məbləğ olduğunu təsəvvür etmək mümkündür:
"Digər bir məsələ kimi, iqtisadyönümlü ixtisaslar üzrə təhsil haqqının 1500 manat məbləğində müəyyən edilməsi narahatlıq doğurur. Hesab edirəm ki, bu məbləğin təxminən iki dəfə artırılmasına ehtiyac vardır. Bu məsələ tərəfimizdən Prezident yanında Təhsil Komissiyasının müşavirəsində də qaldırılıb".
Ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə ehtiyacı həmişə var. Son illər texnologiyanın inkişafı ilə əlaqədar bu ehtiyac daha da artıb. Ş.Hacıyev deyir ki, bu məqsədlə ali təhsil müəssisələrində tədrisin keyfiyyəti yüksəldilməlidir. Tədris prosesində şəffaflığın artırılması, neqativlərin aradan qaldırılması və hazırlanan mütəxəssislərin müasir bazar iqtisadiyyatının və əmək bazarının tələblərinə cavab verməsi də əsas məsələlərdəndir. Komitə sədrinin fikrincə, xüsusilə magistratura təhsilinin lazımi səviyyədə həyata keçirilməsi üçün daha çox vəsaitə ehtiyac olduğu nəzərə alınmalıdır. Ali təhsilin magistratura səviyyəsində təhsilin təşkili və onun modernləşdirilməsi əsas müzakirə mövzusudur. Rektor:
"Magistraturanın bakalavrın sanki bir əlavəsi kimi fəaliyyət göstərməsi yolverilməzdir. Magistratura təhsili üçün yeni standartlar və tədris proqramlarının hazırlanması vacibdir".
Yeri gəlmişkən, təhsil qanununda magistratura təhsilinin təşkilinə dair ümumi tələblər və beləliklə də onun harada təşkil edilməsinin mümkünlüyü konkret müəyyən olunur. Müsahibim hesab edir ki, Bolonya prosesinə keçidin başa çatdırılması bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə müvafiq kadr hazırlığının keyfiyyətinin yüksəldilməsini, milli iqtisadiyyatın yüksək ixtisaslı kadrlara olan ehtiyacının tam ödənilməsini və ali təhsilimizin Avropa ali təhsil məkanına səmərəli inteqrasiyasının təmin edilməsini şərtləndirəcəkdir.
Bəlli olduğu kimi, təhsilin inkişafı ilə bağlı xeyli sayda dövlət proqramı icra olunur. Sizcə, proqramlar yolu ilə islahatlar bu sahədə hansı nəticələri verir? Bu sualı cavablandıran millət vəkili dünya təcrübəsinə isnad edir:
"Təcrübə göstərir ki, sistemli islahatların həyata keçirilmə prosesində proqram-məqsədli yanaşma ən effektiv üsullardan biridir. Təkmilləşdirilməsi, yaxud keyfiyyətcə yenidən qurulması istənilən sosial-iqtisadi münasibətlər kompleksinin mahiyyət mürəkkəbliyi, çoxşaxəliliyi və çoxlaylılığı onların aydın konturları və hədəflənən konkret məqsədləri olan altsistemlərə bölünməsi zəruriliyini ortalığa qoyur. Yalnız bu halda islahatların sistemlilik keyfiyyətinə nail olmaq və alınan nəticələrin effektivliyini təmin etmək mümkündür. Kifayət qədər mürəkkəb konfiqurasiyaya malik olan təhsil sferasında isə, ümumiyyətlə, proqram-məqsədli yanaşma alternativi olmayan üsul kimi çıxış edir. Proqram-məqsədli yanaşmadan gözlənilən nəticələrin gerçək məzmun daşımaması yalnız bir halda - proqramlararası koordinasiya və tənzimlənmənin kifayət səviyyədə olmadığı bir şəraitdə mümkündür".
Hazırda təhsil sferasında 14 dövlət proqramı həyata keçirilir. Aparılan ümumiləşdirmələr göstərir ki, təhsilin bütün pillələrini və səviyyələrini əhatə edən bu proqramların reallaşdırılması prosesi təhsil sisteminin keyfiyyətcə yeniləşməsində əhəmiyyətli irəliləyişlərə nail olmağa imkan verib.
|