Media Mərkəzində 22 iyul Mətbuat günü, Azərbaycan mətbuatının 135 illiyilə bağlı toplantıda ölkədə jurnalistikanın problemləri olduğu, ifadə azadlığı sahəsində problemlər yaşandığı barədə söz getmiş, həm də bu problemlərin aradan qaldırılmasının gəncləşməsi vacib olan "cəsarətli jurnalistika"dan keçdiyi vurğulanmışdır. Toplantıya ABŞ-ın Azərbaycan səfirliyinin mətbuat katibi Keyt Bin də qatılmışdı ("Turan").
Milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin xidmətləri bu toplantıda xüsusi qeyd edilmiş, bu böyük şəxsiyyətin ictimai həyata laqeyd Azərbaycan insanından "şagird, tamaşaçı, seyrçi, oxucu" təbəqələri formalaşdırdığı deyilmişdir.
Bildirilmişdir ki, Mərkəz bu ilin sentyabrında İsveçdə parlament seçkilərini izləyə bilmək üçün ölkə jurnalistləri arasında müsabiqə keçirəcəkdir. Müsabiqə sırf seçkilərə aid olub, seçki təbliğatında qara piarın hansı formalarına rast gəlinməsi, seçki təbliğatında mətbuatın imkanlarından necə yararlanmaq, seçki texnologiyalarından jurnalistin necə duyuq düşməsi kimi mövzulara həsr edilir. Nəticə olaraq müsabiqədə qalib gələn 8 jurnalist bir həftə müddətində İsveçdə seçkiləri izləmək hüququ qazanacaq.
|