Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən 2010-2011-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. TQDK sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında bildirib ki, qəbul imtahanı Bakı şəhərində 46, Naxçıvan şəhərində 2 binada aparılıb. Bakı və Sumqayıt şəhərlərinin orta ümumtəhsil məktəblərindən 1899 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 193 imtahan rəhbəri cəlb olunub. 2010-cu ildə II qrup üzrə 28072 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 24732 nəfəri Azərbaycan, 3340 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 18257 nəfərini oğlan, 9815 nəfərini isə qızlar təşkil edib. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 134 abituriyent xarici ölkə vətəndaşıdır. 100 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 768 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Bu qrup üzrə ən yaşlı abituriyent 1956, ən gənc isə 1995-ci ildəndir. Bakı şəhərində 26814, Naxçıvan şəhərində 1258 abituriyent imtahan verib.
M.Abbaszadə deyib ki, imtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq və imtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında yerləşdiriləcək.
Komissiya sədrinin sözlərinə görə, II ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanacaq. Test imtahanının nəticələrinin iyulun 25 və ya 26-da açıqlanması nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "imtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər. M.Abbaszadə bütün qruplar üzrə ixtisas seçiminin iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacağını da söyləyib.
Yüksək nəticə göstərən abituryentlərlə bağlı açıqlama verən komissiya sədri qeyd edib ki, "ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında 600-dən çox bal toplayan abituriyentlərin sayı ötən ildəkindən çox olacaq". Onun sözlərinə görə, bu il 600-dən çox bal toplayanlar respublikanın bütün regionlarını təmsil edir.
TQDK sədri qeyd edib ki, imtahanlarda abituriyentlərin aşağı bal toplaması abituriyentlərin bilik səviyyəsinin aşağı olmasından irəli gəlir:
"Adətən proqramlarda dəyişiklik baş verən, yeni dərsliklər istifadəyə buraxılan illərdə uşaqların həmin fənlər üzrə bilik səviyyələri aşağı düşür. Hesab edirik ki, belə olanda müəllimlərin də həmin fənlər üzrə bilikləri mənimsəməsi göstəricisi aşağı düşür".
M.Abbaszadə deyib ki, TQDK-nın ali məktəblərə hazırlıq üçün fənlər üzrə yeni vəsaitləri işıq üzü görən illərdə həmin fənlər üzrə göstəricilər yüksəlir: "Bu il biologiya üzrə vəsait gec buraxıldı. Ona görə də bu, gələn il IV qrupa qəbul imtahanlarında öz təsirini göstərəcək".
Tədbir zamanı TQDK sədri abituryentlərin nəzərinə bir elanı da çatdırıb. O qeyd edib ki, Heydər Əliyev Fondu və Litvanın Azərbaycan səfirliyi arasında bağlanmış müqaviləyə əsasən, 2010-2011-ci tədris ili üçün Litvanın təhsil müəssisələrində Azərbaycan gənclərinin dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilib. M.Abbaszadə həmçinin bildirib ki, bakalavr təhsili üzrə müsabiqədə cari tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmiş və ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. I, II və III ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənnindən nisbi balı 80-dən az olmamalıdır. IV ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənni üzrə attestat qiyməti 5 olmalıdır.
Müsabiqədə həmçinin Azərbaycanın ali təhsil müəssisələrinin müvafiq ixtisas üzrə 2010-cu ildə I kursu bitirmiş tələbələri də iştirak edə bilərlər. Magistratura səviyyəsi üzrə müsabiqədə iştirak etmək hüququna cari tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturasına qəbul imtahanlarında müsabiqə şərtlərini ödəmiş, bununla yanaşı, imtahanın birinci mərhələsində ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmayan bakalavrlar malikdirlər.
Magistraturaya əlavə yerləşdirmə ilə bağlı jurnalistlərin suallarını cavablandıran TQDK sədri qeyd edib ki, ali məktəblərin magistratura pilləsinə boş qalan plan yerlərinə əlavə yerləşdirmə haqqında elan gələn həftə elan ediləcək. Onun sözlərinə görə, əlavə yerləşdirmə haqqında elanın iyulun 26-da "Magistr" jurnalında dərc edilməsi nəzərdə tutulur.
|