Bəlli olur ki, ölkədə mövcud qanunvericilik əslində KİV və QHT-lərə müdafiə və təhlükəsizlik sektoru ilə bağlı kifayət qədər ictimai faydalı məlumat əldə etməyə imkan yaradır. Amma bu heç də bu sahədə problemin çözümü üçün bəs eləmir. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin və "Hərbi Jurnalistlər" İctimai Birliyinin birgə keçirdiyi "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" layihəsi belə bir nəticəyə gəlib.
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyələşdirdiyi bu layihə dövründə 30-dan artıq QHT rəhbəri, media təmsilçisi, ekspert, politoloqla fikir mübadiləsi aparıldı, debatlar keçirildi və nəhayət, "Hərbi sahədə informasiya əldə etmək mədəniyyəti: Azərbaycan və dünya təcrübəsi" adlı kitab ərsəyə gəldi.
Əsas diqqət cəmiyyətdə hərbi sahədə informasiya əldə etmək imkanlarının qaldırılması yollarını araşdırmağa yönəlmişdi. Çoxsaylı müzakirələr zamanı ortaya çıxarılan nəticələr:
- birincisi, hərbi sahədə jurnalistlərin hazırlığı çox aşağı səviyyədədir. Əksər media işçiləri ən adi hərbi terminlərlə bağlı məlumatlı deyil. Problem təkcə bununla bitmir. Arabir hərbi sahə ilə bağlı məqalələr, xəbərlər yazan bir çox müəlliflər hansı xəbərin hərbi sirr olması, hansı məlumatınsa açıq olmasını ayırd edə bilmirlər. Bu da sözsüz ki, onların səmərəli fəaliyyətinə əngəl törədir. Eyni zamanda, bu hal ictimai faydalı məlumatları cəmiyyətdən gizlətmək üçün səylər göstərən güc strukturlarının bir sıra məmurları üçün göydəndüşmə fürsətdir;
- ikincisi, güc strukturlarının əksəriyyətində KİV və QHT-lərə ictimai faydalı məlumatlar verilməsinə məhdudiyyətlər qoyurlar. Bunun səbəbləri çoxdur, amma araşdırmalar üç əsas problem üzərində cəmlənir:
1. Güc strukturlarının cəmiyyəti məlumatlandırma üzrə vahid strategiyası yoxdur,
2. Bu strukturların əksəriyyəti cəmiyyətlə münasibətlərə, daha doğrusu, informasiya verilməsinə məsul rəsmiləri peşəkarlıq problemi ilə üzləşiblər,
3. Güc strukturlarının bəzi rəhbər vəzifəlilərinin arzuolunmaz səyləri ilə bağlı problem mövcuddur. Bu bir sıra hallarda cəmiyyət üçün zəruri olan məlumatların yayılmasına süni məhdudiyyətlərin qoyulmasına səbəb olur.
Əslində KİV-in və eyni zamanda güc strukturlarının mətbuatla münasibətlərinə məsul şəxslərinin hərbi sahədə açıq qeyri-peşəkarlığının əsas səbəblərindən biri bu sahədə ixtisaslaşmanın zəifliyidir.
"Ən azı KİV üçün güc strukturları tərəfindən seminar və konfransların keçirilməsi zəruri görünmürmü? Bu sahədə Ukrayna və Gürcüstan təcrübəsini tətbiq etməyə Azərbaycan Müdafiə Nazirliyinə nə mane olur?", - deyə layihə müəllifləri sual ortaya qoyurlar. Onların fikrincə, Azərbaycanın güc strukturlarının əksəriyyəti hələ də keçmiş SSRİ-nin informasiya qapalılığı sistemini təkrarlamağa üstünlük verir və təəssüf ki, onların bir çoxunun informasiya siyasəti müasir dəyişikliklərə uyğunlaşmayıb.
"Doktrina" mərkəzi hesab edir ki, regionun digər dövlətlərindən fərqli olaraq, bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuq planı, Müdafiə Nazirliyi və Baş Qərargahda aparılan ştat-struktur islahatlarının məğzi, hərbi qulluqçuların gələcək sosial təminatı planı, Hərbi Doktrina, Milli Təhlükəsizlik Konsepsiyası, Strateji Müdafiə İcmalı, o cümlədən NATO ilə imzalanan Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı kimi sənədlər cəmiyyət üçün qapalıdır: "Belə görünür ki, bu istiqamətdə mədəniyyətimizin inkişafı problematik xarakter daşıyır".
Hesab edilir ki, Azərbaycanda hərbi sahədə informasiya əldə etmək mədəniyyətini yüksəltmək üçün bir sıra addımlar atılmalıdır. İlk növbədə media və QHT-lər müdafiə və təhlükəsizlik sektoru ilə bağlı ictimai faydalı məlumat əldə etmək üçün sona qədər mübarizə aparmalıdır, bu istiqamətdə məhkəmə proseslərindən belə qaçılmamalıdır. Eyni zamanda, cəmiyyətdə müdafiə xərclərinin müstəqil şəkildə monitorinqini həyata keçirən QHT strukturları formalaşmalıdır.
Milli donorların müdafiə və təhlükəsizlik sektorundakı problemlərin çözülməsi yollarını arayan KİV və QHT-lərə dəstək göstərməsi, bununla da cəmiyyətdə müdafiə və təhlükəsizlik sektoru ilə bağlı ardıcıl müzakirələr keçirilməsinə yardım zəruridir.
Güc strukturlarının vahid informasiya siyasəti mexanizminin yaradılması da vacib sayılır. Bu çərçivədə ayrı-ayrı məmurların səlahiyyəti və cavabdehliyi müəyyənləşməlidir, hər hansı informasiyanı vermədiyinə və ya gecikdirdiyinə görə məmurların daşıdığı məsuliyyət aydın olmalıdır. Bununla yanaşı, güc strukturlarının mətbuat xidmətləri və ictimaiyyətlə əlaqə departamentləri təkmilləşməli, kadrlar yenilənməli, istifadə olunan texnika və vasitələr müasirləşdrilməlidir. Güc strukturlarının nəzarətində olan mətbuat orqanlarının müstəqilləşdirilməsi və onların müasir standartlara uyğun fəaliyyətinə yardım da lazım bilinir.
Hərbi sirr və dövlət sirri ilə bağlı qanunvericilik sənədləri təkmilləşdirilməli, dünyanın demokratik ölkələrində olduğu kimi, hərbi sahədə əldə etdiyi informasiyanı yaydığına görə KİV məsuliyyətdən azad edilməlidir.
|