Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkənin dini həyatı ilə bağlı "Turan"a şərh verib. Rus Pravoslav Kilsəsinin (RPK) Dağlıq Qarabağda kilsə tikmək niyyətilə bağlı açıqlama verən Paşazadə qeyd edib ki, bu məsələnin qarşısını almaq üçün Bakı və Xəzəryanı yeparxiyanın başçısı Aleksandr bu günlərdə Moskvaya yola düşüb.
Bundan əlavə, Paşazadə ya avqustun birinci ongünlüyündə, ya da orucluqdan sonra RPK rəhbəri Kirillə görüşəcəyini deyib. Görüşdə bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağda kilsə tikintisi məsələsinin də müzakirə obyekti olacağı deyilib.
Bununla yanaşı, A.Paşazadə Dağlıq Qarabağda pravoslav inanclıların həddən artıq az olduğunu deyərək və digər əsaslar göstərmədən, RPK-nın Dağlıq Qarabağda kilsə tikməsinin inandırıcı görünmədiyini bəyan edib.
Belə bir fikir var ki, ruslara Qarabağda kilsə tikdirmək planı erməni çevrələri tərəfindən düşünülmüş və ruslara təlqin olunmuş bir siyasi fitnəkarlıqdır və ermənilərin bu fitnəkarlığının iflasa uğrayacağı güman olunur. Şeyxülislamın da qeyd etdiyi kimi, Dağlıq Qarabağda pravoslav inancında bir neçə ailə olar, ya olmaz. Digər tərəfdən hələ köhnədən Şuşada kiçik bir rus kilsəsi mövcud idi.
Bundan əlavə, ermənilərin əlində qalan Azərbaycan döyüşçüsü Mübariz İbrahimovun meyitinin geri alınması üçün də danışıqlar gedir və A.Paşazadə bu məsələnin həll ediləcəyini bildirib.
Məscidlərin tikintisi və təmirilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tərkibində yaradılan Şurada QMİ-nin iştirakı məsələsinə QMİ sədri müsbət cavab verməyib. Belə ki, A.Paşazadə Şuranın dövlət qurumu olan komitə tərkibində yaradıldığını xatırladaraq, QMİ-nin bu qurumda iştirakının Konstitusiyanın "din dövlətdən ayrıdır" tələbinə zidd olduğunu söyləyib.
"Fatimeyi-Zəhra məscidi"nin gələcək taleyilə bağlı danışan A.Paşazadə dövlət başçısı İlham Əliyevin göstərişilə məscidin QMİ-nin sərəncamına verildiyini deyib. Eyni zamanda, A.Paşazadə məscidin bütünlüklə idarənin tabeçiliyinə keçməsi üçün məhkəmə prosedurundan keçməsinin vacibliyini vurğulayıb. Həm də QMİ sədri bundan sonra məscidlə bağlı digər məsələlərin də həllini tapacağını söyləyib.
|