![]() |
çap et |
|
|||
Azərbaycan dünən Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarından Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasına şikayət göndərib. Bu barədə Azərbaycan hökumətinin Avropa Məhkəməsindəki xüsusi nümayəndəsi Çingiz Əsgərov "Turan"ın sualının cavabında bildirib.
Çingiz Əsgərovun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarı iyulun 22-də icra qüvvəsinə minir və Böyük Palata Azərbaycan hökumətinin şikayətini rədd edərsə, məhkəmənin qərarı qüvvəyə minəcək. Bu il aprelin 22-də Avropa İnsan Hüquqları Məhkəməsi "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb və jurnalistin dərhal azadlığa buraxılması barədə qərar qəbul edib. Eyni zamanda, Avropa məhkəməsi Azərbaycan dövlətini jurnalistin xeyrinə 25 min avro məbləğində cərimə edib. E.Fətullayev Avropa məhkəməsinə onun barəsində Azərbaycan məhkəmələrinin iki həbs qərarından şikayət verib. O, 2007-ci ilin aprelində birinci məhkəmə qərarı ilə 2 il 6 ay, həmin ilin oktyabrında ikinci məhkəmə qərarı ilə 8 il 6 ay həbs cəzasına məhkum edilib. 2009-cu ilin dekabrında isə jurnalistə qarşı həbsxanada narkotik saxlama ittihamı ilə yeni iddia irəli sürülüb və o, 2 il yarım müddətə azadlıqdan məhrum edilib. |