Dünən "Borçalı" İctimai Cəmiyyəti ötən ilin sentyabrında Borçalı ilə bağlı elan etdiyi müsabiqənin yekunlarına dair tədbir keçirib. "Saraclı" restoranında baş tutan tədbirdə "Borçalı" İctimai Cəmiyyətinin İH üzvü Şahbaz Şamıoğlu bütün jurnalistləri qarşıdan gələn mətbuat günü münasibəti ilə təbrik edərək deyib ki, "Borçalı" İctimai Cəmiyyəti tərəfindən aparılan monitorinq nəticəsində Borçalı ilə bağlı kifayət qədər yazılar dərc edən media orqanları müsabiqənin qalibləri sırasına daxil edilib. "Biz qaliblər arasında 1, 2, 3-cü yer fərqi qoymamışıq. Hesab edirəm ki, bütün qaliblər birinci yerə layiqdir".
"Borçalı" İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də jurnalistləri 22 iyul Milli Mətbuat günü ilə bağlı təbrik edib. O deyib ki, Borçalı ilə bağlı yazılar dərc edən, verilişlər hazırlayan yazılı və internet mediası, telekanal əməkdaşları arasından "Ən sədaqətli dost", "Ən yaxşı tədqiqatçı jurnalist", "Ən obyektiv və operativ informasiya orqanı", "Ən yaxşı publisist", "Borçalı" İctimai Cəmiyyətinin dostu" nominasiyaları üzrə qaliblər müəyyənləşdirilib və mükafatlandırılıb.
"Borçalı" aşağıdakı media orqanlarını qaliblər sırasına daxil edib: "Zerkalo", "Yeni Müsavat", "Olaylar" , "Hürriyyət", "Şərq", "Türküstan", "Ekspress", "Bizim Yol", "525-ci qəzet", "Bakı Xəbər", "Xalq Cəbhəsi", "Mərkəz", "Xural", "Euro Xəbər", "Gündəm", "Region Press", "Azadlıq", "Təzadlar", "Reytinq" qəzetləri, APA , "Turan" informasiya agentlikləri, Anspress.com, Borçali.net, Regionmedia.net , Lent.az, Modern.az, Mia.az , Ria.az saytları, ATV, AzTV, İctimai televiziya , Xəzər TV, Günaz TV telekanalları.
Qeyd edək ki, qaliblər arasında qəzetimizin 3 əməkdaşı da yer alıb. Belə ki, "Ən yaxşı tədqiqatçı jurnalist" nominasiyası üzrə jurnalistlər Sədrəddin Soltan, Elçin Eldəniz və Ceyran Bayramova qalib elan olunublar.
|