Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Kremlin Quzey Qafqaz siyasəti dəyişir
Kremlin Quzey Qafqaz siyasəti dəyişir
Bölgəni əlində saxlamaq istəyirsə, buna məcburdur
Şənbə, 17.07.2010

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM)
mətn ölçüsü  

2009-cu ilin sonlarında Rusiya Federasiyası prezidenti Dmitri Medvedyevin qərarı ilə Quzey Qafqaz Federal Dairəsinin yeni coğrafi sərhədləri müəyyən edildi. Rusiyanın 450 illik Quzey Qafqaz siyasətində ilk dəfə olaraq Krasnodar, Rostov, Həştərxan, Volqoqrad vilayətləri, Adıgey və Kalmıkiya respublikaları ayrıca "Güney Rusiya Federal Dairəsi" statusunda rəsmiləşdirildi. Dağıstan, Çeçenistan, İnquşetiya, Quzey Osetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz respublikaları və Stavropol vilayəti ayrıca federal dairə hüququ əldə etdilər. Quzey Qafqaz artıq Rostov-Don şəhərindən deyil, Stavropoldan yönləndiriləcək. Bu inzibati vahid haqqında son dəyərləndirmələr artıq Qafqaza strateji baxışlarda yeni təfsirlərə yol açır.

Yeni iqtisadi hücum planı

Rusiyanın digər regionlarından fərqli olaraq Quzey Qafqazda sosial, iqtisadi, milli problemlər daha dözülməz şəraitdədir. 2 milyon 650 min nəfər əhalisi olan Dağıstan, 700 minlik Çeçenistan, 540 minlik İnquşetiya, 700 minlik Quzey Osetiya, 900 minlik Kabarda-Balkar, 450 minlik Qaraçay-Çərkəz, 450 minlik Adıgey, 2 milyon 750 minlik Stavropol vilayəti həm də toplam 200 min kv. km. ərazidir. Rusiyanın siyasi, inzibati vahidi olaraq Quzey Qafqazın istənilən an mərkəzin nəzarətindən çıxa bilməsi kimi çox dərin bir təhlükə yaşanılır.

Yəni hazırda regionda ikihakimiyyətli bir siyasətə dayanıqlı proses gedir, Bir tərəfdən, prezident Dmitri Medvedyevin "modernləşmə", digər yandan isə "klassik rus mühafizəkar siyasəti"ni yürüdən baş nazir Vladimir Putinin atdığı addımlar siyasi dilemmaya səbəb olub.

Ötən həftə Vladimir Putinin rəhbərliyi altında Stavropol vilayətinin Kislovodsk şəhərində "Quzey Qafqazın iqtisadi durumu, planlar və perspektivlər" adı altında böyük bir iqtisadi forum keçirildi. Quzey Qafqaz respublikalarının prezidentləri və hökumət təmsilçiləri hər regionun konkret inkişaf planı barədə öz təkliflərini verdilər. Bu forumda əsasən maliyyə və iqtisadi yatırımlara üstünlük verildi. Bu addımı ilə Vladimir Putin son zamanlar siyasi reytinqi artmaqda davam edən Dmitri Medvedyevdən sanki daha üstün səviyyədə fərqləndiyini sərgiləmək istəyirdi.

Halbuki məhz Vladimir Putinin nəzarətində olan güc birlikləri regionda qəddar bir ardıcıllıqla antiterror əməliyyatları yürüdür. Partlayışlara, insanların oğurlanmasına, dəhşətli korrupsiya şəbəkəsinə görə onlar cavabdehlik daşıyır. Hüquq-mühafizə orqanlarının özbaşına dövlət idarəetmə siyasəti, özgə cür düşünən vətəndaşların təqibi Kremlə olan total inamsızlıq yaradıb. Bütün bunlar baş nazir Vladimir Putin tərəfindən əslində görməzliyə vurulur.

REKLAM

Sözügedən iqtisadi forumda isə Vladimir Putin "Rusiya Qafqaza sülh gətirmək istəyir" şüarlarını səsləndirdi...

Vladimir Putin dövlət büdcəsindən Quzey Qafqaza istənilən miqyasda maliyyə dəstəyini verməyə hazır olduğunu elan etdi. Belə bir fikir doğdu ki, baş nazir bunu region rəhbərlərini öz tərəfinə çəkmək məqsədilə edir. Əslində isə Moskva "iqtisadi və maliyyə dəstəyi" adı altında Quzey Qafqaza yeni yürüş strategiyasını sərgiləyir.

Təkcə 2008-2010-cu illər ərzində Güney Osetiyanın inkişaf proyektinə ayrılan 28 milyard rubl (600 milyon dollar) vəsait Rusiya hökuməti tərəfindən ayrılan kimi elə Moskvanın özündə - yerindəcə mənimsəndi. Bu prosesin indi də Quzey Qafqaz regionlarına tətbiq olunacağı istisna deyildir. Əgər belədirsə, baş verənlər yeni qaranlıq mətləblərdən soraq verir.

Bəlli "modernləşmə siyasəti" və Quzey Qafqaz

Vladimir Putindən fərqli olaraq prezident Dmitri Medvedyev Quzey Qafqaz Federal Dairəsinin idarə olunmasına başqa rakursdan baxır. Prezident bu subyektə Aleksandr Xloponini özünün şəxsi nümayəndəsi təyin edib. Prezident D.Medvedyev və A.Xloponin istəyirlər ki, dövlət büdcəsindən ayrılan vəsait onların öz nəzarətlərində olsun. Onlar bu gün ünvanlı iqtisadi inkişaf platformasının tərəfdarı rolunda çıxış edirlər.

Baş nazir Quzey Qafqaz regionlarının sosial-iqtisadi inkişafı üçün büdcədən əlavə 160 milyard rubl vəsait ayrıldığını elan etməklə öz mövqeyini gücləndirməyə ümid edirsə, modernləşmə siyasətinin əsas strateji hədəfi - heç bir reklama bel bağlamadan proseslərə sakitcə nəzarət etməklə ümumi inkişafa dəstək verməkdir. Bütün bunlarda əsas məqsəd - Quzey Qafqazı itirməməkdir. Çünki belə bir perspektiv açıq görünür və Rusiyada artıq çoxları bunu acı bir reallıq kimi etiraf etməyə başlayıblar. Bu perspektiv Kremlin mətbəxində hazırlanmış xüsusi arayışların özündə belə qeyd olunur:

"Rusiya bir dövlət olaraq öz gücünü qorumaq istəyirsə, Quzey Qafqazdan getmək zorundadır. Bu addım atılmazsa, dövlətin bütün gücü regionda aparılan mübarizələrdə tədricən tükənəcək və bu da acı nəticələr və fəsadlara səbəb olacaqdır".

Rusiya üçün çox önəmli olan bu region isə bu gün iqtisadi, maliyyə və sosial böhranların burulğanında çalxalanır və onu əldə saxlamaq get-gedə çətinləşir. Öz sələflərindən fərqli olaraq D.Medvedyevin önəm verdiyi "iqtisadi təhlükəsizlik doktrini" və "modernləşmə" kimi strateji hədəfləri bu arzuedilməz perspektivin qarşısının alınacağına yeni ümidlər yaradıb. Belə bir düşüncə var ki, mülayim siyasətlə, keçmişdə olanları unutmaq şərtilə irəliyə doğru birgə addımlamaq mümkünləşər. Yəni heç də hər şey itirilməyib.

Hələliksə görünən odur ki, Quzey Qafqaz Rusiyanın "Axilles dabanı"dır. Bu bölgə Rusiyanın imperiya kimi mövqeyini qoruyub saxlama təşəbbüslərinin önündə dərin bir quyu hesab olunur. İndi Rusiya cəmiyyətində formalaşmaqda olan yeni nəsil yürüdülməkdə olan Quzey Qafqaz siyasətinə təəccüblə baxır. Müasir rus lətifəsində olduğu kimi:

Savaş zamanı komandir əsgərlərə müraciət edir: "Vətəni daha çox kim sevir?". Əsgərlərdən biri cavab verir: "Mən, yoldaş komandir". Komandir ona əmr verir ki, onda götür bu qumbaranı və özünü at tankın altına. Əsgər bu əmrə "Mən ölsəm, onda vətəni kim sevər?" cavabını verir.

Modern baxış siyasəti tərəfdarlarının fikrincə, Quzey Qafqaz regionlarında sosial-iqtisadi inkişaf strategiyası 2020-ci ilə qədər davam etdirilməlidir. Bunun üçün ünvanlı maliyyə yatırımları sayəsində ən azından işsizliyin qarşısını almaq, turizmi inkişaf etdirməklə region xalqlarında radikal milliyyətçilik və dindarlığı xeyli dərəcədə arxa planda saxlamaq olar. Bunun ardınca Quzey Qafqazın iri şəhərlərində hava limanlarını modernləşdirməklə dünyanın istənilən dövlətilə turizmi, iqtisadi və ticari əlaqələri gücləndirməyə təkan verilməlidir. Hava limanlarının yenidən qurulması üçün Moskva dövlət xəzinəsindən 163 milyard rubl vəsait ayrılması təklifini təsdiq edib.

Quzey Qafqaza diqqətin artırılmasında Rusiyanın digər strateji hədəfləri də var. Rusiya Qara dənizdə özünün 300 illik hegemonluğunu itirmək üzrədir və bu prosesi dayandırmağa çalışdığı hiss olunur.

Quzey Qafqaz, sadəcə, etnik münaqişələrin, dini dözümsüzlüyün, sosial və iqtisadi şəraitin ən ağır durumda olması ilə xarakterizə olunan region kimi qəbul edilməməlidir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Emin Ağalarovun silsilə konsertləri

Bölmənin digər xəbərləri
 
17 ziyalı məhbəsdə
Yaxınları onların durumundan rahatsızdır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər