çap et  
Türk müxalifətçidən Azərbaycana jest
Parlamentar ATƏT-ə yazılı sorğu ünvanladı
Şənbə, 17.07.2010

Cəsur Məmmədov

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili, sabiq səfir Onur Öymən xarici işlər naziri Əhməd Davudoğluna deputat sorğusu ilə müraciət edib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, O.Öymən sorğusunda yazıb: "Ermənistan-Azərbaycan silahlı münaqişəsi zamanı hücuma məruz qalan və zərərçəkən tərəf olmasına baxmayaraq, ATƏT-in çağırışı ilə bəzi ölkələr tərəfindən Azərbaycana da tətbiq olunan silah embarqosu hələ də davam edir. Türkiyə hökuməti bu embarqonun ləğvi üçün hansı addımlar atıb?"

Onur Öymən APA-ya açıqlamasında Türkiyənin mövcud hökumətinin Qəzzanın blokadası ilə bağlı bütün dünyanı ayağa qaldırdığını xatırladıb:

"Ancaq Şimali Kiprə də embarqo tətbiq edilir, heç kimin səsi çıxmır. Azərbaycana embarqo var. Müharibə vaxtı ATƏT Azərbaycana silah embarqosu qoyub. Hücuma məruz qalan tərəf də Azərbaycandır, silah embarqosu tətbiq edilən də. Belə bir şey ola bilərmi? Bu embarqo neçə ildən bəri davam edir. Ona görə də mən hökumətdən soruşdum ki, Azərbaycana tətbiq edilən embarqonun ləğvi üçün nə edirsiniz?"

Onur Öymən Türkiyə baş nazirinin Azərbaycanın işğal altındakı 5 rayonu boşaldılarsa, qane olacaqları barədə açıqlamasını da pisləyib:

"Bizcə, Azərbaycanın hər qarış torpağı müqəddəsdir. Biz necə ki Türkiyədən bir çınqıl daşının başqalarına verilməsinə razı ola bilmərik, Azərbaycanın hər qarış torpağı da bizim üçün o cür müqəddəs olmalıdır. Bir də ki, baş nazir Azərbaycan parlamentində söz verib. Dağlıq Qarabağ tamamilə Azərbaycana qaytarılmalıdır".