İyulun 8-9-da İstanbulda "Cənubi Qafqazın təhlükəsizlik sektorunda islahatlar" mövzusunda iki günlük seminar keçirilirdi. Azərbaycanın Sülh və Münaqişələrin Həlli Mərkəzinin təşkilatçılığı, Qara dəniz Regional Əməkdaşlıq üzrə Etimad qurumunun və Norveç Atlantik Komitəsinin dəstəyi ilə keçirilən bu toplantıda Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, ABŞ, Rumıniya, Ukrayna, Bolqarıstan, İtaliya və başqa ölkələrdən çoxsaylı nümayəndələr, o cümlədən "Ayna" qəzetinin əməkdaşı da iştirak edirdi.
Azərbaycan heyətinin rəhbəri, Sülh və Münaqişələrin Həlli Mərkəzinin sədri Elxan Mehdiyev açılış nitqində bu kimi tədbirlərin regionun müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlarının səmərəliliyinə müsbət təsir göstərdiyini bildirdi. Onun sözlərinə görə, Bakı və Tbilisidə keçirilmiş bu tədbirlərdə Cənubi Qafqaz ölkələrinin müdafiə və təhlükəsizlik sektorunda islahatlara dair maraqlı fikirlər, şərhlər səsləndirilib. Qara dəniz Regional Əməkdaşlıq üzrə Etimad qurumunun nümayəndəsi Mehriban Rəhimli və Norveç Atlantik Komitəsinin nümayəndəsi Neving Rudskjaer çıxışlarında bu kimi tədbirlərin səmərəliliyini qeyd etdilər.
Təhlükəsizlik orqanları - dövlət içində dövlət
ABŞ Hərbi Kollecinin nümayəndəsi, Təhlükəsizlik Siyasəti üzrə Milli Proqramın direktoru doktor Alan Stolberq təhlükəsizlik sahəsinin islahatlarından danışdı. "Pozulmuş suverenliy"in göstəricilərindən danışan Stolberq dövlətin qeyri-legitim olmasına, dövlət xidmətlərinin proqressiv olaraq pisləşməsinə, hüquqi normalara əməl olunmamasına və özbaşınalığa, insan hüquqlarının pozulmasına diqqət yönəltdi. Onun sözlərinə görə, təhlükəsizlik orqanlarının dövlət içində dövlət kimi fəaliyyət göstərməsi, hakim elitanın parçalanması və xarici müdaxilə və s. dövlətin təhlükəsizliyində ziyanlı məqamlardır.
Qanuni və qanunsuz silahlı qüvvələr
Stolberqin sözlərinə görə, qanuni şəkildə güc tətbiq etmək hüququna malik təşkilatlar, silahlı qüvvələr komandanlığı təhlükəsizlik sektoru adlandırıla bilər. Amerikalı ekspertin bildirdiyinə görə, dövlət təhlükəsizlik qüvvələrinə hərbçilər, polis, jandarm, hərbiləşdirilmiş qüvvələr, prezident qvardiyası, kəşfiyyat və təhlükəsizlik xidmətləri, dövlət sərhədinin bütövlüyünə nəzarət edən təşkilatlar, ehtiyat və yerli təhlükəsizlik qüvvələri, mülki müdafiə qüvvələri, milli qvardiya, milis, güc tətbiqi mandatına malik digər təhlükəsizlik orqanları daxildir.
Eyni zamanda, təhlükəsizlik üzrə qeyri-dövlət qüvvələrinin də olduğunu bildirdi. Stolberq bildirdi ki, belə qüvvələrə partizan hərəkatı, azadlıq ordusu, şəxsi mühafizəçilər, siyasi partiyaların mühafizəsi, özəl mühafizə və hərbi təşkilatlar, terrorçu təşkilatlar, güc tətbiqi imkanı olan, amma bunun üçün müvafiq mandatı olmayan qeyri-dövlət qrupları daxildir.
Belə təsnifat tədbirdə iştirak edən Azərbaycan heyəti tərəfindən etirazla qarşılandı. Azərbaycan Təhlükəsizlik və Müdafiə Assosiasiyasının rəhbəri Yaşar Cəfərli bildirdi ki, təsnifat "qanuni və qanunsuz silahlı qüvvələr" şəklində qoyulmalıdır. Çünki terrorçu qüvvələrlə partizan hərəkatını və özəl mühafizə xidmətlərini eyniləşdirmək yanlışdır.
A.Stolberq iradlarla razılaşdı və bunun nəzərə alınacağını bildirdi. Amerikalı ekspert təhlükəsizlik sektorunda islahatların səmərəli şəkildə aparılmasında vətəndaş cəmiyyətinin böyük rol oynadığını bildirdi. Onun sözlərinə görə, bu istiqamətdə KİV, analitik mərkəzlər, siyasi partiyalar, işgüzar dairələr, təhlükəsizlik sektorunun monitorinqində, eləcə də siyasi kurs üzrə tövsiyələrin hazırlanmasında iştirak edən digər qeyri-hökumət təşkilatları diqqət çəkir. Stolberq bildirdi ki, qeyd edilən təşkilatların fəal olmadığı ölkələrdə müdafiə və təhlükəsizlik sektorunda islahatların səmərəsi aşağı olur, ümumiyyətlə bu islahatlar geri qalır.
Amerikalı mütəxəssis maraqlı təsnifatlar səsləndirdi. Onun sözlərinə görə, bir sıra hallar təhlükəsizlik sektorunun islahatlarına ciddi əngəl törədir.
Misal üçün, daxili sabitlik və xarici təhdidlərin aşağı səviyyəsi bütün təhlükəsizlik sektorunda islahatların həyata keçirilməsi üçün münbit şərait yaradır. Daxili qeyri-sabitlik və xarici təhdidlərin aşağı səviyyəsi isə təhlükəsizlik sektorunda məhdud islahatlar aparılmasına səbəb olur. Daxili qeyri-sabitlik və xarici təhdidin yüksək həddi isə təhlükəsizlik sektorunda islahatlar keçirilməsinə mane olur.
Qafqaz üçün Çexiya təcrübəsi
Daha sonra Stolberq Çexiya Respublikası təhlükəsizlik sektorunda islahat təcrübəsindən danışdı. Onun sözlərinə görə, bu, bəlkə də Cənubi Qafqaz ölkələrinə nümunə ola bilər. Bəlli oldu ki, Çexiyada islahatlar 1993-cü ildə başlanıb. Bu zaman Çexiyada şişirdilmiş və çoxsaylı hərbi kontingent mövcud idi, vəzifələr düzgün bölüşdürülməmişdi, institusional hüquq normaları parçalanmış vəziyyətdə idi, qeyri-düzgün iqtisadi idarəetmə mövcud idi və ən nəhayət, təhlükəsizlik sektorunda ictimai və siyasi maraqlar aşağı səviyyədə idi. Lakin 1995-1999-cu ildə Çexiyada çox şey dəyişdi. NATO-nun "Sülh naminə tərəfdaşlıq" planına qoşulduqdan sonra parlament tərəfindən müvafiq qanunlar qəbul edildi, ictimai dəstək artdı. Lakin bu dövrdə zabit heyəti daxilində sosial gərginlik mövcud idi, iqtisadiyyatın qeyri-düzgün idarə olunması davam edirdi və ən əsası, siyasi və strateji kurs seçimində qarışıqlıq vardı.
Amma 2000-ci ildən etibarən problemlərin çözümü istiqamətində konkret addımlar atılmasına başlanıldı. Öncə təhlükəsizlik sektorunda ixtisaslaşma inkişaf etdirildi, hərbi xidmətin mükəlləfiyyətli sistemdən müqaviləli sistemə dəyişdirilməsi başlandı, düzgün iqtisadi idarəetməyə başlanıldı, ictimai etimadın və marağın artmasına dəstək göstərildi.
Uğurun yolu
Stolberqin sözlərinə görə, müdafiə və təhlükəsizlik sektorunda islahatlar həyata keçirilərkən uğur əldə etmənin yolu bir sıra addımlar atmaqdan keçir:
- insanlara sərmayə qoyulması,
- peşəkarlığın artırılması,
- hesabatlılığa riayət,
- korrupsiya və cinayətkarlığa qarşı mübarizə,
- azlıqların hüquqlarına və şəxsiyyət hüquqlarına hörmət,
- ictimaiyyətlə açıq dialoq,
- QHT və KİV-in fəaliyyətinə dəstək və onların rolunun qorunması.
Stolberq Amerika ictimaiyyətinin Silahlı Qüvvələrdə gözləntiləri mövzusuna da aydınlıq gətirdi. Onun sözlərinə görə, bu gün ABŞ cəmiyyəti ordudan döyüş qabiliyyətli olmasını, hərbi və ya strateji səmərəliliyi, əsaslandırılmış addımları, dövlət məqsədlərinin və hədəflərinin müəyyənləşdirilməsini, siyasi neytrallığa riayət edilməsini, cəmiyyət qarşısında məsuliyyətliliyi istəyir və ya tələb edir.
Qafqaz və Orta Asiya örnəyi
Onun sözlərinə görə, bu gün Amerika cəmiyyətinin və onun təhlükəsizlik sektorunun qarşısında duran əsas məqsədlərdən biri mülki - hərbçi münasibətlərinin möhkəmlənməsi və təkmilləşdirilməsi ilə bağlıdır. Öz çıxışında tez-tez postsovet məkanını və xüsusilə də Qafqaz dövlətlərinin təcrübəsini misal çəkən Stolberq konkret ölkə adı çəkməsə də, bu ölkələrdə bir sıra güc strukturları rəhbərlərini özlərini "mafiya başçısı" kimi aparmaqda ittiham etdi. Onun sözlərinə görə, özü bir sıra hadisələrin şahidi olub. Misal üçün, Qafqaz ölkələrindən biri Amerikadan gömrük sahəsində ekspertləri dəvət edib ki, gömrük sahəsində olan pozuntuları qaydaya salsın. Amma amerikalı ekspertlər az müddətdən sonra həmin ölkəni tərk etməyə məcbur olublar. "Ekspertlər əlacsız qalmışdılar, çünki rüşvət və korrupsiya həmin ölkənin gömrük sistemini sağalmaz vəziyyətə gətirmişdi", - deyə Stolberq bildirdi.
Başqa bir misal: "Orta Asiya respublikalarından birinin daxili işlər naziri ilə görüşməyə getmişdim. Bir də gördüm qapı açıldı və otağa qara eynəkdə bir nəfər iki mühafizəçi ilə daxil oldu. Sonradan öyrəndim ki, sən demə o, nazir imiş". Stolberq bildirdi ki, bir sıra məmurların vəzifə hərisliyi və qapalılığı təhlükəsizlik sektorunda həyata keçirilən islahatların qarşısında ciddi maneədir.
Bolqarıstan və Ukrayna reallığı
Bir sıra yaddaqalan çıxışlar səsləndirildi. Bolqarıstan Müdafiə Nazirliyindən elə bu yaxınlarda istefaya göndərilmiş vitse-admiral Emil Lyutskanov Bolqarıstanın NATO istiqamətində təhlükəsizlik sektorunda islahatlar təcrübəsi barədə ətraflı məlumat verdi. Onun sözlərinə görə, NATO standartlarına uyğun islahatlar Bolqarıstan Silahlı Qüvvələrinin köklü şəkildə dəyişməsinə, müasir təhlükəsizlik çağırışlarını və təhdidlərini qarşılamağa hazır olmasına səbəb olub.
E.Lyutskanov Bolqarıstanda islahatlar prosesinin bu gün də davam etdiyini və bu prosesdə QHT və KİV-də sıx əməkdaşlıq qurulduğunu bildirdi. Onun sözlərinə görə, islahatlar nəticəsində Bolqarıstan Müdafiə Nazirliyi strukturunda tam fərqli mənzərə yaranıb və bütün bunlar ordunun idarə olunmasında çevikliyin əldə edilməsinə yönəldilib.
"Təhlükəsizlik sektoru islahatlarında Ukrayna təcrübəsi" mövzusunda çıxış edən Ukrayna Müdafiə Nazirliyi Siyasət Planlaşdırması Departamentinin direktoru Viktor Korendoviç maraqlı faktlar açıqladı. Onun sözlərinə görə, son illər Ukraynada müdafiə və təhlükəsizlik sektorunda islahatların sürəti diqqətçəkən dərəcədə artıb. Korendoviç ölkəsinin Milli Təhlükəsizlik Konsepsiyasının, Hərbi Doktrinasının, Strateji Müdafiə İcmalının qəbul olunduğunu bildirdi. Onun sözlərinə görə, 2010-cu ildə nəşr edilmiş "Ağ Kitab"da Ukrayna Silahlı Qüvvələrində həyata keçirilən islahatlar və perspektivlər əksini tapır.
Korendoviç "Ayna" əməkdaşının Ukrayna Müdafiə Nazirliyinin KİV və QHT-lərlə mövcud münasibətlərinin vəziyyətinə dair sualına da cavab verdi. Onun sözlərinə görə, hazırda bu proses 2003-cü ildə qəbul olunmuş bir qanun çərçivəsində tənzimlənir. "Biz QHT və KİV-lərlə maksimum şəkildə əməkdaşlıq etməyə çalışırıq və tənqidlərdən qaçmırıq. Biz inanırıq və müşahidə edirik ki, tənqidlər, ümumiyyətlə, müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlarla bağlı cəmiyyətdə, KİV-də baş tutan müzakirələr ümumilikdə ordu islahatlarının xeyrinədir. Ukrayna Müdafiə Nazirliyi yeri gələndə bu ictimai müzakirələrə dəstək verir ki, ona lazım olanı əldə edə bilsin", - deyə Korendoviç bildirdi.
Əsas açar: hökumətin qərarlılığı və cəmiyyətin inadkarlığı
Daha sonra çıxış edən Şərqi Avropa və Asiya Araşdırmaları Mərkəzinin icraçı direktoru Simona Soare Rumıniyanın NATO üzvlüyü istiqamətində təhlükəsizlik sektorunda həyata keçirdiyi islahatlardan danışdı. Onun sözlərinə görə, bu islahatların əsas açarı hökumətin qərarlılığı və cəmiyyətin inadkarlığı oldu.
Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin müdafiə siyasəti üzrə məsulu doktor Hari Bucur-Marcu Avropa ölkələrinin təhlükəsizlik sektorunun islahatlarının səmərəsi və perspektivləri barədə məruzə etdi. Onun sözlərinə görə, NATO ilə əməkdaşlıq sənədləri bu islahatların intensivləşməsinə dəlalət edir.
Norveç Müdafiə Nazirliyinin nümayəndəsi İngjerd Kroken öz çıxışında ölkəsinin müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlara donorluq etdiyini bildirdi. Onun sözlərinə görə, perspektivdə də Norveç donorluq etmək üçün səmərəli ordu islahatlarını həyata keçirmək istəyən ölkələrdən təkliflər gözləyir. İtaliya Müdafiə Nazirliyinin Ali Müdafiə Araşdırmaları Mərkəzindən Fabrizio Luçiolli isə ölkəsinin təcrübəsini xüsusi vurğuladı və qeyd etdi ki, Silahlı Qüvvələrin təyinatı xüsusi olaraq xarici müdaxilələri dəf etməkdən ibarətdir. İtaliyada mafiya qaydalarının orduya nə dərəcədə sirayət etməsi ilə bağlı suala cavabında Luçiolli ordunun mafiyadan yalnız bir şeyi - "mafiya büdcəsi"ni istədiyini bildirdi.
Tədbirin sonunda Azərbaycan, Ermənistan və Gürcüstandan olan iştirakçıların mövqeləri və baxışları səsləndi. Azərbaycan tərəfindən çıxışçılar burada maraqlı fikirlərin səsləndiyini qeyd edərək, bir sıra ölkələrin islahatlar təcrübəsinin Cənubi Qafqaz ölkələrinə tətbiqinin mümkünlüyündən və qeyri-mümkünlüyündən danışdılar.
|