çap et  
Brişambo: "Seçkilərə əvvəlcədən qiymət vermək düzgün olmaz"
Brişambo: "Seçkilərə əvvəlcədən qiymət vermək düzgün olmaz"
Almatıda ATƏT ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başlayıb
Şənbə, 17.07.2010

C.Məzahiroğlu

"ATƏT demokratik həyatın bütün aspektlərini - hüquq sistemi, qanunvericilik, KİV sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün Azərbaycan hakimiyyəti ilə sıx əməkdaşlıq edir. Bu, uzunmüddətli transformasiyadır və biz ümid edirik ki, gələcək seçkilərdə konkret faktlarla əks olunacaq".

Bunu ATƏT-in baş katibi Mark Perrin de Brişambo APA-nın Qazaxıstana ezam olunmuş müxbirinə müsahibəsində bildirib. Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı suala cavabında o deyib:

"Seçkilərə əvvəlcədən qiymət vermək düzgün olmaz, keçirildikdən sonra qiymətləndirilə bilər. Düşünürəm ki, Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə Parlament Assambleyasını bu prosesə dəvət etmək niyyətindədir. Bu qurumlar Azərbaycanın öz öhdəliklərini necə yerinə yetirdiyini sərbəst şəkildə müşahidə edə və seçkilərə dair hesabat hazırlaya biləcəklər".

Brişambo ATƏT ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində həmsədrlərin, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin planlaşdırılan görüşünü vacib adlandırıb. Onun fikrincə, yüksək səviyyədə periodik təmaslar danışıqlarda tərəqqi əldə edilməsi və tərəflər arasında anlaşılmazlıqların aradan qaldırılmasına zəmin yaradılması baxımından çox önəmlidir. "Ümid edirəm ki, bu görüş də çox faydalı olacaq", - deyə o qeyd edib.

Yeri gəlmişkən, dünən Qazaxıstanın Almatı şəhərində ATƏT ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başlayıb. APA-nın Qazaxıstana ezam olunmuş müxbirinin xəbərinə görə, tədbir Qazaxıstan xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevin Ukrayna, Belarus, İsrail, Makedoniya və Kiprdən olan həmkarları, eləcə də təşkilatın baş katibi Mark Perrin de Brişambo ilə keçirdiyi ikitərəfli görüşlərlə start alıb.

Sonra M.P.de Brişambo ilə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya-Koordinasiya Mərkəzinin direktoru, general-leytenant Bersultan Sersekov əməkdaşlıq haqqında saziş imzalayıblar.

Daha sonra K.Saudabayev, əvvəlki sədr ölkə Yunanıstanın xarici işlər nazirinin müavini Dimitras Drousas və gələcək sədr ölkə Litvanın xarici işlər naziri Andronious Acubalisin iştirakı ilə ATƏT "üçlüyü"nün görüşü başlayıb.

Dünən K.Saudabayev həmçinin ABŞ dövlət katibinin müavini Ceyms Staynberq, Fransanın xarici işlər naziri Bernar Kuşner və Avropa Birliyinin xarici işlər, təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla da görüşüb.

Nazirlərin görüşünün rəsmi açılışı iyulun 17-də olacaq.