çap et  
"Ədalətli həll modeli tapıla bilər"
Hakim partiyanın təmsilçisi nikbindir
Şənbə, 17.07.2010

C.Məzahiroğlu

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ümid yarada biləcək bir intensivlik müşahidə olunmaqdadır. Danışıqlar prosesindəki bu intensivlik, hesab edirəm ki, ədalətli bir həll modelinin tapılmasına gətirib çıxaracaq". APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov deyib. Almatıda keçirilən görüşə münasibət bildirən Ə.Əhmədov hesab edir ki, bu görüş bu münaqişənin həll olunmasında əhəmiyyətli bir mərhələ kimi yadda qalacaq:

"Madrid prinsiplərinə diqqətlə nəzər salsaq, Azərbaycanın həmişə tərəfdar olduğu münaqişənin mərhələli həll modelini özündə ehtiva edir. Azərbaycan münaqişənin nizama salınması ilə əlaqədar bundan əvvəl də məhz mərhələli şəkildə münaqişənin nizama salınması modelini təklif etmişdi. Ermənilər uzun müddət bunu qəbul etmədilər. Amma bu model bir sıra müzakirələrdən və mərhələlərdən keçdikdən sonra Madrid prinsipləri yeniləşmiş Madrid prinsipləri şəklində ortaya çıxır. Bu, Azərbaycanın maraqlarına daha uyğun şəkildə münaqişənin həll modeli sayıla bilər. Burada ilk növbədə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsindən söhbət gedir. Azərbaycanın işğal olunmuş torpaqlarından məcburi köçkün vəziyyətinə düşmüş insanların öz yurd-yuvalarına qayıtması, təhlükəsizlik mexanizmlərinin təmin edilməsi nəzərdə tutulur və eyni zamanda Dağlıq Qarabağın statusu üzərində də müəyyən fikirlər var. Burada Azərbaycan maraqlarının mümkün reallıqlar çərçivəsində əks olunduğunu söyləmək olar".