"Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına tərəfdardır". APA-nın məlumatına görə, bu fikirləri AB-nin Azərbaycanla assosiasiya sazişi imzalanması üzrə danışıqlar qrupunun rəhbəri Cohn Krayer bildirib. Onun sözlərinə görə, AB bu məsələdə Azərbaycanı tam dəstəkləyir: "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq".
Dünən Bakıda başlayan Azərbaycanla AB arasında Assosiasiya Sazişi üzrə danışıqların birinci qrupu üzrə (siyasi dialoq) danışıqlarda məhz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öz əksini tapıb.
C.Krayer eyni zamanda bildirib ki, Azərbaycanla AB arasında Assosiasiya Sazişi üzrə danışıqlar uğurla başa çatacağı təqdirdə, ölkələr arasında viza rejimi sadələşdiriləcək. Krayer qeyd edib ki, sazişə əsasən viza rejiminin sadələşdirilməsi məsələsi təklif olunub:
"Biz müəyyən texniki parametrləri araşdırmalıyıq. Bizim prioritet istiqamətlərimizdən biri insanların sərhədləri keçərkən onlar üçün səyyarlığı və mobilliyi təmin etməkdir. Bu məsələ ən yaxşı tərzdə olmalıdır və ümid edirəm ki, sənəd çərçivəsində vizanın sadələşdirilmə sazişi imzalandıqdan sonra insanlar vizaları daha asan əldə edə biləcək".
C.Krayer onu da əlavə edib ki, Avropa Birliyi viza rejiminin sadələşdirilməsini təmin etmək üçün əlindən gələni əsirgəməyəcək.
|