Müsavat Partiyasının başqanı İsa Qəmbər iyulun 15-də Azərbaycan Xalq Cəbhəsinin 21-ci ildönümünə həsr edilmiş tədbirdə bildirib ki, Məmməd Əmin Rəsulzadə və Elçibəy ideyalarına sadiq olan qüvvələri birləşdirmək lazımdır. İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat arasında yaxınlaşma prosesindən məmnunluğunu gizlətməyib ("Turan").
"Ümumi ideya və dəyərlər uğrunda mübarizə aparan demokratik qüvvələrin birgə çıxış etməsi ölkədə böyük dəyişikliklərə gətirib çıxaracaq və nəticədə demokratiya və ədalət bərpa ediləcək", - deyə o bildirib.
Müsavat Partiyası başqanı daha irəli gedərək bəyan edib ki, partiyasının ilin sonunda keçiriləcək qurultayı bir sıra partiyaların birləşməsi üçün platforma ola bilər. Onun fikrincə, belə bir partiya cəmiyyəti birləşdirə və ciddi alternativ yarada bilər.
Bununla yanaşı İsa Qəmbər deyib ki, partiya rəhbərliyinə növbəti müddətə namizədliyini irəli sürmək niyyətində deyil. Onun fikrincə, bu da 1918-20-ci illərdəki ilk Azərbaycan Respublikasının dəyərlərinə sadiq olan vahid partiya yaradılmasına əlverişli şərait yaradacaq.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı iki partiyanın yaxınlaşma prosesini məmnunluqla qeyd edib. "Mümkündür ki, aramızda indiyədək anlaşılmazlıq olub, amma indi tarixi şərait rejimlə mübarizədə qüvvələri birləşdirməyi tələb edir" - deyə o bildirib.
Birləşmə ideyası başqa natiqlər tərəfindən də səsləndirilib və gurultulu alqışlarla qarşılanıb. "Vəzifəmiz qarşıdan gələn parlament seçkiləri öncəsi siyasi aktivliyi 2005-ci ildəki səviyyəyə, 2013-cü ilin prezident seçkilərində isə 2003-cü ilin səviyyəsinə qaldırmaqdır", - deyə Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş sədr müavini İbrahim İbrahimli bildirib. Çoxları üçün gözlənilməz olan birləşmə prosesi ötən həftə AXCP "Azadlıq" blokundan çıxandan sonra başlayıb.
Belə ki, ölkənin əsas iki müxalifət siyasi partiyasının birləşməklə bağlı qərarı iqtidar və iqtidaryönlü partiyaları qıcıqlandırıb.
"Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının birləşməsi ideyası xaricdən verilmiş sifarişin icrasıdır. Seçki kampaniyasında bu kampaniyaya cəlb olunan siyasi təşkilatların dəstək mənbəyi xalqdır, seçicilərdir. Bundan kənar hər hansı bir dəstəyə ümid bəsləyənin uğur qazanacağı mümkünsüzdür".
APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, bu vaxta qədər həmin partiyalar arasında dəfələrlə birlik yaradılıb və hər dəfə bu proses iflasa uğrayıb. O, bu dəfə də yaranacaq birliyin iflas edəcəyini vurğulayıb:
"Bizim üçün bu partiyaların birləşməsi hər hansı təhlükə mənbəyi yarada bilməz. Nəinki onlar, onlara birləşməyənlər də belə o birliyə qoşulsalar da, onlar YAP-a təhlükə yaratmaq iqtidarında deyil. Bu gün Yeni Azərbaycan Partiyasının qarşısına çıxacaq rəqib mövcud deyil. Son vaxtlar müxalifət daxilində baş verən proseslər müxalifətin onsuz da zəif olan gücünü daha da azaldıb. Onların daxilindəki rəqabət müxalifət daxilində seçki əhval-ruhiyyəsindən daha çox daxili münasibətlərin müəyyənləşdirilməsi ab-havasının olduğundan xəbər verir. Onlar daxili çəkişmələrlə müxalifət daxilində nüfuz mübarizəsi aparırlar. Qoy onlar bununla məşğul olsunlar. Amma biz YAP olaraq seçkilərlə məşğuluq", - deyə Əli Əhmədov vurğulayıb.
|