Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ermənistanın ianəsi ilə təhsil alan azərbaycanlılar
Ermənistanın ianəsi ilə təhsil alan azərbaycanlılar
Marneuli rayonunun Xocerni kəndindən reportaj
Şənbə, 17.07.2010

E.Elçin mətn ölçüsü  

Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdikləri problemləri bilirik. Su, torpaq, təhsil, iş yeri, toponimlər və sair problemlərlə bağlı dəfələrlə ölkə KİV-də geniş reportajlar hazırlanıb, məqalələr dərc olunub. Yəni vəziyyətdən xəbərdarıq. Lakin Marneuli rayonunun Ermənistanla həmsərhəd ərazisində yerləşən Xocerni kəndində gördüklərim mənim üçün gözlənilməz idi.

...Xocerni kəndinə səfərimin başlıca səbəbi bu yaşayış məntəqəsində fəaliyyət göstərən orta məktəbin acınacaqlı durumu ilə tanışlıq idi. Belə ki, Gürcüstanda azərbaycanlılar yaşayan kəndlərdə təhsilin vəziyyətilə maraqlanarkən Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehtiyev Marneuli rayonunun ucqar dağ kəndi olan Xocerni orta məktəbinə gəlib acınacaqlı vəziyyətlə yaxından tanış olmağımı tövsiyə etmişdi. Bu səbəbdən yolumu sözügedən kənddən salıb vəziyyətlə yaxından tanış olmaq qərarına gəlmişdim.

Erməni məktəbində Azərbaycan bölməsi

Öncə qeyd edim ki, Xocerni kəndinin orta məktəbinin milliyyətcə erməni olan rəhbərləri bizi çox səmimi qarşıladılar. Məktəbin direktoru Levon Qəribyanla görüşüb, gəlişimin səbəbi haqda ona qısa məlumat verdim. Qeyd etdim ki, qəzet təkcə Azərbaycanda deyil, həm də Gürcüstanda yaşayan azərbaycanlıların sosial vəziyyəti, o cümlədən təhsil sahəsində üzləşdikləri problemləri araşdırıb oxucu kütləsinə təqdim edir. Xocerni kəndinə gəlişimdən məmnunluğunu ifadə edən Levon Qəribyan bildirdi ki, 1987-ci ildən 2004-cü ilə qədər Xocerni məktəb direktorunun müavini, 2004-cü ildən bu günədək məktəb direktoru vəzifəsini yerinə yetirir. Bildirdi ki, 12 illik erməni məktəbində 150 şagird təhsil alır:

"Bundan başqa məktəbdə Azərbaycan bölməsi də fəaliyyət göstərir. Şagirdlərin 135 nəfəri milliyyətcə erməni, 15 nəfəri isə azərbaycanlı uşaqlardır".

Azərbaycanlı şagirdlər erməni diasporuna minnətdardır?

Levon Qəribyan söhbət zamanı onu da diqqətimə çatdırdı ki, məktəbin Azərbaycan bölməsinə aid sinifləri erməni bölməsindən fərqli olaraq acınacaqlı vəziyyətdədir:

"Gürcüstan dövləti tərəfindən hər ay 2000 lari dəyərində dotasiya ayrılır. Lakin bu vəsait məktəbdə işləyən müəllimlərin aylıq maaşlarını belə ödəmədiyi üçün təmir barədə düşünülmür. Bu isə vəziyyətimizi daha da ağırlaşdırır. Odun sobalarımız sıradan çıxıb. Qışda yandırmağa odun tapa bilmirik.

REKLAM

Siniflər soyuq olduğu üçün uşaqlar dərsdən yayınmaq məcburiyyətində qalırlar. Bu isə onların təhsilinə çox ciddi təsir göstərir. Doğrudur, Gürcüstan hökuməti odun üçün məktəbə pul ayırır. Lakin hökumət odunun əvəzində onlara çek verməyimizi tələb edir. Əslində məktəbə ayrılan pulla çeksiz daha çox odun almaq olar. Amma biz məcburuq ki, rayon mərkəzinə gedib, orada baha qiymətə satılan və əvəzində çek verilən müəyyən yerlərdən odun alaq. Belə olan halda həm maşına artıq pul sərf edirik, həm də oduna".

Erməni bölməsinə gəldikdə, Levon Qəribyan açıqca bildirdi ki, onların məktəbinə Ermənistan yardım edir:

"Hər il tədris ilinin açılışı zamanı Ermənistanda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri Xocerni kənd orta məktəbinə gəlib məktəbin müəllim və şagird heyətini təbrik edir, məktəblilərə məktəbli çantaları, dərs ləvazimatları və hətta tədris kitabları, müəllim heyətinə konvertdə pul vəsaiti, məktəbə isə dəftərxana ləvazimatı hədiyyə edirlər. Amma bu da tədris müddəti ərzində kifayət etmir".

Direktor nəzərimə çatdırdı ki, həmin hədiyyələr erməni şagirdləri ilə yanaşı həm də azərbaycanlı uşaqlara və müəllim heyətinə də təqdim olunur. Sonra həmin tədbir videolentə alınır və hətta azərbaycanlı şagird və müəllim heyəti erməni təşkilatlarına və hətta Ermənistan hökumətinə öz qayğıkeşliyinə görə minnətdar olduqlarını bildirirlər:

"Amma azərbaycanlı uşaqlara baxanda mənim ürəyim ağrıyır. Onlar da öz millətindən qayğı gözləyirlər və o cümlədən müəllimlər. Buna baxmayaraq mən onların arasında ayrı-seçkilik salınmasına heç vəchlə imkan vermərəm. Amma yaxşı olardı ki, siz də heç olmasa ildə bir dəfə ucqar bir dağ kəndində yaşayan, təhsil alan uşaqlara maddi-mənəvi dəstək göstərib onlara təhsil almaqda stimul verəsiniz".

"Öz uşaqlarınıza "Ana dili" kitabı göndərin"

Məktəb direktoru daha sonra bizi sinif otaqları ilə tanış etdi. Levon Qəribyan vurğuladı ki, məktəbin ümumilikdə təmirə ehtiyacı olsa da, erməni diaspor təşkilatları erməni bölməsinə aid əksər sinifləri öz hesablarına təmir etdirib, dərs otaqlarını kompüter dəstləri və metodiki dərs ləvazimatı, plakatlar, yeni partalar və hətta odun sobaları ilə müəyyən dərəcədə təmin edib:

"Azərbaycandan isə bir dəfə də olsun gəlib maraqlanan olmayıb. Yalnız bir neçə ay öncə Azərbaycanda yaşayan Rauf adlı şəxs kəndə qonaq gələrkən, Azərbaycan bölməsindəki siniflərin vəziyyətindən təəssüflənərək öz hesabına 2 sinfi kosmetik təmir etdirib".

Məktəbin direktoru onu da diqqətimə çatdırdı ki, məktəbdə təhsil alan azərbaycanlı şagirdlərin bir çox fənlər üzrə kitabları, o cümlədən "Ana dili" dərslikləri sıradan çıxıb və xahiş etdi ki, azərbaycanlı şagirdlərin öz ana dilinə yiyələnmələri üçün ən azından sözügedən dərsliklərlə təmin olunmasını təşkil edək...

Azərbaycanlı müəllimlər Azərbaycandan küsüblər

Azərbaycanlılarla ermənilərin münasibətlərinə gəlincə, direktor qeyd etdi ki, hər iki tərəf bir-birinə çox mehriban münasibət bəsləyir, milli ayrı-seçkilik salınmır, bir-birinin toy-yas mərasimlərində yaxından iştirak edir, hər iki xalqın nümayəndələri bir-birinin dilini başa düşsə də, əsas ünsiyyət dili kimi erməni dilinə üstünlük verilir. Levon müəllimin sözlərinə dəstək verən azərbaycanlı müəllimlər Hüseyn Abdurrəhmanov və Nazlı İbadova Azərbaycan diaspor təşkilatlarının və Gürcüstanda fəaliyyət göstərən QHT-lərin onlara qarşı biganəliyindən küskün şəkildə danışdılar. Onlar azərbaycanlı şagirdlərin erməni ianələri hesabına təhsil almaları barədə Marneuli rayonunda fəaliyyət göstərən "Azərbaycanlıların Mədəniyyət Mərkəzi"nə və Azərbaycanın Gürcüstandakı səfirliyinə dəfələrlə müraciət etdiklərini bildirdilər.

Hüseyn Abdurrəhmanov nəzərimə çatdırdı ki, "Azərbaycanlıların Mədəniyyət Mərkəzi"nin nümayəndələri yalnız 2010-cu ildə Novruz Bayramı ərəfəsində kəndə gəlib, 17 ailəyə 20 lari dəyərində bayram sovqatı hədiyyə ediblər. Bu da belə...

Qaranlığa qərq olunmuş şagirdlər

Qeyd edim ki, Levon müəllimlə birlikdə məktəbin dərs otaqları ilə tanış olarkən Azərbaycan və erməni bölmələrinə aid siniflərdə vəziyyətin müqayisəyə gəlməyən dərəcədə fərqli olduğunu gözlərimizlə gördük. Belə ki, erməni bölməsinə aid siniflər kosmetik təmirli, müasir partalarla təchiz edilmişdi. Hətta divarlar belə fənnə aid səliqəli plakatlarla bəzədilmiş, kitab rəfləri və digər avadanlıqlarla təmin olunmuşdu. Azərbaycan bölməsinə gəldikdə, vəziyyət utancverici bir halda idi. Belə ki, qaranlığa qərq olunmuş sinifdə şagirdlər kitabı üzündən oxumağa belə çətinlik çəkirdilər. Divarlardakı plakatlara gəldikdə, müəllimənin çəkdiyi alma-armud rəsminin solğun görüntüsündən başqa gözümüzə heç nə dəymədi.

Arayış: Ermənistanla həmsərhəd olan Marneuli rayonu Xocerni kəndinin əhalisinin 70 faizi milliyyətcə erməni, 30 faizi isə azərbaycanlılardan ibarətdir. Hazırda azərbaycanlılara aid 63 evdən 32-də yaşayış var. 11 evdə yalnız tənha qocalar yaşayır, 31 evin sahibləri isə işsizlik problemi üzündən Azərbaycana və MDB ölkələrinə üz tutublar.

...Xocerni kənd məktəbinin qaranlıq və rütubətli siniflərində sınıq partalarda təhsil almaq üçün özlərinə yer tapa bilməyən azərbaycanlı uşaqların qəmli baxışları hələ gözümün önündən çəkilmir. Güman edirəm ki, tez-tez Gürcüstana səfər edən millət vəkillərimiz, dövlət nümayəndələrimiz bir dəfə də Marneuli rayon mərkəzinə deyil, onların yolunu gözləyən ucqar kəndlərə də baş çəkib, azərbaycanlı soydaşlarımıza ən azından mənəvi dəstək göstərəcəklər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Erməni sərhədçilərin oğurluq əməlləri

Şahin Mustafayev: "Biz onlara dəstək verəcəyik"

Ermənistan-Gürcüstan sərhəd bölgəsində anormal vəziyyət

Bölmənin digər xəbərləri
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"
Seçki ərəfəsində vəziyyətə dair proqnoz-hesabat

Ceyms Filips: "Tehran rejimi Azərbaycan üçün təhlükəlidir"
Məşhur amerikalı analitik Bakını xəbərdar etdi

Müsavat Partiyası ilə AXCP birləşmək qərarı verib
YAP isə bu birlik qərarını "xaricdən sifariş" sayır

AB və Azərbaycan müzakirələrə başladılar
Assosiasiya sazişi ölkəyə ciddi inkişaf düsturu təlqin edir

"AB Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır"
AB ilə Azərbaycan arasında viza rejimi sadələşdirilə bilər

"Ədalətli həll modeli tapıla bilər"
Hakim partiyanın təmsilçisi nikbindir

Brişambo: "Seçkilərə əvvəlcədən qiymət vermək düzgün olmaz"
Almatıda ATƏT ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başlayıb

"Vətəndaş cəmiyyəti fəal olmayan ölkələrdə ..."
Cənubi Qafqaz ölkələrinin təhlükəsizlik sektorundakı vəziyyət İstanbulda müzakirəyə çıxarıldı

NATO baş katibinin müavini türk oldu
Rassmussen Türkiyənin şərtini yerinə yetirdi

Türk müxalifətçidən Azərbaycana jest
Parlamentar ATƏT-ə yazılı sorğu ünvanladı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər