Son aylar xarici ölkələri dolaşıb konsertlərlə çıxış edən Rəqsanə nəzərə gəlib. Bu günlərdə şəxsi avtomobilində qəzaya düşüb. Onun bildirdiyinə görə, hadisə telekanalların birinə yollanarkən baş verib:
"Maşınım 4 avtomobillə toqquşub. Toqquşma zamanı ağzım rola dəydi. Bir anda özümü itirdim və nə baş verdiyini anlaya bilmədim. Etiraf edim ki, avtomobili 160 sürətlə idarə edirdim. Canlı efirə gecikməyim deyə, həyatımı təhlükəyə atdım. Qəza baş verəndən sonra evə zəng vurub, yardım istədim. Dərhal başqa avtomobil gəlib, məni ünvana çatdırdı. Bu zaman həyəcandan bərk ağlayırdım".
Rəqsanə bildirdi ki, toqquşma nəticəsində iki avtomobil xəsarət alıb. Digərləri isə xəsarətsiz ötüşüb. "Mənim üzərimə iki avtomobili təmir etmək düşür. Hər ikisi xarici marka avtomobillərdir. Qeyd edim ki, toqquşma nəticəsində heç bir sürücü zərər çəkməyib. Sadəcə, avtomobilləri yüngül zədələnib" - deyə bildirdi.
Daha sonra söylədi ki, idarə etdiyi maşın ona düşmür: "Onu idarə edərkən bir neçə dəfə təhlükə ilə üzləşmişəm. Ona görə də, satmağı düşünürəm". Xatırladaq ki, sənətçinin hazırda idarə etdiyi avtomobil 90 EZ-999 dövlət nömrə nişanlı "Range Rover"dir.
|