Röya Ayxan və Zamiq Hüseynov "Doğma Diyar" layihəsinin ilk konsertindən məmnun qayıdıblar. Layihənin media koordinatorunun "Ayna"ya verdiyi məlumata görə, bu həftə Qubada start götürən bu kampaniya Azərbaycanın daha 14 bölgəsini əhatə edərək möhtəşəm konsert turnesi proqramı ilə davam edəcək. Röya və Zamiqin 5 minlik kütlə ilə təması Quba Olimpiya kompleksində baş tutub. Konserti izləmək üçün Quba rayon İcra Hakimiyyətinin rəhbəri Rauf Həbibov, Mədəniyyət və Turizm Nazirliyi Dövlət əhəmiyyətli tədbirlər və gənclərlə iş sektorunun müdiri Mənzər Nurəliyeva, eləcə də digər rəsmilər zalda olmuşlar.
Öncə Zamiq səhnəyə çıxıb, tamaşaçılar daha çox ekrandan gördükləri sənətçini aramsız alqışlarla salamlayıblar. Sənətçi gördüyü münasibətdən məmnun qalaraq, "demək ki, hər şey arzuladığımız kimidir, indidən hiss edirəm ki, konsertimiz alındı! Sizinlə qürur duyuruq!" - deyib.
Qubalılar bir saatlıq proqram boyunca Zamiqlə birgə mahnılar ifa ediblər. Səhnəyə Zamiqdən sonra çıxan Röya Ayxanın gəlişi özəl ajiotaj yaradıb. Konsert boyunca tamaşaçılar sevimli müğənnilərini yaxından izləmək üçün izdiham yaradıblar. Proqram boyunca sənətçiləri "Nero" şou-balet qrupu müşayiət edib. Qrup geniş və rəngarəng rəqs və səhnə şouları ilə yanaşı maraqlı repertuar təqdim edib. Qeyd edək ki, təşkilatçılar müğənniləri beynəlxalq standartlara uyğun səyyar qrim otağı, səyyar səhnə, işıq, səs və s. avadanlıqlarla təmin ediblər. Sənətçilər konsert vaxtı tamaşaçılar ilə mühafizə dəstəsi arasında yaranan insident xəbərinə münasibət də bildiriblər:
"Bu, şişirdiləcək bir hadisə deyildi. Əyalətdəki pərəstişkarlarımız bizə daha yaxın olmaq istədilər, mühafizə dəstəsi də öz vəzifəsini yerinə yetirib təhlükəsizliyi təmin etdi. Konsert istədiyimiz şəkildə keçdi".
|