Rusiyada cinayət törətdi, Bakıda məhkum edildi
 |
Lakin Baş Prokurorluq bu hökmdən protest vermişdi...
Şənbə, 17.07.2010
|
|
İşsizlik, xoşbəxt həyat axtarışı gənclərimizin başqa ölkələrə üz tutmasına səbəb olur. Rusiya Federasiyasına üz tutan həmyerlilərimiz isə daha çoxdur. Öz səadətini zəhməti hesabına deyil, cinayət yolu ilə qurmağa çalışanlar da tapılır və belələrinin taleyi təbii ki, bəd gətirməlidir. Bu cinayət işi də həmyerlilərimizdən birinin Rusiyada törətdiyi qanlı cinayətlə bağlıdır. Beş manat çörək pulu qazanmaq üçün Füzuli rayonun Yağlıvənd kəndindən Rusiyaya üz tutan 28 yaşlı Tural Şıxəliyevin pul qazanmaq yolunda işi gətirməyib. Tural Moskvada yaşayarkən bir rus qızı ilə münasibət qurması ona baha başa gəlib.
Tural 2005-2007-ci illərdə Yelena Yatsko ilə qeyri-rəsmi nikahda yaşayır. Günlərin bir günü evə gələn Tural qeyri-rəsmi nikahda yaşadığı qadını yad kişilərlə yeyib-içən görür. Əməlindən qürurlanan Yelena Turalı da qurduğu içki məclisinə dəvət edir. Qadının bu dəvətini qəbul etməyən Tural əsəbi halda evdə olan Postolaki Yuri Vladimiroviç və Lavıqin Aleksandr Mixayloviçin üstünə hücum çəkir. Üstündə olan bıçaqla Yuri Postolakini vurur. Yuri aldığı bıçaq yarasından ölür.
Törətdiyi əməldən qanun qarşısında cavab vermək əvəzinə, cinayətdən yaxa qurtarmaq üçün Tural Azərbaycana qayıdır. Rusiya hüquq-mühafizə orqanları Tural Şıxəliyevin barəsində qəsdən adam öldürmə ittihamı üzrə cinayət işi başlayır. Lakin Rusiya ərazisində Turalı tapa bilmədikləri üçün onun barəsində İnterpol vasitəsi ilə beynəlxalq axtarış verilir. Həmin ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları Turalın tutulması üçün Azərbaycan tərəfə müraciət edirlər. Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşları qısa zamanda Turalı tutmağa nail ola biliblər, lakin Azərbaycan vətəndaşı olduğundan Tural Şıxəliyevi Rusiya tərəfinə verməkdən imtina edirlər və onu Azərbaycanın qanunları çərçivəsində mühakimə edirlər.
Prokurorluq Tural Şıxəliyevə ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma ittihamı verərək, həmin ittihamla mühakimə edilməsi üçün məhkəmə qarşısına çıxarılır.
Tural Şıxəliyev isə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək deyib ki, Yuri Postolakini özünümüdafiə üçün vurub. Uzun müddət Rusiyada yaşadığını bildirən Tural son bir il üç ay ərzində Yelena adlı moldovan millətindən olan qadınla nikahsız ər-arvad kimi yaşayıb.
Onun sözlərinə görə, sonuncu gün evə gələndə Yelena onu qapı qarşısında qarşılayıb. Qadın qapı qarşısında rəfiqəsi İrinanın evə iki kişi dəvət etdiyini deyib:
"Həmin kişilər özlərini Saşa və Yura kimi təqdim etdilər. İrina isə bildirdi ki, onlar səhərə kimi evdə oturacaqlar. Mən isə Yelenanı mətbəxə çağıraraq, həmin kişilərin evdə olmalarına iradımı bildirdim. Bu zaman Saşa və Yura da mətbəxə gəldilər və məni divara dirədilər. Onlar Azərbaycan millətinin ünvanına təhqiredici ifadələr işlətdilər. Bildirdilər ki, burada səhərə kimi qalacaq və istirahət edəcəklər. Hər iki şəxs həm fiziki cəhətdən güclü, həm də sərxoş vəziyyətdə olduqlarından mənzilimi tərk etdim".
Tural Şıxəliyev daha sonra qeyd etdi ki, mənzildən çıxandan sonra tanışı Nicata zəng edib və problemi olduğunu bildirib. Onun sözlərinə görə, Nicatdan evin yanına gəlməyini xahiş edib. Nicat gələndən sonra İrinanın evə iki nəfər gətirdiyini, onların mənzildən çıxarılmasında köməklik göstərməsini xahiş edib:
"Nicatla birlikdə evə daxil olduq. Nicat onlara düzgün iş görmədiklərini deyərək, sakitcə evi tərk etmələrinin lazım gəldiyini bildirdi. Bu zaman Yura bizim üstümüzə hücum çəkdi. Mən ondan cəld tərpəndim və stolun üstündə olan bıçağı götürüb onu vurdum. Yura yenə də bizi vurmaq istəyəndə Nicat boş şüşə butulka ilə onun başından vurdu. Mən bu zaman Nicatı qaçmağa çağırdım".
Onun sözlərinə görə, binadan çıxandan sonra Yuranı vurduğu bıçağı tullayıb. O, Moskva şəhərində qalmaqdan ehtiyat edib və Azərbaycana qayıdıb. Lakin axtarışda olmağını bilməyib:
"Mənim kimisə öldürmək fikrim olmayıb. Bıçağı götürdükdən sonra Yuraya çoxsaylı xəsarət yetirmək imkanım olsa da, məqsədim yalnız onun əlindən çıxıb qaçmaq olduğuna görə bıçaqla onun ayağından vurdum. Güman etdim ki, həmin xəsarət Yuranın ölümünə səbəb ola bilər. Məqsədim yalnız özümü müdafiə etmək olub. Hadisədən sonra həmin mənzilə daha qayıtmadım, paltarlarım və şəxsi əşyalarım orada qalıb. Törətdiyim əməldən peşmanam".
İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Postolaki Natalya Vladimirovna hadisənin faktiki halları ilə bağlı məlumatı olmadığını bildirib. İfadəsində göstərib ki, əri Yuri olduqca sakit təbiətli, konfliktə meyli olmayan və spirtli içkilərdən sui-istifadə etməyən adam olub.
Bu cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb və hakim Əlövsət Abbasovun sədrliyi ilə hökm elan edilib. Hökmə görə, məhkəmə Tural Şıxəliyevin barəsində ittihamları dəyişib. Məhkəmə Tural Şıxəliyevi Cinayət Məcəlləsinin 130.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib və onu 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib. Həmin hökmlə Tural Şıxəliyev cəzasını polis nəzarəti altında azadlıqda keçirməli olacaqdır.
Təqsirləndirilən şəxs bu məhkəmənin hökmündən sevinsə də, onun sevinci uzun sürməyib. Çünki prokurorluq məhkəmənin hökmündən narazı qalıb və onun cəzasının ağırlaşdırılması üçün apellyasiya protesti verib.
Baş Prokurorluğun apellyasiya protestinə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti təmin edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü dəyişdirilərək, Tural Şıxəliyevin cəzası ağırlaşdırılıb. Məhkəmənin qərarı ilə Tural Şıxəliyevin barəsində 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
|
|
|
|
|
|
|