İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) "Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi" layihəsi çərçivəsində Azərbaycanın 22 regionunda 2010-cu ilin iyun ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. İTM-dən APA-ya verilən məlumata görə, statistik müşahidələrin nəticəsi göstərir ki, ay ərzində Azərbaycanda istehlak qiymətləri 0,91% azalıb. Bu zaman Bakıda qiymətlər 0,62%, regionlarda isə 1,19% azalıb. Bu ilin yanvar-iyun aylarında ölkədə 1,48% inflyasiya olub. Ötən ilin iyun ayına nisbətən ölkədə istehlak qiymətləri indeksi 5,87% artıb.
Cari ilin iyun ayı ərzində ərzaq məhsulları üzrə ən çox bahalaşma toyuq yumurtası (16,65%), lumu (9,71%), pivə (1,71%), qeyri-ərzaq məhsulları üzrə 7-13 yaşlı uşaqlar üçün maykalar, futbolkalar (5,92%), xidmətlərdən üzgüçülük qruplarında məşğələlər (8,28%), ən çox ucuzlaşma isə ərzaq məhsullarından badımcan (35,66%), ərik (22,97%), şirin bibər (22,32%), qarpızda (7,52%) müşahidə edilib.
İTM ekspertləri həmçinin Azərbaycanın 22 regionunda 2010-cu ilin may ayı ərzində aparılan qiymətlərin statistik müşahidəsinin nəticələri və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında iyun ayı üzrə istehlak səbətinin dəyərini hesablayıblar.
Həmin hesablamalara əsasən, iyun ayında Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 117,36 manat, pensiyaçılar üçün 105,99 manat, 0-14 yaşlı uşaqlar üçünsə 132,46 manat təşkil edib.
İyun ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 57,09 manat, pensiyaçılar 52,72 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 63,89 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 34,61 manat, pensiyaçılar üçün 31,61 manat, 0-14 yaşlı uşaqlar üçün 51,11 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,66 manat, 22,83 manat və 17,46 manat təşkil edib.
Xatırladaq ki, Milli Məclisin qərarı ilə Azərbaycanda 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.
|