Son bir ildə ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Bankı (ABB) rüblük 6% hesabından səhmdarlarına dividend ödəmək təklifini səsləndirdi. Bu, səhmdarların son on il ərzində aldıqlarından düz iki dəfə azdır. Ötən ilin ikinci rübündən sonra isə bank ümumiyyətlə dividend ödəmirdi. ("Turan")
Bankın yayımladığı açıqlamaya əsasən, yeni dividend siyasəti üzrə menecmentin planları səhmdarların növbəti ümumi yığıncağında müzakirəyə çıxarılacaq. "Turan"ın məlumatına görə, iclas 20 iyulda saat 16:00-da ABB-nin baş inzibati binasında keçiriləcək.
Cari ilin birinci yarısında bankın vergi ödənildikdən sonra xalis mənfəəti 31,5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründə olduğundan iki dəfə azdır. Mütəxəssislər bunu bankın aktivlərinin kefiyyətinin pisləşməsi ilə bağlayırlar.
Maraqlıdır ki, ABB-nin yeni dividend təklifi səhmdarların bankın rəhbərliyini KİV-də kəskin tənqid atəşinə tutması ilə üst-üstə düşüb.
Hazırda bankın 1,5 mindən çox fiziki və hüquqi şəxs olan səhmdarı var. Səhmlərin 50,2%-i dövlətə məxsusdur.
|