çap et  
Möhlət Müslümov Təbrizdə çıxış edəcək
Şənbə, 17.07.2010


Tanınmış tarzən, xalq artisti Möhlət Müslümov yeni qastrol səfərinə hazırlaşır. O, iyulun 20 və 21-də Təbrizdə növbəti konsert proqramı ilə çıxış edəcək. Tarzənin məlumatına görə, səfər tanınmış şair və publisist Xosrov Sərtibinin dəvəti ilə baş tutacaq:

"Dəvət hələ qışda İrana səfərim zamanı edilmişdi. Mən də məmnuniyyətlə razılıq verdim. Nəhayət, səfər bu ay reallaşacaq. İyulun 18-də Təbrizə yola düşəcəyik. Mənimlə yanaşı bir neçə sənət adamı da gedəcək - kamança ifaçısı, xalq artisti Fəxrəddin Dadaşov, xanəndələr İlkin Əhmədov, Səbuhi İbayev və Babək Niftəliyev. Ümid edirəm ki, konsertimiz maraqla qarşılanacaq". M.Müslümovun sözlərinə görə, iki günlük konsert proqramında xanəndələr xalq mahnıları və ritmik muğamlar səsləndirəcəklər. Tarzən özü isə solo ifa ilə çıxış edəcək. Sənətçilər Bakıya iyulun 22-də dönəcəklər.