çap et  
Teatr müsabiqə elan edir
Şənbə, 17.07.2010


Azərbaycan Dövlət Musiqili Komediya Teatrı gələn mövsümdə teatrın simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib. Müsabiqədə 18 yaşdan yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilər. Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, sənədlər sentyabrın 1-dək Musiqili Komediya Teatrında qəbul ediləcək. Direktorun sözlərinə görə, teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün bu müsabiqə çox vacibdir:

"Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Ümid edirik ki, sentyabrda seçim turundan sonra yaradıcı heyətdə tam yenilik nəzərə çarpacaq".

Bununla yanaşı, Əliqismət Lalayev gənc və istedadlı aktyor-vokalistlərə ehtiyac olduğunu bildirib. Bu arzu ilə teatra müraciət edən gənclər arasında da seçim aparılacaq.