çap et  
Qoçaq Əsgərov "Bird Walk Records" təqdimatında
Qoçaq Əsgərov "Bird Walk Records" təqdimatında
Azərbaycanlı xanəndənin albomu Avstraliyada buraxılıb
Şənbə, 17.07.2010

Zəminə Rüstəmova

Ötən il Səmərqənddə "Şərq təranələri" beynəlxalq müsabiqəsinin qalibi Qoçaq Əsgərovun növbəti diski Avstraliyanın "Bird Walk Records" şirkəti tərəfindən buraxılıb. Muğam ifaçısının "Ayna" qəzetinə bildirdiyinə görə, ifası Avstraliyanın yerli radio dalğalarında səslənən ərəfələrdə musiqi şirkətinin təmsilçilərində onun albomunu çıxarmaq ideyası yaranıb. Şirkətlə uğurlu əməkdaşlıqda xanəndəyə YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırova dəstək olub. Albom hazır olan kimi Böyük Britaniyada bu il keçirilən "Womad" beynəlxalq dünya musiqi mədəniyyəti və rəqsləri festivalının iştirakçılarına təqdim edilib.

Xatırladaq ki, Azərbaycandan həmin festivalda Qoçaq Əsgərovun solisti olduğu "Turan" qrupu iştirak edib. Daha sonra yüksək tirajla buraxılan toplu bu günlərdə Azərbaycana gətirilib. Xanəndə söylədi ki, albom beynəlxalq səviyyədə buraxıldığı üçün yazılı təqdimatı ingilis dilində aparılıb. İlk səhifəsi "Mugam Ensemble "Turan" Music From Azerbaiyan"la başlayan təqdimatdan daha sonra solist Qoçaq Əsgərov, kamança ifaçısı Elnur Mikayılov və əməkdar artist, tarzən Malik Mansurovun adları qeyd edilib.

Albomun məlumat kitabçasında eyni dildə Azərbaycan muğamının tarixi, keçmişi barəsində ətraflı məlumat dərc olunub. Daha sonra adı hallanan musiqiçilərin bioqrafiyası, nailiyyətləri yazılıb. Toplunun digər səhifəsi isə milli musiqi alətlərimizdən tar, kamança, nağara, qaval, ud haqqındadır. Sonda isə albomda yer alan musiqilərin təqdimatıdır. Dinləyiciyə burada 5 ifa təqdim edilib - "Bayatı-Şiraz" və "Çahargah" dəsgahı, "İrəvanda xal qalmadı" xalq mahnısı, "Buludlar" təsnifi və ən sonda musiqisi Kamal müəllimin, sözləri Baba Vəziroğlunun olan "Səndən nigaranam" adlı mahnı.

"Bu mahnını alboma daxil etməzdən əvvəl şirkət nümayəndələri müəlliflərin razılığını təsdiqləyən sənəd tələb etdilər ki, sabah müəllif hüquqlarının qorunması üçün sübutları olsun. Hər iki müəllifin faksla ünvanladığı razılıq məktubundan sonra "Səndən nigaranam" alboma daxil edildi", - deyə xanəndə bildirdi.

Qoçaq Əsgərov deyir ki, albomun satışına ilk öncə Avstraliyada başlanıb. Daha sonra toplu Yeni Zelandiyaya yayılıb. İctimai marağı nəzərə alan şirkət albomun tirajını artırmaqla satışını bir çox ölkələrdə təmin etməyi düşünür.

Xatırladaq ki, Qoçaq Əsgərovun bundan əvvəlki albomunu İngiltərənin nüfuzlu səsyazma studiyalarından biri buraxıb. "Sarı gəlin" adlanan albom böyük tələbat səbəbindən bir neçə dəfə tirajlanaraq, bu günə qədər satışı davam edir. Xanəndə ilə söhbət zamanı onun yeni qochaqesgerov.az adlanan saytının bu həftə istifadəyə verildiyini öyrəndik. Musiqiçi bildirdi ki, elektron səhifənin yaranmasında həm də xarici şirkətlərin marağı rol oynayıb. Xanəndə bir çox şirkətlərin məhz buradan informasiya toplaya bildiklərini və özünün bəzi yaradıcılıq təklifləri aldığını bildirdi. Qeyd edək ki, portal bioqrafiya, yaradıcılıq, audio, video, fotoqalereya və s. bölümlərdən ibarətdir.