Görkəmli yazıçı və ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin üçcildliyi Qırğızıstanın paytaxtı Başkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və Azərbaycanda fəaliyyət göstərən "Avromed" şirkətinin dəstəyi ilə qırğız dilində nəfis şəkildə nəşr edilib.
Üçcildliyi qırğız dilinə Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Abdrahman Alımbayev, ittifaqın katibi Seyit Altımışov, yazıçı Mükan Asanaliyev çeviriblər. Bişkekdəki "Biyiktik" nəşriyyatında nəfis şəkildə nəşr olunan üçcildliyin baş redaktoru isə Qırğızıstan MEA Dil və Ədəbiyyat İnstitutunun direktoru Abdıldacan Akmataliyevdir. Üçcildliyin tərtibatçıları Ədibə Paşayeva, Novruz Məmmədov və Aqil Hacıyevdir. Kitabın baş məsləhətçisi Azərbaycan MEA müxbir üzvü Nizami Cəfərov, məsləhətçiləri akademik, dünya şöhrətli yazıçı Çingiz Aytmatovun qardaşı İlgiz Aytmatov, Nüsrət Məmmədov, Hikmət Məmmədovdur. Üçcildliyə ön sözü professor Aqil Hacıyev yazıb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan, hər cildi 550 səhifəlik üçcildlik Qırğızıstanın bütün kitabxanalarına, elm və təhsil ocaqlarına pulsuz veriləcək. Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Abdrahman Alımbayev bildirib ki, Qırğızıstan alimləri bu kitab əsasında Mir Cəlalın yaradıcılığını tədqiq edəcək, yeni elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə olunacaq. O qeyd edib ki, görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin adına ədəbi və elmi irsinin öyrənilməsi məqsədi ilə Qırğızıstan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir ki, bu da Qırğızıstan və Azərbaycan arasında elmi əməkdaşlığı daha da möhkəmləndirir. Məlumat üçün bildirək ki, üçcildliyin bu yaxınlarda Bakıda da təqdimat mərasimi keçiriləcək.