Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Əsrdən uzun "Əkinçi" yolu Məmləkətin ilk qəzetinin nəşrini düşünərkən
Əsrdən uzun "Əkinçi" yolu Məmləkətin ilk qəzetinin nəşrini düşünərkən
Şənbə, 17.07.2010


Mirvari RƏHİMZADƏ
mətn ölçüsü  

Son 150 illik tarixdə milli mədəniyyətimizin tərəqqisində, milli mətbuatımızın inkişafında, xalqımızın savadlanmasında göstərdiyi misilsiz xidmətlərə görə Həsən bəy Səlim bəy oğlu Məlikov-Zərdabinin parlaq xatirəsini hər birimiz ehtiramla yad edirik. Həsən bəy Moskva Universitetinin riyaziyyat-təbiət fakültəsində təhsil alıb vətəninə dönmüş və bütün şüurlu həyatını millətin maariflənməsinə sərf etmişdir. Şərq qəflətində yatmış bir xalqı oyatmaq, bisavad camaata öz hüquqlarını anlatmaq, hər şeyin ağır senzura, ciddi nəzarət və sərt yasaqlar şəraitində olduğu bir zəmanədə bu işləri görmək həqiqətən böyük qəhrəmanlıq sayılır. Hələ öz zamanında Həsən bəylə Bakıda görüşən bir fransız jurnalist ona heyrətini gizlətmədən belə demişdi: "Doğrusu, siz əsl qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən adam tapmaq olmazdı. Sizin qüvvənizə heyrət edirəm. Belə məlum olur ki, siz öz xalqınızı çox istəyirsiniz!".

Naşiri olduğu "Əkinçi" qəzeti təkcə milli mətbuatımızın yaranma tarixi deyil, eyni zamanda xalqımızın milli şüurunun, azadlıq mücadiləsinin, cəhalətə qarşı mübarizəsinin başlanma tarixidir. İctimai-siyasi proseslərin salnaməsi və aynasıdır. Həsən bəyin idealları və "Əkinçi" ənənələri ilə mayalanan milli mətbuatımız şərəfli bir yol keçərək xalqı sözün qüdrəti ilə istiqlala qovuşdurdu.

Həsən bəy Məlikov-Zərdabi təkcə milli mətbuatın banisi deyil, həm də xalq müəllimi, teatr həvəskarı, "qara camaat"ın könüllü vəkili idi. Yeddi illik səylərdən sonra çar hökumətindən "Əkinçi"nin çapına icazə alan Həsən bəy ilk sayda qəzetin əsas məqsəd və vəzifəsini şərh edərək yazırdı:

"Qəzetin muradı xalqın gözünü açmaqdır... Qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta ki xalq nikubədindən xəbərdar olub onun əlacının dalınca olsun".

O zaman Qafqazda ərəb əlifbası ilə çap işi yox dərəcəsində olduğundan işi milli mətbəənin təşkilindən başlamaq lazım gəlirdi. İstanbulun "Babi-Ali cadəsi"ndə mətbuat və kitab ticarətində olan azərbaycanlıların köməyi ilə ərəb qrafikası ilə mətbəə matrisaları əldə edən Həsən bəy "Əkinçi"ni ərsəyə gətirmək üçün çox böyük əziyyətlərə qatılmışdı. Bəzi xırda imla qüsurları üçün oxuculardan üzr istəyən redaktor yazırdı:

"Dünyada hər qəzeti 5 və ya 10 adam inşa edir. Onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən başqa kişilər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm... Ey bizə diqqət edənlər! Bu qəzetin kəsirini görəndə gülməyin.

REKLAM

Siz ağlayın ki, bizim müsəlmanların bircə qəzetini də basdırmağa adam yoxdur".

"Əkinçi" öz səhifələrində xalqın dərd-sərindən, müşküllərindən yazırdı, zülmətdə qalan millətin bəsirət gözünü açırdı. Qəzetin öz dövrünün ictimai-siyasi həyatdakı roluna və "Əkinçi" - Zərdabi vəhdətinə toxunan görkəmli siyasi xadim Əlimərdan bəy Topçuboşov 1925-ci ildə deyirdi:

"Əkinçi"!.. Bu sözü qəlbən titrəmədən və həyəcansız söyləmək olmur: onda hər bir azərbaycanlı üçün nə qədər müqəddəslik var. "Əkinçi" müstəqil Azərbaycanın, onun dilinin, xalq mahnılarının, ədəbiyyatının, tarixinin möcüzəvi emblemidir. Bu bütün Azərbaycan xalqının emblemi və nişanıdır, onun gücünün, azad əməyə sevgisinin, ideya və ideallarının aşkara çıxmasıdır. "Əkinçi" və Həsən bəy Məlikov-Zərdabi - bu adlar tarixdə və xalq yaddaşında elə qaynayıb-qovuşmuşdur ki, bir-birindən ayrılmazdır. Onlar birlikdədir və ayrılmazdır. Azərbaycan barədə danışanda, Həsən bəyi xatırlayanda, haqlı olaraq onun Azərbaycanın və bütün Qafqazın mədəniyyət və maarif, siyasi və iqtisadi inkişaf tarixində ən şərəfli yerlərdən birini tutduğu görünür. Həsən bəy nişanverici və xilasedici bir mayak yaratdı. Belə faydalı və ruhlandırıcı işıq mənbəyini ehtiramla yad etmək bütün Azərbaycanın və hər bir azərbaycanlının əxlaqi, vətənpərvərlik borcudur".

Qəzetin aynasında öz tipik simalarını görənlər naşirə hədyanlar yağdırmağa başlamışdılar. Həsən bəyin siyasi-ictimai həyatda artan nüfuzu çar məmurlarını da təşvişə salırdı. 1878-ci ildə təzyiqlərə məruz qalan Zərdabi təbiət müəllimi işlədiyi Bakı Realnı məktəbindən xaric edilir və 2 il işsiz qalır. 1880-ci ildə ailəsi ilə birlikdə Zərdaba köçərək 16 il kənd yerində yaşayır. Burada o, hüquqları tapdanan camaata könüllü vəkillik yardımı göstərir, onları öz hüquqlarının müdafiəsi üçün maarifləndirirdi.

Bakıya bir də 1896-cı ildə dönən Həsən bəyi onu yaxşı tanıyan Bakı ziyalıları və xüsusilə bu ziyalıları çox sevən böyük maarifpərvər mesenat Hacı Zeynalabdin Tağıyev səmimi qarşıladı. Öz millətinin maariflənməsinə can yandıran Tağıyev o dövrdə "Kaspi" qəzetini erməni naşirlərindən böyük pula - 57 min "Nikolay onluğu"na satın alaraq Əlimərdan bəy Topçubaşova vermişdi ki, millətimiz üçün nəşr etsin. Həsən bəy Bakıya gələndən ömrünün sonunadək "Kaspi"də çalışdı.

Təzə Pir məscidi yaxınlığında yaşayan Həsən bəyin Tağıyevlə münasibəti Azərbaycan xalqı üçün tarixi bir şans oldu. Həsən bəyin dəyərli ideyalarını öz şəxsi sərmayəsi ilə gerçəkləşdirən Hacı Zeynalabdin Tağıyev ona böyük ehtiramla yanaşırdı. Bakıda Qızlar Məktəbinin açılmasının ilk təşəbbüskarı da Həsən bəy olmuşdu. Həsən bəy və onun kürəkəni, həm də Tağıyev kontorunun vəkili Əlimərdan bəy Topçubaşovun Qafqaz canişininə və çara yazdığı ərizələri Tağıyev ünvanlarına aparmış, məmurlara böyük hədiyyələr müqabilində məktəbin tikintisinə razılıq almışdı.

Nəhayət, 1900-cü ilin oktyabrında böyük maliyyə hesabına Şərqdə ilk qız məktəbinin təntənəli açılışına qatılan Tağıyev, Məlikov və Topçubaşovun sevincləri onların gözlərindəki yaşda parlayırdı... Məktəbə müdirlik etmək üçün Tağıyev heç düşünmədən Həsən bəyin ömür-gün yoldaşı və ideya həmfikri Hənifə xanım Məlikovanı məsləhət görmüşdü. Bu məktəbə millətin qız övladlarının cəlb olunması üçünsə onlar gərgin çalışmışdılar. Sonralar bu məktəbi bitirən gənc qızlar qadın azadlığının carçısı, maarif fədailəri oldular və ölkənin ictimai həyatında mühüm rol oynadılar.

Uzun illər şəhər Dumasında deputat olan Həsən bəyin cəsarətli səsini çar məmurları heç bir vasitə ilə boğa bilmirdilər. 1907-ci il noyabrın 7-də İçərişəhərdə, Qoşa qala qapısının arxasındakı sadə evində iflic xəstəliyindən əziyyət çəkən böyük maarifçi ölüm yatağında vəsiyyət edirdi:

"Sizdən xahiş edirəm: Təntənəli dəfn mərasimi düzəltməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savab yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olar".

Lakin bütün şəhər axışıb gəlmişdi. Xalq öz fədakar oğlunu böyük bir ehtiramla Bibiheybət qəbiristanlığında dəfn etdi. 30-cü illərdə böyük yol çəkilişi ilə bağlı Həsən bəyin məzarı şəhər qəbiristanlığında uyuyan sadiq məsləkdaşı Hənifə xanımın yanına köçürüldü. 1957-ci ildə onun nəşi yenidən köçürülür. Bu dəfə xalqın hörmət bəslədiyi böyük şəxsiyyətlərinin uyuduğu bir məkana - Fəxri Xiyabana... Bu gün Həsən bəyin Fəxri Xiyabandakı məzarı Azərbaycan jurnalistlərinin ehtiramla baş çəkdikləri müqəddəs ünvandır.

Görkəmli ictimai xadim, fədakar xalq müəllimi və təbiətşünas alim, milli teatrımızın banisi, ilk qız məktəbinin yaradıcısı, 1-ci müəllimlər qurultayının təşkilatçısı və sədri, ilk xeyriyyə cəmiyyətinin rəhbəri və nəhayət, milli mətbuatımızın yaradıcısı... Ruhun şad olsun, Həsən bəy!

Bu gün onun arzuları gerçək olub. Qəzet-jurnal bolluğu yaşnanır. Medianın palitrası çox əlvandır. Azərbaycan Jurnalistlər Birliyi, Mətbuat Şurası, KİV-ə Dövlət Dəstəyi Fondu, müxtəlif jurnalist təşkilatları və böyük bir jurnalist ordusu günün salnaməsini yazırlar. Hamısının sələfi - təməli 135 il əvvəl atılmış "Əkinçi"dir. Mənəvi ata isə - Həsən bəy Məlikov-Zərdabidir.





Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Adlar seçimin obyektivliyini dəqiq əks etdirdi

Bölmənin digər xəbərləri
 
Al Cero Qəbələdə çıxış edəcək
Bu ay pianoçuların festivalı təşkil edilir

Al Cero Qəbələdə çıxış edəcək
Bu ay pianoçuların festivalı təşkil edilir

Fikrət Qoca: "75-dən sonra böyük yolu görə bilmirəm"
Bu həftə ədibin yubileyidir

Milli Kitabxana Dünya elektron kitabxanasında
Bu, 2009-cu ilin ideyası əsasında həyata keçirilib

Qədim alətlərin yeni ifaçıları yoxdur
On qədim aləti bərpa edən Məcnun Kərimov onların sonrakı taleyindən narahatdır

Mir Cəlal Paşayevin üçcildliyi Bişkekdə çap edilib
Toplunun Bakıda da təqdimatı keçiriləcək

Kinorejissor Rasim Ocaqovun nadir fotosu aşkarlanıb
Belarusdan Azərbaycan Dövlət Film Fonduna azərbaycanlı kinorejissor Rasim Ocaqovun çox nadir fotosu daxil olub.

Qara Qarayevin ev muzeyi yaradılır
Bəstəkara aid materialların siyahısı tutulur

Qoçaq Əsgərov "Bird Walk Records" təqdimatında
Azərbaycanlı xanəndənin albomu Avstraliyada buraxılıb

Simfonik orkestrin yeni festival ünvanları
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bu ilin sonunadək bir sıra beynəlxalq festivallarda iştirak edəcək.

Teatr müsabiqə elan edir
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı gələn mövsümdə teatrın simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib.

Möhlət Müslümov Təbrizdə çıxış edəcək
Tanınmış tarzən, xalq artisti Möhlət Müslümov yeni qastrol səfərinə hazırlaşır.

Elçinin "Ədəbi düşüncələr"i Türkiyədə çap edilib
Xalq yazıçısı Elçinin Türkiyədə daha bir kitabı işıq üzü görüb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər