Küçədə ət satışı qadağandır
 |
Amma buna baxan kimdir?
Şənbə, 17.07.2010
|
|
Yay mövsümündə zəhərlənmə halları çoxalır. Bunun da çox aydın səbəbi var. Gün dəyən ərzaq məhsulları insan orqanizminə mənfi təsirini göstərir. Bu gün paytaxt küçələrində açıq halda içməli sudan tutmuş ətə qədər hər şey satırlar. Bu isə normal ölkələrdə yolverilməz haldır.
Qarpız, yemiş, digər kənd təsərrüfatı məhsullarının açıq halda, günün altında satılmasına artıq vərdiş etmişik. Ən dəhşətlisi odur ki, 39-40 dərəcə temperaturda, insanların rahat nəfəs ala bilmədiyi havalarda belə açıq halda ət satışına rast gəlirik.
Ən qəribəsi isə odur ki, bu iş Kənd Təsərrüfatı Nazirliyinin himayəsi altındadır. Söhbət yarmarkalarda ət və toyuq əti satışından gedir. Maraqlıdır ki, nazirliyin müvafiq qurumları küçədə ət satışının qanunla qadağan edildiyini bəyan edir və bu hallarla mübarizə aparmaq üçün hüquq-mühafizə orqanlarının köməyinə ehtiyac duyulduğunu vurğulayır.
Bəllidir ki, yarmarkalarda ət məhsulları, süd və süd məhsulları, tez xarab olmağa meyilli olan kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nə vitrin, nə də soyuducu avadanlıqlar mövcud deyil. Heç yarmarkalar özü də satış üçün münasib məkanlarda təşkil edilmir. Neçə ildir əhaliyə ucuz məhsullar təqdim etmək məqsədilə təşkil edilən yarmarkalarda sanitariya qaydalarına riayətdən söhbət belə gedə bilməz. Satıcılar mallarını ya yerə tökərək satır, ya da primitiv şəkildə düzəldilmiş piştaxtaların üstünə tökürlər.
Yarmarkaların daha münasib şəkildə təşkili ilə bağlı məsələ qaldırılsa da, məsul şəxslər özlərini eşitməzliyə vurdular. Yarmarka qiymətlərinin digər bazarlardan çox cüzi fərqləndiyi isə başqa söhbətin mövzusudur.
Bəs, bölgələrdən ət və ət məhsulları paytaxt bazarlarına necə daxil olur, yay mövsümündə yarmarkalarda açıq halda ət satışı nə dərəcədə düzgündür? Bunlar əhalinin sağlamlığı üçün təhlükəli deyilmi?
Əvvəla, rayonlardan paytaxta ət gətirilməsi qəbul edilmiş qaydalar əsasında aparılmalıdır. Hətta əgər rayon daxilində bir kənddən başqa yerə ət aparılırsa, bu, arayış əsasında həyata keçirilməlidir. Ət rayon sərhədindən kənara çıxarıldıqda isə onun baytarlıq orqanından şəhadətnaməsi olmalıdır. Bu şəhadətnamələr olmadan həmin məhsulların daşınması qadağandır.
KTN-dən reaksiyalar
KTN Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirir ki, kənd təsərrüfatı yarmarkalarında ət satışı qadağan olunmayacaq.
Çünki yarmarkalarda əhaliyə təzə kəsilmiş ət təklif olunur. Həmin ətin satışına yalnız saat 13:00 radələrinədək icazə verilir. Bu müddətdən sonra yarmarkada ət satışı qadağandır. Amma bu qadağana kimin necə əməl etdiyi, yəqin ki, nazirliyi maraqlandırmır. Əks halda, saat nəinki 13:00-dan sonra, hətta 17, 18, 19:00-dan sonra da yarmarkalarda ət satışına şahid olmaq mümkündür. Qısası, ət yarmarka qurtaranadək satılır.
KTN yanında Dövlət Baytarlıq Xidməti Mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəli də qəti danışır. Deyir ki, paytaxtın bütün ərazisində açıq havada ət satışının qarşısı alınmalıdır:
"Həm yerli icra strukturlarına, həm də digər müvafiq orqanlara vaxtaşırı müraciətlər göndərilir ki, respublikanın bütün ərazisində qeyri-qanuni ət satışının qarşısı alınsın. Çünki həmin ərazilərdə kəsilib satılan ətin mənşəyi, o cümlədən həkim nəzarətindən keçib-keçmədiyi dəqiq bilinmir. Amma bu iş mərkəzləşmiş qaydada aparılsa, hər rayonda kəsim məntəqəsi yaradılsa, istər-istəməz laboratoriya fəaliyyət göstərəcək və kəsilən ətlərə həkim nəzarəti olacaq. Həm kəsilən heyvan ətinin keyfiyyətinə zəmanət veriləcək, həm də ondan nümunələr götürülərək yenidən müayinə ediləcək. Yalnız bundan sonra həmin ətin satışına icazə veriləcək. Bununla bağlı yerli icra orqanlarına dəfələrlə etdiyimiz müraciətlər əksər hallarda ciddi qəbul olunmur".
Baytarın cavabı
Bakı Şəhər Baş Baytarlıq İdarəsinin sədr müavini Vəli Qarayev isə kənd təsərrüfatı yarmarkalarında ət satışını normal qarşılayır:
"Həftəsonu kənd təsərrüfatı yarmarkalarında digər məhsullar ilə yanaşı ət də satılır. Bu yarmarkalar səyyar xarakter daşıyır və vətəndaşlar öz məhsullarını yarmarkalarda sata bilir. Buna görə də həftənin bir-iki günü fəaliyyət göstərən yarmarkalarda soyuducular quraşdırılmasını tələb etmək olmur. Amma ət məhsullarını həşəratlardan və günəş şüalarından qorumaq üçün kölgəliklər yaradılır, üstü bağlanır. Satıcılar özləri də yaxşı bilirlər ki, yay mövsümündə ət məhsulları açıq havada qalanda tez xarab olur. Xarab məhsul isə alınmayacaq. Buna görə məhsullarının xarab olmaması üçün mümkün olduğu qədər tədbirlər görürlər"...
V.Qarayev yay mövsümündə təşkil olunan kənd təsərrüfatı yarmarkalarında ət məhsulları satışına qadağan qoyulmasını düzgün hesab etmir:
"Gerçəklik belədir ki, səyyar yarmarkalarda ət məhsullarının satışı üçün standartlara uyğun şərait yaradılmasını tələb etmək mümkün deyil. Yarmarkalarda ət məhsullarının satışının qadağan edilməsi də mümkün deyil. Çünki əhalinin həmin məhsullara tələbatı var".
Deməli, bütün məsuliyyət qalır yarmarkalardan ət alanların üzərində. Tələbat var, aidiyyəti qurumlar da işlərini buna uyğun qururlar. Keyfiyyət, əhalinin sağlamlığı kimi məsələlər isə heç ikinci planda da deyil. Əgər yarmarkada soyuducunu yayın bu cırhacırında "kölgəlik" əvəz edirsə, buna başqa ad tapmaq mümkün deyil.
|
|
|
|
|
|
|