"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin əsasnaməsinin yaxın iki ay ərzində təsdiqlənəcəyi gözlənir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən izahata görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, Nazirlər Kabineti yaxın iki ay ərzində ASC-nin əsasnamə və strukturunu təsdiq etməlidir.
Prezidentin sərəncamı ilə akademik Arif Paşayev kosmik məsələlər üzrə şuranın sədri təyin edilib. Nazirlər Kabineti növbəti illər üçün nəzərdə tutulan dövlət büdcəsinin layihəsində Azərbaycanın telekommunikasiya peykinin yaradılmasına və orbitə çıxarılmasına, beynəlxalq standartlara uyğun peykin əsas və rezerv yerüstü idarəetmə mərkəzinin yaradılmasına və inşasına tələb olunan müvafiq vəsaitləri, gələcəkdə qaytarmaq şərti ilə təmin etməlidir. Nazirlər Kabineti peyk orbitə çıxarılanadək "Azərkosmos" ASC-nin xərclərinin təminatını dövlət büdcəsi hesabına maliyyələşdirməlidir.
Qeyd edək ki, bu tədbirlər Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Proqram çərçivəsində 2013-cü ilədək kosmik sənayenin yaradılması məqsədilə VSAT və digər terminal stansiyaların element və hissələrinin, müxtəlif tipli və funksiyalı peyk qəbulediciləri (internet, direkt TV, GPS və digər) sistemlərinin ölkədə yığılması və istehsalı üçün təkliflər hazırlamaq nəzərdə tutulur.
Eyni zamanda, 2012-2013-cü illərdə peyk şəbəkə və qurğuları üçün ehtiyat hissə və elementlər bazasının, kiçik tutumlu peyklərin sahə üzrə digər avadanlıqlarının hazırlanması ilə bağlı tələbatı öyrənməklə təkliflərin hazırlanması planlaşdırılır.
|