Azərbaycanda ümumvətəndaşlıq pasportlarının verilmə müddətinə görə müəyyən olunan dövlət rüsumunun məbləği açıqlanıb. Bakı şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Əli Əliyev bildirib ki, ümumvətəndaşlıq pasportları vətəndaşlara bir ay müddətinə verilirsə, buna görə 40 manat rüsum ödənməlidir:
"Əgər vətəndaş işi ilə əlaqədar 5 iş günü müddətində pasport almaq istəyirsə, o zaman rüsumun məbləği 120 manat təşkil edir".
Həmçinin vətəndaşların xəstəliyi ilə əlaqədar müstəsna hallarda ümumvətəndaşlıq pasportunu 48 saat müddətində almaq da mümkündür. Belə olan halda isə vətəndaşın xəstəliyi ilə əlaqədar Səhiyyə Nazirliyinin müvafiq qurumundan arayış tələb olunur. Tələb olunan arayış təqdim olunarsa, vətəndaş 48 saat müddətinə ümumvətəndaşlıq pasportu ala bilər. Bu zaman rüsum 40 manat olaraq qalır".
BŞBPİ Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəis müavini qeyd edib ki, qarşıdan gələn parlament seçkilərinə kimi Bakı şəhərində səsvermə hüququna malik vətəndaşların hamısı 100 faiz şəxsiyyət vəsiqəsi ilə təmin ediləcək. Seçkilərlə əlaqədar Daxili İşlər Nazirliyi və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən xüsusi tədbirlər planının təsdiq edildiyini vurğulayan şöbə rəisinin müavini paytaxtda əhalinin şəxsiyyət vəsiqəsi ilə təmin olunması istiqamətində təxirəsalınmaz iş aparıldığını deyir:
"Baş idarənin rəhbərliyinin tapşırığı ilə əməkdaşlarımız yaşlı və xəstə vətəndaşları evlərdə şəxsiyyət vəsiqəsi ilə təmin edirlər. Mart ayından bəri paytaxtda əhalinin şəxsiyyət vəsiqəsi ilə təmin edilmə səviyyəsi iki dəfə artıb. Sizi əmin edirəm ki, parlament seçkilərinədək paytaxt əhalisi yüz faiz şəxsiyyət vəsiqəsi ilə təmin olunacaq".
|