Türkiyə Uçan Naməlum Obyektlər və Kosmik Araşdırmalar Mərkəzinin rəhbəri Haktan Akdoğan şok açıqlama verib. Türkiyənin "Vatan" qəzetinin yaydığı məlumata görə, Haktan Akdoğan deyib ki, Türkiyə Hərbi Hava Qüvvələri və Milli Kəşfiyyat Təşkilatında Uçan Naməlum Obyektlər (UNO) bölməsi var. O, UNO-larla qarşılaşan və hazırda istefada olan 20 pilotla daimi təmasda olduqlarını söyləyib:
"Hətta UNO-lar hərbi bazaların yaxınlığında türk qırıcı təyyarələrinin önündə dəfələrlə manevr də ediblər. UNO-larla bağlı dəfələrlə mətbuata qapalı toplantılarda generallara və yüksək rütbəli hərbçilərə məruzə oxumuşam. Hökumətlər və böyük şirkətlər bu məlumatları mövcud sistemin dəyişməsindən qorxduqları üçün məxfi saxlayırlar. Dünya ölkələrinin hökumətləri kosmosda tək olmadığımızı açıqlamalıdırlar".
Haktan Akdoğan qeyd edib ki, UNO-larla bağlı son olaylar insanlarının huşunun başından alınması ilə bağlıdır:
"İşıq sürətini aşaraq Yer kürəsinə gələn UNO-lardakı yadplanetlilər təkcə səmada gəzməklə kifayətlənmir. Bir çox insan yuxuda olan zaman işıq "üzməsi" ilə bu hava gəmilərinə aparılır və üzərlərində genetik araşdırma aparılır. İnsanlardan saç, dırnaq, qan, əzələ kimi nümunələr götürülür və təcrübə aparılır. Türkiyədə yadplanetlilər tərəfindən üzərində genetik təcrübə aparılmış 120 nəfər yaşayır. Onların 6-nın bədənində mikroçip yerləşdirilib. ABŞ-dan gözlədiyimiz professor Roger Leir ilə oktyabrda Türkiyənin özəl bir xəstəxanasında bu 6 nəfərin bədənindəki mikroçipləri çıxaracaq, laboratoriyada araşdıracağıq. Cəmiyyətdə təcridlə üzləşməmələri üçün bu insanların adları açıqlanmır".
Qeyd edək ki, bu günlərdə Avropa Parlamentinin deputatı Mario Borghezio Avropa Birliyinə üzv ölkələrin hökumətlərini məxfi UNO hesabatlarını açıqlamağa çağırıb.
|