Senator Bencamin Kardinin sədr olduğu ABŞ Helsinki Komitəsi ATƏT məkanında mətbuat azadlığına dəstək qətnaməsinin layihəsini hazırlayıb. Sənəd üzv ölkələri böhtana görə cinayət təqibini ləğv etməyə, mətbuatın yayımı azadlığını genişləndirməyə, jurnalistlərə qarşı fiziki təzyiq faktlarını fəal şəkildə araşdırmağa və bu əməllərdə təqsirli olanları cəzalandırmağa çağırır ("Turan").
"Azad mətbuat istənilən demokratik cəmiyyət üçün çox vacibdir. Buna görə avtoritar rejimlər reportyorları belə tez-tez təqibə məruz qoyur", - deyə komissiyanın rəhbəri Kardin bildirib.
"Bu qətnamə ölkələrin ifadə azadlığını məhdudlaşdıran qanunvericiklərdə dəyişikliklər etməsinə, İnternet-saytların bağlanmasına, jurnalistlərə qarşı fiziki və digər təzyiqlərə son qoymasına təkan verəcək", - deyə o vurğulayıb.
Qətnamə bu şənbə günü ATƏT Parlament Assambleyasının iclasının Yekun Sənədinə əlavə ediləcək. Forum Osloda keçirilir və sənəd şərti olaraq "Oslo Bəyannaməsi" adlanacaq.
56 ölkədən, o cümlədən Azərbaycandan olan parlamentarilər bu sənədə səs verəcəklər. "Turan"a məlum olub ki, vitse-spiker Bahar Muradovanın rəhbərlik edəcəyi Azərbaycan heyətinin tərkibinə Rəbiyyət Aslanova, Eldar İbrahimov, Fazil Mustafayev, Fəttah Heydərov, Azay Quliyev daxil olacaq.
Qeyd edək ki, ATƏT-də sənədlər konsensusla qəbul edilir. Əgər Azərbaycan heyəti qətnaməni dəstəkləməkdən imtina etsə, bütünlüklə ATƏT-ə qarşı çıxmış olacaq. Amma əgər Bakı sənədi dəstəkləsə, ifadə və mətbuat azadlığı sahəsində üzərinə daha bir beynəlxalq öhdəlik götürəcək. Lakin indiyədək ölkə hakimiyyəti böhtana görə cinayət təqibini ləğv etməkdən qətiyyətlə imtina edib və bunu mümkünsüz sayıb.
Helsinki Komissiyası ATƏT məkanında Helsinki Aktının həyata keçirilməsinə və insan hüquqları və demokratiyanın dəstəklənməsinə nəzarət edən müstəqil qurumdur.
Komissiya üzvləri 9 senator, 9 konqresmen və ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi və Ticarət Nazirliyinin hər birinin bir nümayəndəsidir.
|