Rusiyanın qara təbliğatı və Azərbaycandan onlara qoşulmuş bəzi media orqanlarının qonşu Gürcüstanı nə qədər pis fonda təqdim etməyə çalışsa da, bu ölkənin uğurları dünyanın gözündən yayınmır. Bu uğurları ABŞ dövlət katibi Hillari Klinton da Tbilisidə keçirdiyi brifinqdə qeyd etdiyi də gözdən qaçmadı. Hillari Klinton qeyd edib ki, "Biz Gürcüstanın iqtisadiyyatda və demokratikləşmə prosesində uğurlarını qiymətləndiririk". ABŞ dövlət katibi bu ölkədə aparılan islahatların parlaq nəticələri sırasında korrupsiyanın səviyyəsinin azalmasını və iqtisadi göstəricilərin artmasını ayrıca qeyd etmişdir.
Birləşmiş Ştatlar Gürcüstanı "qızılgül inqilabı" ilə başlayan islahatları davam etdirməyə çağırır. Hillari Klinton brifinqdə demişdir ki, onun ölkəsi Gürcüstanda demokratik proseslərin gücləndirilməsi, daha azad və təhlükəsiz bir ölkə qurulması üçün öz tərəfdaşlarına yardım göstərmək üçün hər şey edəcəkdir. Dövlət katibi demişdir: "Gürcüstan bizim dostumuz, tərəfdaşımızdır. Biz həm sülh, həm də savaş zamanı onu dəstəkləyirik. Biz istəyirik ki, Gürcüstan ərazi bütövlüyünə və demokratiyaya nail olsun".
Klintonun Tbilisidə söylədikləri sırasında diqqəti çəkən məqamlardan biri də o oldu ki, ABŞ qonşu Rusiya qoşunlarının Gürcüstanın münaqişəli bölgələrində qalma məsələsini diqqətlə izləyir və Vaşinqton bu fikirdədir ki, bu qoşunlar atəşkəs barədə sazişə uyğun olaraq həmin bölgələrdən çıxarılmalıdır. Vaşinqton Rusiya qoşunlarının Abxaziya və Güney Osetiyada qalmasını atəşkəs haqqında sazişə zidd hesab edir. "Rusiya imzaladığını yerinə yetirməlidir", - deyə ABŞ dövlət katibi vurğulamışdır.
Bəlli olduğu kimi, bizə qonşu olan bu ölkənin iki vilayətinin Rusiya tərəfindən işğalında bu şimal ölkəsinin neoimperiya mahiyyətli "təsir sahəsi" barədə təfəkkürü ilə haqq qazandırılır. Hillari Klinton bu məsələyə də toxunub və deyib ki, təsir sahəsi ilə bağlı təfəkkürü ABŞ qətiyyətlə rədd edir. "Biz elə bir zəmanədə yaşayırıq ki, müstəqil suveren ölkələr özləri hansı qurumlara daxil olmaq və hansı qurumların xalqın maraqlarına xidmət etməsi ilə bağlı qərar qəbul etmək hüququna malikdir", - deyə dövlət katibi qeyd etmişdir.
Əlbəttə, beynəlxalq hüququn nəzəri müddəaları baxımından bu belədir. Amma Rusiyanın qonşulara münasibətdə öz fikri var, "təsir sahəsi" bu işlərdə onun karına gəlir və ondan asanlıqla əl götürən deyildir. Əks halda, onun Gürcüstanın ərazisi kimi tanınan Abxaziya və Güney Osetiyada nə işi vardı?
|